Nadir Azəri: Erməni kilsəsinin “təmizlənməsinə” katalikosluğun tarixən xristian alban-qıpçaqlarına məxsus olan ərazidən ermənilərin özlərinə məxsus olan və yeni tikiləcək kilsəyə köçürülməsi ilə başlamaq lazımdır
BAYRAQDAR MEDİA – “Artıq uzun müddətdir ki, Ermənistanda siyasi gərginlik müşahidə olunur. Hakimiyyətlə, xüsusilə də Nikol Paşinyan komandası ilə başda II Qaregin olmaqla Moskva yönlü dini dairələr arasında ciddi qarşıdurma davam edir. Parlament seçkilərinin yaxınlaşması isə bu gərginliyin daha da dərinləşəcəyini deməyə əsas verir”.
Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri deyib.
Moskvanın hərtərəfli dəstəyini görən Qriqoryan Kilsəsi həm Ermənistanda antitürk siyasətinin həyata keçirilməsinə “dini-mənəvi” rəhbərlik edib
Onun sözlərinə görə, bu proses təsadüfi deyil: “Məlumdur ki, Ermənistan tarixən – istər çar Rusiyası dövründə, istərsə də sonrakı mərhələlərdə Kremlin regiondakı əsas təsir və təzyiq mərkəzlərindən biri olub. Xüsusilə Erməni Qriqoryan Kilsəsi uzun illər Rusiyanın siyasi təsir aləti funksiyasını yerinə yetirib. Moskvanın hərtərəfli dəstəyini görən Qriqoryan Kilsəsi həm Ermənistanda antitürk siyasətinin həyata keçirilməsinə “dini-mənəvi” rəhbərlik edib, həm də ölkə daxilində, belə deyək ki, “cızığından çıxan” hakimiyyətləri “yoluna”, yəni Rusiyanın əmrlərini icra etmək yoluna qaytarıb. Bu gün isə kilsə eyni formada Paşinyan komandasına qarşı təzyiqlər göstərir”.
Nikol Paşinyan qısa bir manevrlə Kremlin adamı II Qaregi “oyundankənar vəziyyət”ə sala bilər
CASCFEN sədri bildirib ki, Paşinyan hakimiyyəti ilə Kremlin münasibətlərinin gərgin olması Rusiyanın seçkiqabağı dövrdə Ermənistan daxilindəki bütün təsir və təzyiq mexanizmlərini işə salmasına səbəb olub: “Bu təsir və təzyiq isə yalnız siyasi müstəvidə deyil, eyni zamanda dini xətt üzərindən, məhz II Qaregin vasitəsilə həyata keçirilir. Paşinyan və komandası bu reallığı yaxşı anlayır və məhz buna görə də II Qareginin təsir imkanlarını zəiflətmək, onu bu və ya digər formada neytrallaşdırmaq istiqamətində addımlar atır. Prosesin növbəti mərhələsində hansı qərarların veriləcəyi yaxın vaxtlarda aydınlaşacaq. İndilikdə isə Nikol Paşinyan qısa bir manevrlə Kremlin adamı II Qaregi “oyundankənar vəziyyət”ə sala bilər”.
Ermənistana həm də real, yəni ermənilərin özünün olan kilsə lazımdır
Nadir Azəri bunun üçün Nikol Paşinyana təklif də ünvanlayıb: “Bu kontekstdə mən Ermənistan rəhbərliyinə, xüsusilə də baş nazir Nikol Paşinyana konkret bir təklif irəli sürmək istəyirəm. Erməni Qriqoryan Kilsəsinin xarici kəşfiyyat orqanlarının təsirindən təmizlənməsi və onun daha real şəkildə dinə, o cümlədən Ermənistan dövlətçiliyinə xidmət edən bir dini mərkəzə çevrilməsi üçün yeni kilsə tikilməli və ölkə daxilindəki katalikosluk Eçmiədzindən yeni tikiləcək kilsəyə köçürülməlidr. Bu zaman Ermənistan Qriqoryan Kilsəsi həm mənəvi, həm də elə tarixi-siyasi baxımdan saflaşmış olar”.
