Press "Enter" to skip to content

UID bərabər vətəndaşlıq, demokratik iştirak və multikulturalizm kimi dəyərləri müdafiə edir

Çingiz Aygör

Çingiz Aygör: UID əsasən Avropada, ümumilikdə isə xaricdə yaşayan türk cəmiyyəti və qohum topluluqların üzləşdiyi sosial, siyasi və mədəni problemlərə həll yolları tapmağı hədəfləyir

BAYRAQDAR MEDİA – “UID 2004-cü ildə Almaniyanın Köln şəhərində “Avropalı Türk Demokratlar Birliyi” (UETD) adı ilə təsis olunmuş, sonradan dünyanın müxtəlif ölkələrindən gələn tələblərə cavab verə bilmək məqsədilə 20 may 2018-ci ildə Bosniya və Herseqovinada keçirilən 6-cı Növbəti Ümumi Qurultayında adını Union of International Democrats (UID) olaraq yeniləyərək fəaliyyət dairəsini genişləndirmiş bir vətəndaş cəmiyyəti təşkilatıdır. UID əsasən Avropada, ümumilikdə isə xaricdə yaşayan türk cəmiyyəti və qohum topluluqların üzləşdiyi sosial, siyasi və mədəni problemlərə həll yolları tapmağı hədəfləyir”.

BAYRAQDAR MEDİA xəbər verir ki, bunu “UİD Azərbaycan”ın rəhbəri Çengiz Aygör deyib.

O, bildirib ki, dünyanın 30-dan çox ölkəsində təmsilçiyi olan UID miqrant mənşəli fərdlərin yaşadıqları cəmiyyətlərə inteqrasiyasını dəstəkləməklə yanaşı, irqçilik, islamofobiya, ksenofobiya, eləcə də irqi və dini ayrı-seçkiliyə əsaslanan hər cür düşmənçilik formaları ilə mübarizə aparır: “Təşkilat bərabər vətəndaşlıq, demokratik iştirak və multikulturalizm kimi dəyərləri müdafiə edir. Qadınların və gənclərin ictimai həyatda daha güclü və fəal şəkildə iştirakını təmin edən layihələrə xüsusi önəm verir”.

Qeyd edilib ki, UID yarandığı gündən etibarən, başda Avropa olmaqla, dünya miqyasında türk və miqrant mənşəli fərdlərin öz mədəni kimliklərini qorumaqla yanaşı, yaşadıqları cəmiyyətlərin ayrılmaz tərkib hissəsi kimi sosial, siyasi və mədəni həyata fəal iştirakını artırmaq istiqamətində fəaliyyət göstərən bir vətəndaş cəmiyyəti təşkilatıdır: “Bu prosesdə ayrı-seçkiliklə mübarizə, multikulturalizmin təşviqi, bərabər vətəndaşlıq hüquqlarının müdafiəsi və demokratik iştirakın gücləndirilməsi əsas məqsədlər sırasındadır. UID-nin fəaliyyət sahələri ictimai sülh və harmoniyanın təşviqindən tutmuş, ikili vətəndaşlıq hüquqlarının tanınması, İslamın rəsmi din kimi qəbul edilməsi, miqrantların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi kimi geniş bir spektri əhatə edir”.

UID-nin vizyonuna gəlincə Ç.Aygör deyib ki, təşkilatın vizyonu fərqli millətlərə, mədəniyyətlərə və dinlərə mənsub insanların cəmiyyətin bütün sahələrində bərabər hüquqlarla iştirak edən və cəmiyyəti formalaşdıran fərdlər olmasıdır: “Bu vizyona nail olmaq məqsədilə UID, türklərin və qohum topluluqların yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiyasını dəstəkləyən layihələr hazırlayır, qarşılıqlı anlayışa və fərqliliklərə hörmətə əsaslanan institusional fəaliyyətlər həyata keçirir. UID bu fəaliyyətlər vasitəsilə təmsil etdiyi qrupların ehtiyac və hüquqlarına həssas yanaşan bir vətəndaş cəmiyyəti təşkilatı olmağı, mövcud stereotipləri aradan qaldırmağı və cəmiyyətin rifahı naminə dünya miqyasında müxtəlif qurumlarla əməkdaşlıq etməyi qarşısına məqsəd qoyur”.

O da bildirilib ki, UID-nin fəaliyyəti ictimai sülhün təşviqi, ayrı-seçkiliklə mübarizə, multikulturalizmin dəstəklənməsi və demokratik iştirakın artırılması kimi geniş bir sahəni əhatə edir: “UID-nin əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir: İctimai sülh və uyum, İrqçiliklə və ayrı-seçkiliklə mübarizə, Multikulturalizmin təşviqi, Bərabər vətəndaşlıq və demokratik iştirak, Miqrantların ictimai həyatda iştirakı, İkidilli təhsil, ana dilinin və mədəni irsin qorunması və Himayədar ailə sisteminin yayğınlaşdırılması. UID bütün bu fəaliyyət sahələri və layihələr vasitəsilə cəmiyyətin hər təbəqəsindən olan fərdlərin bərabər hüquqlara malik olmasına, mədəni müxtəlifliyin qorunmasına və ictimai sülhün təşviqinə töhfə verməyə çalışır. Bu səylər eyni zamanda miqrant mənşəli icmaların yaşadıqları ölkələrdə sosial, siyasi və mədəni inteqrasiya proseslərinə də mühüm töhfə verir”.

Mission News Theme by Compete Themes.