Press "Enter" to skip to content

“Yaşıl enerji məkanı” İşçi qrupunun növbəti iclası

“Yaşıl enerji məkanı” İşçi qrupunun növbəti iclası

BAYRAQDAR MEDİA – “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2025-ci il üzrə icrasına dair illik hesabat layihəsinin müzakirəsi məqsədilə “Yaşıl enerji məkanı” İşçi qrupunun hibrid formada növbəti iclası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “iclasa sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev “Yaşıl enerji məkanı” məqsədinin sosial-iqtisadi inkişaf Strategiyasında mühüm yer tutduğunu və Azərbaycanın gələcək inkişaf modelinin əsas sütunlarından biri olduğunu qeyd edib. Nazir müavini bildirib ki, bu istiqamətdə nəzərdə tutulan tədbirlər Azərbaycanın dayanıqlı, ekoloji cəhətdən təmiz və innovativ enerji sisteminə keçidini təmin etməklə yanaşı, qlobal iqlim məqsədlərinə də töhfə verəcək. S.Vəliyev ötən il üçün planlaşdırılmış 18 tədbirin icra vəziyyətini diqqətə çatdırıb, ümumilikdə Strategiyanın həyata keçirilməsinin müsbət dinamika ilə müşayiət olunduğunu vurğulayıb”.

Ardınca xəbərdə, “sonra İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn 2025-ci il üçün nəzərdə tutulmuş tədbirlər və onların icrasına dair təqdimatla çıxış edib. İclasda hesabata dair rəy və təkliflər dinlənilib, müvafiq qeydlər aparılıb. “Yaşıl enerji məkanı” İşçi qrupunda EN və İİTKM ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, SOCAR, Mərkəzi Bank, Azərbaycan İnvestisiya Holdinqi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lərin nümayəndələri təmsil olunur” deyə qeyd edilir.

Mission News Theme by Compete Themes.