BAYRAQDAR MEDİA – Təhsilin İnkişafı Fondu (TİF) və Milli Aviasiya Akademiyası (MAA) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya TİF-dən daxil olub.
Xəbərdə bildirilir ki, “Akademiya, həmçinin TələbəPlus layihəsinə qoşulub. Xatırladaq ki, ötən il Kapital Bank, TİF və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında bağlanan memoranduma əsasən TələbəPlus layihəsi başlayıb. Layihə tələbələrə yüzlərlə tərəfdaş mağazada endirimlərdən yararlanmaq imkanı yaradır və təqaüd, bank kartı, eləcə də universitetlərə giriş-çıxış funksiyalarını birləşdirərək bütün bu imkanları vahid kartda cəmləşdirir. Tədbiri giriş sözü ilə açan MAA-nın birinci prorektoru Ədalət Səmədov qonaqlara təhsil ocağının fəaliyyəti, strukturu və inkişaf mərhələləri barədə məlumat verib. Daha sonra prorektor Gülnarə Əhmədova Akademiyanın rektoru, akademik Arif Paşayevin Azərbaycan elminin, xüsusilə mülki aviasiya sahəsinin inkişafındakı töhfələrindən söhbət açıb”.
Ardınca xəbərdə, “gənclərin maliyyə savadlılığının artırılmasına yönələn layihə ilə bağlı çıxış edən TİF-in İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib ki, TələbəPlus layihəsinin əsas məqsədi tələbələri dəstəkləmək, onların sosial rifahını yaxşılaşdırmaq və təhsillərinə daha çox vaxt ayırmaları üçün əlverişli şərait yaratmaqdır. Onun sözlərinə görə, MAA-nın layihəyə qoşulması ilə ali təhsil müəssisələrinin sayı 27-yə çatıb, layihədən faydalanan tələbələrin sayı isə 200 mindən çoxdur. Bir ekosisteminin və Kapital Bank-ın Baş İcraçı direktoru Fərid Hüseynov isə Akademiya ilə əməkdaşlığın bankın gələcəyə baxışını daha da gücləndirildiyini vurğulayıb” qeyd edilir.
Onu da qeyd edək ki, TİF və tərəfdaş qurumlar TələbəPlus layihəsi çərçivəsində ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsini və tələbələr üçün təqdim olunan imkanların artırılmasını davam etdirməyi planlaşdırır. Layihənin əhatə dairəsinin genişlənməsi gənclərin daha əlçatan, funksional və müasir imkanlardan yararlanmasına, eləcə də universitet-biznes əməkdaşlığının daha da möhkəmlənməsinə töhfə verəcək.





