BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) “Təcrübə proqramı – 2025” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin bir qrup tələbəsinə sertifikatlar təqdim edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “3 ay müddətində həyata keçirilən təcrübə proqramında Agentliklə memorandum imzalamış Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Bakı Biznes Universiteti və digər ali təhsil müəssisələrinin sosial iş, psixologiya və s. ixtisasları üzrə təhsil alan tələbələri iştirak ediblər. Proqram çərçivəsində təcrübəçilər SXA-nın müxtəlif struktur bölmələrində istehsalat və elmi-tədqiqat təcrübəsi keçib, peşəkar mentorlardan dəstək alıblar, sosial xidmət sahəsində real iş mühiti ilə yaxından tanış olmaq imkanı əldə ediblər”.
Təcrübə proqramı tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsinə, peşəkar inkişafına və gələcək əmək fəaliyyətinə hazırlığına mühüm töhfə vermək məqsədilə təşkil edilib.
Yekunda proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.





