Yaxud, Epşteyn qalmaqalından sonra daha da aktual əhəmiyyət kəsb edən mövzu haqqında vacib qeydlər
BAYRAQDAR MEDİA – Dostlar da şahiddir, bu yazını ötən ilin son aylarından etibarən yazmağa başlamışam. Hətta bu ilin ilk günlərində uzun illərin dostu – həmkarım Seymur Verdizadəyə yazının sonuncudan öncəki variantını göndərib fikirlərini də öyrənmişdim. Sonra iş çoxluğu, bir az da gündəmin sürətlə dəyişməsi pişiklərlə bağlı yazımı arxa plana keçirdi. Lakin son günlər yenidən partlaq verən Ceffri Epşteyn qalmaqalı məndə bu yazının tez bir zamanda dərc olunması qənaətini yaratdı. Sual oluna bilər ki, Epşteyn qalmaqalı hara, pişiklər hara? Dəyərli oxucularımız bu ikibölümlü yazının sonunda həmin suala cavab tapacaq.
Beləliklə, yazının ikinci bölümünü təqdim edirik.
Biz ağrıyanda canı ağrıyan, biz güləndə şənlənən Fındıq
İkinci haşiyə: Yazımızın bu yerində vurğulanmalı digər, xeyli aktual bir məqam da var. Bu da bəzən təyyarə şirkətlərinin ev heyvanlarının daşınması ilə bağlı insanların qarşısına çıxardığı süni əngəllərlə bağlıdır. Təsəvvür edin, həmin vaxt bir şirkətin “yersiz tapmacaları” ucbatından (it varsa, pişik olmaz, pişik varsa it olmaz kimi “əsaslandırma” – N.A) oğlum bir həftədə iki dəfə bileti qaytarmalı oldu. Hər dəfə də maddi itki ilə.

Bəli, artıq 3 ildir Bakıda bizimlə qalan Fındıq, həm də həssas və sevgi doludur. 2024-cü ildə ayağım qırılmışdı. Təsəvvür edirsiniz, Fındıq hər gün gəlib o qırılmış və gipsdə olan ayağımı qucaqlayıb, orada yatırdı. Sanki o ağrını özündə hiss etmək istəyirdi.
Yaxud, hərdən evdə hansısa narahatlığımız olub, bikef qalınca Fındıq da bunu dərhal hiss edir, yanımızda dayanıb, sakit bir şəkildə gözlərini üzümüzə zilləyir. Sanki bizim problemimizin həllinə yardım etməyə çalışır. Əksinə, evdə deyib-güləndə, şənlik olanda Fındıq da belə deyək ki, kef edir. Dünya onun olur sanki. Təbii, ən əsası da güvənli dost kimi bir saniyə belə yanımızdan uzaqlaşmır. Hər səhər erkən başımızın üstündə dayanıb, sanki sağ olub-olmadığımızı yoxlayır…
Ümumiyyətlə, Fındıq bizə bir həqiqəti də dərk etməyə kömək oldu. Nədir bu həqiqət? Həqiqət odur ki, onlar da bizim kimi hiss edir, sevir, ağlayır, itirmək hissini, qorxu hissini yaşayır. Sadəcə bircə fərqimiz var ki, onlar bizim kimi danışa bilmir. Nənəm deyərdi, itlər və pişiklər qiyamət günündə dil açıb danışacaq, insanların onlara etdikləri barədə Tanrıya fikirlərini çatdıracaqlar. Biz bir şeyə əminik ki, Fındıq bizdən ancaq yaxşı şeylər danışacaq…
“Heyvana toxunma, ruzin kəsilər”
Yuxarıda it-pişik və ruzi ilə bağlı bir məqama toxunduq. Bu sırada yenə həmin məqamı xatırlatmaqla yanaşı, vurğulayaq ki, sözügedən motivə Azərbaycanla yanaşı, Anadolu və Türküstan xalq inanclarında da rast gəlinir. Özəlliklə yaşlı nəsil arasında “heyvana toxunma, ruzin kəsilər”, “pişiyi incitmə, bərəkət qaçar” kimi deyimlər də bu rəvayətlə əlaqələndirilir.
Amma təəssüf olsun, içimizdəki şeytan xislətli, əməlləri ilə şeytana qulluq edən ünsürlər heyvanlara, xüsusilə də pişiklərə qənim kəsilib. Çünki…

Çünkisini sonda qeyd edəcəyik. İndi isə bir həqiqəti yenidən təkrarlayaq: Ümumiyyətlə, pişiklər min illərdir insanlarla birlikdə yaşayan, mehriban və diqqətcil canlılardır. Tarixi qaynaqlar göstərir ki, pişiklər ilk dəfə qədim dönəmlərdə, özəlliklə də kənd təsərrüfatının inkişafı ilə bağlı olaraq insanların yaşayış məkanlarına yaxınlaşmış və məhsulları gəmiricilərdən qorumaqda önəmli rol oynamışlar. Bu faydalı xüsusiyyətləri onların insanlar tərəfindən qəbul edilməsinə və zamanla ev heyvanına çevrilməsinə səbəb olmuşdur.