CASCFEN sədri vurğulayıb ki, saflaşma məsələsini qabartmaq heş də təsadüfi deyil: “Belə deyək ki, real Ermənistan kontekstində Ermənistana həm də real, yəni ermənilərin özünün olan kilsə lazımdır. Eçmiədzində (Üçkilsədə) yerləşən kilsə isə tarixən xristian alban-qıpçaqlarına aid olmuş ərazidə yerləşir, hətta bəzi mənbələrə görə elə xristian alban-qıpçarlarına məxsus olub. Ümumiyyətlə, bəzi tarixi məlumatlara, o cümlədən Matenadaranda saxlanan alqı-satqı sənədlərinə görə, hələ 1431-ci ildə Ağqoyunlu Yaqub padşahın ərazi üzrə nümayəndəsi Əmir Rüstəm 7 kəndi, o cümlədən hazırda erməni katolikosluğunun mərkəzi olan Eçmiədzin kilsəsinin yerləşdiyi və 1945-ci ildən Vağarşabad adlandırılan Üçkilsə kəndini İranın Maku şəhərindən olan erməni Qriqor Makuluya 530 min Təbriz dinarına satıb. 1443-cü ildə isə Sis (Kilikya) şəhərindən erməni dini katedrası bura köçürülüb. Deməli, hazırda katalikosluğun yerləşdiyi Üçkilsə ərazisi qədim tarixdən ermənilərə məxsus olmayıb. Eyni zamanda elə kilsə də tarixən ermənilərə məxsus olmayıb. Bu kilsənin bəzi mənbələrə görə atəşpərəst məbədi, bəzi mənbələrə görə isə xristian alban-qıpçaqlarına məxsus bir kilsə əsasında tikildiyi, yaxud formalaşdırıldığı qeyd edilir. Bu məqamda onu da xatırladaq ki, bəzi məlumatlar görə, Eçmiədzin kilsəsində məhz qıpçaq dilində erməni əlifbası ilə olan dini mətnlər bu gün də qalmaqdadır. Bu isə kilsə və onun yerləşdiyi ərazinin tarixi kökünün məhz xristian alban-qıpçaqlarına bağlı olduğunu deməyə əsas verir”.
Bu, bir tərəfdən II Qaregin faktorunun zərərsizləşdirilməsinə, digər tərəfdən isə Ermənistanın dini idarəçiliyinin xarici kəşfiyyat təsirlərindən təmizlənməsinə xidmət edə bilər
N.Azəri deyib ki, bütün bunların fonunda, rəsmi Yerevanın atacağı addım heç də çətin olmamalıdır. Yəni, əgər bu gün Ermənistanda kilsənin “təmizlənməsi”nə başlanılıbsa, ilk addım buradan atılsın. Qısası, indi Paşinyan real və müstəqil Ermənistan qurmaq niyyətinin dorğu, səmimi olub-olmadığını sübut etmək üçün daha bir şans əldə edib. Bu şans da ondan ibarətdir ki, Paşinyan və gerçək müstəqil Ermənistan qurmaq istəyənlər tez bir zamanda müstəqil, özü də yeni bir kilsənin tikilməsini reallaşdırsınlar, katalikosluğu Eçmiədzindən müstəqil, həm də əsl erməni kilsəsi olacaq o dini məbədə köşürsünlər. Çünki hazırda Eçmiədzində yerləşən kilsə ermənilər üçün doğma dini mərkəz ola bilməz”.
CASCFEN sədri deyib ki, bu addım bir tərəfdən II Qaregin faktorunun zərərsizləşdirilməsinə, digər tərəfdən isə Ermənistanın dini idarəçiliyinin xarici kəşfiyyat təsirlərindən təmizlənməsinə xidmət edə bilər. Ən əsası isə, Ermənistanın dini mərkəzi ilk dəfə olaraq doğrudan da sıfırdan tikilmiş, ermənilərin özlərinin olduğu və yalnız erməni dövlətçiliyinə xidmət edən bir məkanda fəaliyyət göstərmiş olar”.
Bu təklif heç də “Eçmiədzin Ermənistandan ayrılsın” kimi qəbul edilməməlidir
N.Azəri sonda “yəqin ki, Ermənistandakı Rusiya siyasətinə xidmət edən bəlli dairələr, o cümlədən revanşistlər bu təklifi süngü ilə qarşılayacaqlar. Heç şübhəsiz onlar bunu güya Ermənistana ərazi iddiası kimi də qələmə verməyə cəhd göstərə bilərlər. Məhz buna görə də xüsusi olaraq qeyd edirəm ki, bu təklif heç də “Eçmiədzin Ermənistandan ayrılsın” kimi qəbul edilməməlidir. Bu təkilfi verməkdə məqsədimiz Ermənistan Qriqoryan Kilsəsisinin həm siyasi, həm dini, həm də xarici kəşfiyyat baxımından “təmizlənməsi” üçün Paşinyan hakimiyyətinə bir yol göstərməkdir” deyə əlavə edib.





