BAYRAQDAR MEDİA – Deyilənlərə görə, bir gün bir əqrəb çayın o biri tərəfinə keçmək üçün tısbağadan kömək istəyir. Ancaq tısbağa əqrəbin ona zərər verəcəyini düşünərək bu istəyi rədd edir. Əqrəb isə öz növbəsində tısbağaya əsla toxunmayacağını, məqsədinin sadəcə çayın o biri tərəfində olan balalarının yanına getmək olduğunu söyləyir. Tısbağa da əqrəbə inanıb onu belinə alaraq çayın o biri tərəfinə keçirir.
Çayın ortasına gələn kimi əqrəb tısbağanı sancır. Acı içində qalan tısbağa əqrəbdən bunu nə üçün etdiyini soruşur. Əqrəbin cavabı isə çox maraqlı olur: “Sənin xarakterin yaxşılıq etməkdir, mənim xasiyyətim isə sancmaqdır. Nə edim, mənim təbiətim budur”.
Türkiyədə sayları az da olsa, bəzən qarşılaşdığımız kəsimlər var ki, Azərbaycanı məzhəbçilikdə və iranpərəstlikdə ittiham edirlər. Bu sözləri deyənlər çox zaman ya qeyri-türk olur, ya da türk milliyyətçiliyinin qatı düşməni. Eyni zamanda gündəlik siyasətin təsiri altına düşür, onlara nə göstərilirsə, nə deyilirsə düşünmədən, şüursuz şəkildə inanırlar.
Bu qrupdakı şəxslərə baxırsan ki, bilərəkdən və ya bilməyərəkdən Türkiyənin açıq düşmənlərinin təbliğatına uyaraq Türkiyənin xeyrinə olan nə qədər iş varsa, hamısına qarşı çıxırlar. Türkiyənin dostlarına və Türkiyəni sevənlərə düşmən, Türkiyə düşmənlərinə isə dost olurlar. Bunu bilən qarşı tərəf də bu qrupları öz xeyrinə sağa-sola yönləndirir.
Heç kəsə sirr deyil ki, İran açıq-aşkar Türkiyəni sevmir, ona həsəd aparır və bölgədə böyük güc olmasına qarşı çıxır. İranın bu düşmənliyi təkcə Türkiyə dövlətinə deyil, ümumilikdə türk millətinə qarşıdır. Əlbəttə, Azərbaycan da bundan öz payına düşəni alır. Türkiyə ilə Azərbaycanın bir-birinə yaxınlaşmasının İranı necə narahat etdiyini siz düşünün.
Yuxarıda bəhs etdiyim Türkiyədəki Azərbaycan əleyhinə olan qrupların demək olar ki, hamısı ya İrandan dəstəklənir, ya da İranla əlaqəlidir. Qəribə olan isə budur ki, bəzən elə bu kəsimlər Azərbaycanı iranpərəstlikdə ittiham edirlər. Eyni şəxslər bir də görürsən ki, İran dar vəziyyətə düşəndə ən qatı iranpərəstdən də daha artıq iranpərəst olurlar. Adam həqiqətən mat qalır.
Guya bunu İsrailə və ABŞ-yə qarşı etdiklərini deyirlər. Halbuki həmin İran ABŞ və İsrail, İraqa və Əfqanıstana girəndə onlara ən böyük dəstəyi verən ölkələrdən biri olmuşdu. Bunu mən demirəm, birbaşa İranın sabiq prezidenti Mahmud Əhmədinejad deyir: “Amerika İranın şər oxunun bir hissəsi olduğunu dedi. Halbuki İran Əfqanıstan və İraqda onlarla ən çox əməkdaşlıq edən ölkə idi”.
Bundan başqa, İranın Amerikaya verdiyi dəstəklər sənədli və sübutlu faktlardır. Eyni şəkildə, Türkiyənin bütün səmimi münasibətinə və xoş siyasətinə rəğmən, Suriyada da, Azərbaycanda da, İraqda da Türkiyənin qarşısına çıxan yenə İran idi.
Günümüzə gəldikdə isə vəziyyət yenə oxşardır. İran ağır vəziyyətdə qalanda min bir xahişlə Türkiyədən kömək istədi. İran, xarici işlər nazirini tələsik Türkiyəyə göndərdi. Türkiyə isə İranın etdiyi bütün xəyanətlərə baxmayaraq ABŞ ilə vasitəçilik etdi.
Son dəqiqəyə qədər İstanbulda razılaşdırılan görüşdən İran qəfil imtina edərək məkanı Oman olaraq dəyişdirdi. Yəni Türkiyənin bütün insaniyyətinə və xoş niyyətinə baxmayaraq İran yenə öz xislətini göstərdi.
Bəziləri deyir ki, Türkiyə Amerikaya yaxın olduğu üçün İran imtina edib. Bunu deyənlərə sual vermək lazımdır: Amerika Türkiyəyə yaxındır da Omana uzaqdırmı? Türkiyə lazım gəldikdə yumruğunu masaya vura bilən dövlətdir. Bəs ərəb ölkələri? Üstəlik, Türkiyə bölgə ölkəsidir və İranla qonşudur. Əgər doğrudan da problem təhlükəsizlik idisə, Türkiyə heç vaxt İranda xaosa göz yummaz. Bəs Oman necə? Onun belə bir qayğısı varmı? Əlbəttə, yox.
Bütün bunlar İranın Türkiyəyə qarşı növbəti badalağıdır.
Biz nə qədər xoş niyyət göstərsək də, nə qədər yaxşılıq etsək də əqrəbin təbiəti dəyişmir; əqrəb yenə sancır.





