Press "Enter" to skip to content

Iğdırda gənclər Xocalı üçün yarışacaq

Serdar Ünsal

BAYRAQDAR MEDİA – Türkiyə–Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) və Iğdır Azərbaycan Evi Dərnəyi Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə liseylər arasında rəsm, şeir, inşa və hekayə müsabiqəsi təşkil edir.

Bu barədə Federasiyanın məlumatında qeyd edilib.

Bildirilib ki, TADDEF və Iğdır Azərbaycan Evi Dərnəyi tərəfindən artıq ənənə halını almış liseylərarası müsabiqə bu il 13-cü dəfə keçirilir.

Müsabiqə ilə bağlı açıqlama verən TADDEF Baş sədrinin müavini və Iğdır Azərbaycan Evi Dərnəyinin sədri Serdar Ünsal, Xocalıda baş verən hadisələrin dünya tarixinə qara ləkə kimi düşdüyünü vurğulayıb: “Bu il Xocalı faciəsinin 34-cü ildönümüdür. 1992-ci ildə azad dünyanın gözü qarşısında sırf türk olduqları üçün qətlə yetirilən ‘Xocalı şəhidlərini’ anmaq məqsədilə hekayə, şeir, inşa və rəsm sahələri üzrə müsabiqəmizi başlayırıq. Məqsədimiz ermənilərin Qarabağda və Xocalıda törətdikləri qeyri-insani qətliamları gündəmdə saxlayaraq gənclərimizi maarifləndirməkdir.”

S.Ünsal erməni vəhşiliyinin təkcə 1992-ci illə məhdudlaşmadığını, 1915–1920-ci illərdə Iğdır və ətraf bölgələrdə yaşanan faciələrin Xocalıda yenidən təkrarlandığını xatırladıb: “Müsabiqə vasitəsilə gənclərin bu tarixi həqiqətləri öyrənərək gələcəyə daha hazırlıqlı yetişmələri hədəflənib. Iğdır vilayəti üzrə bütün lisey şagirdlərinin iştirakına açıq olan müsabiqədə təqdim edilən əsərlər tərəfsiz münsiflər heyəti tərəfindən qiymətləndiriləcək”.

Mission News Theme by Compete Themes.