BAYRAQDAR MEDİA – Fevralın 5-də Azərbaycan Milli Xalça Muzeyində (AMXM) Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi və sözügedən Muzeyinin birgə təşkilatçılığı “Səssiz dualar – Zirə Cümə məscidində qorunan mədəni irs” adlı sərginin açılışı olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AMXM-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tədbirdə Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova sərgi barədə məlumat verib. O qeyd edib ki, sərgi mədəni yaddaşın, mənəvi dəyərlərin və tarixi irsin qorunmasına xidmət edən mühüm hadisədir. Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu çıxışında sərginin gözəl təşəbbüs və uğurlu ideya olduğunu bildirib. O qeyd edib ki, məscidlər və dini məkanlar Azərbaycan xalqının və tarixinin ayrılmaz hissəsidir. Tədbir çərçivəsində Zirə Cümə məscidi haqqında Mübariz Nağıyevin rejissoru olduğu “Tarixin əmanəti” adlı qısametrajlı film nümayiş olunub. Həmçinin “Zəfər” muğam qrupu tərəfindən milli musiqilər səsləndirilib, Şüvəlan qəsəbə Mədəniyyət Evinin “Səma” rəqs ansamblı rəqslər ifa edib. Sonra iştirakçılar sərgi ilə tanış olublar”.
Sonra xəbərdə, “sərgidə müxtəlif dövrlərdə ayrı-ayrı şəxslər tərəfindən Zirə Cümə məscidinə ianə edilmiş milli irs nümunələri nümayiş olunub. Ekspozisiyada xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii metal, geyim və tikmə nümunələri, “Qurani-Kərim”in nüsxələri, həmçinin nadir əlyazma kitablar yer alıb. Eksponatların əksəriyyətinin yaşı bir əsrdən çoxdur və onlar azərbaycanlı sənətkarlar tərəfindən yaradılıb” deyə bildirilir.
Qeyd edək ki, sərgi fevralın 8-dək davam edəcək.





