Press "Enter" to skip to content

Əbu-Dabi görüşündə vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri alqışlanıb

Nadir Azəri

Nadir Azəri: Bu, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti institutları qarşısında yeni vəzifələr müəyyənləşdirir

BAYRAQDAR MEDİA – “Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında fevralın 4-də Əbu-Dabidə keçirilən görüş həm regional, həm də beynəlxalq müstəvidə mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Xüsusilə dünyanın müxtəlif coğrafiyalarında müharibələrin, silahlı toqquşmaların və sülh təşəbbüslərinin dalana dirəndiyi bir dövrdə bu görüş, qlobal ictimaiyyətə açıq və aydın bir mesaj verdi: davamlı sülh yalnız qətiyyətli siyasi iradə və real dialoq yolu ilə mümkündür”.

QHT.az xəbər verir ki, bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir Azəri deyib.

N.Azəri bildirib ki, bu görüş ümumilikdə həm region, həm də dünya üçün müsbət məqamlarla zəngindir: “Lakin mən xüsusilə bir məqamın üzərində dayanmaq istəyirəm. Söhbət tərəflərin vətəndaş cəmiyyətləri arasında təmasların davam etdirilməsinə dair mövqelərinin ifadə olunmasından gedir. Rəsmi məlumatlardan da göründüyü kimi Əbu-Dabi görüşündə tərəflər vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər. Hesab edirəm ki, bu mühüm önəm kəsb edir”.

N.Azəri əlavə edib ki, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında qarşılıqlı səfərlərin və dialoq təşəbbüslərinin gündəmə gəlməsi regionda etimad mühitinin formalaşması baxımından mühüm addımdır: “Bu cür təmaslar illərlə davam edən qarşıdurmanın yaratdığı psixoloji baryerlərin aradan qaldırılmasına xidmət edir. Vətəndaş cəmiyyəti nümayəndələrinin birbaşa ünsiyyəti sülh prosesinin yalnız siyasi platformalarla məhdudlaşmamalı olduğunu göstərir. Bu proses, eyni zamanda, uzunmüddətli sülhün sosial əsaslarının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Digər tərəfdən, belə deyə bilərik ki, bu, hər iki ölkənin vətəndaş cəmiyyəti institutları qarşısında yeni vəzifələr müəyyənləşdirir. Çünki, Əbu-Dabi görüşündə bu məsələyə xüsusi vurğu edilməsi o deməkdir ki, növbəti mərhələdə vətəndaş cəmiyyəti institutları daha məsuliyyətli, daha peşəkar və daha diqqətli şəkildə fəaliyyət göstərməlidirlər. Bu baxımdan Azərbaycan vətəndaş cəmiyyəti institutlarının qarşısında hər hansı bir çətinlik görmürəm. Azərbaycan vətəndaş cəmiyyəti həm müharibədən əvvəlki dövrdə, həm müharibə zamanı, həm də Xankəndi-Laçın yolunda keçirilən və artıq tarixə düşmüş ekoloji aksiya zamanı dövlətin və xalqın milli maraqlarına sadiqliklərini əməli şəkildə sübut ediblər. Məhz bu təcrübəyə əsaslanaraq böyük əminliklə deyə bilərik ki, Azərbaycan vətəndaş cəmiyyəti institutları yeni mərhələdə də üzərlərinə düşən missiyanı uğurla yerinə yetirəcəklər”.

Mission News Theme by Compete Themes.