Press "Enter" to skip to content

Türk dünyası hər zaman bir olmalıdır -VİDEO

Tədbirdən foto

Bakıda keçirilən tədbirdə bununla bağlı çağırışlar edilib

BAYRAQDAR MEDİA – Tarix boyu xalqlar öz torpaqlarının azadlığı, dövlətlərinin müstəqilliyi və suverenliyi üçün, eləcə də milli varlıqlarını qorumaq naminə mübarizə aparıblar. Bu mübarizələr zamanı çoxsaylı şəhidlər verilib. Türk xalqlarının tarixi də bu baxımdan istisna deyil. Məkanlar və zamanlar fərqli olsa da, bu şəhidlərin amal və məqsədi hər zaman eyni olub: azadlıq, müstəqillik və suverenlik.

Açılış zamanı
Açılış zamanı

Biz bunu həm qədim tarix mənbələrindən oxuyur, həm də müasir dövrdə canlı şahidi oluruq. Bir zamanlar Çanakkaledə, başqa dövrlərdə müxtəlif coğrafiyalarda aparılan savaşlar, verilən şəhidlər bu müqəddəs mübarizənin nümunəsidir. Təsadüfi deyil ki, eyni ruh və qətiyyət Türkiyədə 15 iyul hadisələrində, Azərbaycanda isə 44 günlük Vətən müharibəsində də özünü göstərdi. Qardaş ölkədə xalq meydanlara çıxaraq Türkiyə Cümhuriyyətini qorudu, dövlətin işğalçı niyyətlərin nəzarətinə düşməsinə imkan vermədi və bu yolda çoxsaylı şəhidlər verdi.

Eyni zamanda, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı da vahid yumruq kimi birləşərək, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında misilsiz bir qələbə qazandı. Qısa müddət ərzində işğalçı qüvvələr darmadağın edildi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bütün bu faktlar bir daha sübut edir ki, türk dünyası var olduqca öz azadlığı, suverenliyi və müstəqilliyi uğrunda hər zaman mübarizəyə hazırdır. Bu yolda türk insanı ya qazi, ya da şəhid olmağı şərəf hesab edir. Fevral 3-də “15 İyul xain çevriliş cəhdinin beynəlxalq ictimaiyyətə çatdırılması” layihəsi çərçivəsində Bakıda təşkil edilən tədbirin mahiyyətində də məhz bu ideya dayanırdı.

Cengiz Aygör: Azərbaycan – Türkiyə münasibətlərinin ictimai diplomatiya müstəvisində daha da gücləndirilməsi vacibdir

Məlumat üçün bildirək ki, UİD Azərbaycan tərəfindən səhər yeməyi proqramı şəklində təşkil edilən tədbirdə 150-yə yaxın müxtəlif sahələr üzrə fəaliyyət göstərən iş adamları, Türkiyədən Azərbaycana gəlib çalışan peşəkar şəxslər, media nümayəndələri və şəhid ailələri üzvləri iştirak edirdilər.

Çengiz Aygör
Çengiz Aygör

Türk dünyası şəhidlərinin əziz xatirəsinin yad edilməsi ilə başlanan tədbirdə Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Birol Akgün, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer, həmçinin Türkiyədən qonaq qismində 15 Temmuz Şehitler ve Gaziler Derneğinın rəhbəri və nümayəndə heyəti iştirak edirdilər.

Açılış nitqi edən UID Azərbaycan rəhbəri Cengiz Aygör dedi ki, proqramın əsas məqsədi həm şəhidlərin ruhunu yad etmək, şəhidlərlə bağlı həqiqətləri bölüşmək, həm də UİD Azərbaycanın fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat vermək, təşkilatın missiyasını və həyata keçirdiyi layihələri təqdim etməklə birliyi ictimaiyyətə daha yaxından tanıtmaqdır.

Media təmsilçiləri
Media təmsilçiləri

O, çıxışında UID-nin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, UID 2004-cü ildə Almaniyanın Köln şəhərində “Avropalı Türk Demokratlar Birliyi” (UETD) adı ilə təsis olunmuş, sonradan dünyanın müxtəlif ölkələrindən gələn tələblərə cavab verə bilmək məqsədilə 20 may 2018-ci ildə Bosniya və Herseqovinada keçirilən 6-cı Növbəti Ümumi Qurultayında adını Union of International Democrats (UID) olaraq yeniləyərək fəaliyyət dairəsini genişləndirmiş bir vətəndaş cəmiyyəti təşkilatıdır. UID əsasən Avropada, ümumilikdə isə xaricdə yaşayan türk cəmiyyəti və qohum topluluqların üzləşdiyi sosial, siyasi və mədəni problemlərə həll yolları tapmağı hədəfləyir.

Çıxışında beynəlxalq əməkdaşlıqlardan da bəhs edən Ç.Aygör “Azərbaycan – Türkiyə münasibətlərinin ictimai diplomatiya müstəvisində daha da gücləndirilməsi vacibdir” dedi.

İsmail Hakkı Turunç: 15 İyul Dərnəyinin məqsədi ölkəmizdə demokratiya naminə yaşadıqlarımızın unudulmaması və gələcək nəsillərə ötürülməsidir

Sonra çıxış edən 15 Temmuz Şehitler ve Gaziler Derneğinin sədri İsmail Hakkı Turunç rəhbrəlik etdiyi qurum haqqında məlumat verdi. O, qeyd etdi ki, 15 İyul Dərnəyinin məqsədi ölkəmizdə demokratiya naminə yaşadıqlarımızın unudulmaması və gələcək nəsillərə ötürülməsidir.

15 iyul hadisələrinə həsr edilən fotosərgiyə baxış zamanı
15 iyul hadisələrinə həsr edilən fotosərgiyə baxış zamanı

Dərnək sədri qeyd etdi ki, 15 iyulda Türkiyədə küçələrə çıxan insanlar Türkiyə dövləti uğrunda mübarizə aparırdı.

İsmayıl Hakkı Turunç tədbirdən sonra keçirilən mətbuat konfransında çıxış edərkən
İsmayıl Hakkı Turunç tədbirdən sonra keçirilən mətbuat konfransında çıxış edərkən

“Bu yolda 753 şəhid verdik, 2800-dən çox qazimiz oldu. Çevrilişin məqsədi Türkiyəni parçalamaq idi. Bizə əmanət edilən torpaqları qorumaq üçün ən qiymətli varlığımız olan canımızı ortaya qoyduq Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın cəsarəti və xalqın dəstəyi sayəsində ölkəsinin parçalanmasının qarşısı alınıb”.

Ufuk Arca Turganer: Ana Vətən Türkiyədə xalq öz dövlətinin azadlığı və müstəqilliyi naminə ayağa qalxaraq qara niyyətin qarşısında canlı sipər oldu

KKTC-nin Bakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer də çıxışında türk dünyasının birliyini vacibliyindən bəhs etdi.

Ufuk Arca Turganer
Ufuk Arca Turganer

FETÖ terror təşkilatının 15 iyul çevriliş cəhdinə də toxunan diplomat dedi ki, 15 iyul dövlət çevrilişi cəhdinin məqsədi açıq və birmənalı idi: “Türkiyə Cümhuriyyətinin müstəqilliyinə, dövlətçiliyinə və milli iradəsinə son qoymaq. Terror şəbəkəsi tərəfindən həyata keçirilən bu qanunsuz və anti-demokratik cəhd ölkədə çevriliş yolu ilə hakimiyyəti ələ keçirməyə yönəlmişdi. Lakin ana Vətən Türkiyədə xalq öz dövlətinin azadlığı və müstəqilliyi naminə ayağa qalxaraq bu qara niyyətin qarşısında canlı sipər oldu”.

Birol Akgün: Eyni coğrafiyanı paylaşan türk xalqı olaraq biz həmişə bir-birimizin dəyərini bilmişik

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün dedi ki, eyni coğrafiyanı paylaşan türk xalqı olaraq biz həmişə bir-birimizin dəyərini bilmişik: “Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin qarşılıqlı diqqət və dəstəyi sayəsində aramızda çox yaxın əməkdaşlıq mövcuddur”.

Birol Akgün
Birol Akgün

“Biz bunu xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin prosesi addım-addım izləməsində açıq şəkildə gördük. İyulun 15-də gecə türk xalqının nümayiş etdirdiyi dirəniş ruhunun eyni şəkildə azərbaycanlı qardaşlarımız tərəfindən də yaşandığını müşahidə etdik” deyə səfir əlavə etdi.

Tədbir çərçivəsində iştirakçılar arasında fikir mübadiləsi aparıldı, gələcək əməkdaşlıq imkanları müzakirə olunub və qarşılıqlı əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulandı.

Sonda Türkidən gələn qonalq media təmsdilçilərinin suallarını cavablandırdılar.

Mission News Theme by Compete Themes.