Yəni pişiklər bizim ən səmimi dostlarımızdandır. Onlar danışmır, lakin baxışları ilə insanın ruhuna toxuna bilirlər. Bəzən bir evin bütün istiliyi, bir ürəyin bütün sakitliyi balaca bir pişiyin mırıltısında gizlənir. İnsan yorğun, kədərli və ya tənha olanda, pişik sakitcə yaxınlaşıb dizinin üstündə yerini alır və sanki heç nə soruşmadan “buradayam” deyir.
Pişiklər ev heyvanı olmaqla birgə, dərman kimi təsir edən, ruhumuzu sağaldan, səssiz və sadiq dostlarımızdır. Bəs Adəm övladları olaraq biz, pişiklərə əsl dost ola bilirikmi?
Bu sual sadə görünsə də, cavabı çox ağırdır. Çünki dostluq yalnız sevməkdən ibarət deyil, həm də qorumaq, anlayış göstərmək və məsuliyyət daşımaqdır. Təəssüf, hər gün küçələrdə ac, yaralı, xüsusilə də qış aylarında soyuqdan titrəyən pişikləri gördükcə bu sual daha da kəskinləşir. Onlar bizdən bir parça çörək, bir az mərhəmət gözlədiyi halda, bəzən daşla, təpiklə qarşılaşırlar.

Daha acısı isə bəzi insanların pişiklərə qarşı nümayiş etdirdiyi vəhşi davranışlardır. Küçə pişiklərini “təhlükə”, “artıq yük” kimi görənlər, onların məhvinə çağırış edənlər, zəhərlənməsini, qovulmasını adi bir məsələ kimi qəbul edənlər var. Bu, əslində, yalnız heyvanlara qarşı deyil, insanlığın özünə qarşı yönəlmiş bir qəddarlıqdır. Çünki bir canlıya qarşı mərhəmətsiz olan cəmiyyət, zamanla insanlara qarşı da daşlaşır.
Üçüncü haşiyə: Dəyərli oxucuların diqqətinə çatdırım ki, mümkün olduğu qədər küçələrdəki pişiklərə yemək almağı, dayanıb, onları yemləməyi xoşlayır, hətta bundan mənəvi güc alıram. Eyni zamanda, bu yaxınlarda növbəti dəfə Bakıda olan (hazırda Birləşmiş Ştatlarda yaşayan) uzun illərin dostu Zaur Bayramlının soyuq günlərdə Bakının ayrı-ayrı yerlərində pişikləri yemləməsi çox gözəl mənzərə idi. Hesab edirəm ki, digər dostlarımız da tez-tez bu cür aksiyalar etməli, insanları İNSANlığa çağırmalıdırlar!
Pişik olan evə şər yaxın düşməz
Pişiklər bizi həm də gözəgörünməz bəlalardan qoruyurlar. Yenə də tarixi qaynaqlara nəzər salsaq görərik ki, bir çox xalqın mifologiyasında və inanclarında pişiklər qoruyucu varlıq kimi qəbul edilir. Qədim dönəmlərdən bəri onların adi insanların görə bilmədiyi aləmləri, görünməz varlıqları – cinləri və ruhları görə bildiyinə inanılmışdır. Pişiklərin bəzən boşluğa diqqətlə baxması, səbəbsiz yerə ani reaksiya verməsi və ya müəyyən məkanlarda narahat davranması bu inancların formalaşmasına səbəb olmuşdur.

İslam mədəniyyətində və Doğu inanclarında pişiklər təmiz və mübarək heyvanlar sayılır. Onların evə mənfi enerjini buraxmadığı, pisniyyətli varlıqlardan qoruduğu düşünülür. Xalq arasında “pişik olan evə şər yaxın düşməz” deyimi də məhz bu inamdan qaynaqlanır. Özəlliklə gecə saatlarında pişiklərin ayıq-sayıq olması, ətrafı müşahidə etməsi ev yiyələri üçün bir növ görünməz keşikçi kimi dəyərləndirilir.
Yazımıza son nöqtəni daha doğrusu, son nidanı qoymazdan öncə diqqəti məhz bu məqama yönəltməyimiz heç də təsadüfi deyil. Əvvəla, bununla, girişdə qoyulan “Epşteyn qalmaqalı hara, pişiklər hara” sualına cavab veriləcək, həmçinin yuxarıda vurğuladığımız “içimizdəki şeytan xislətli, əməlləri ilə şeytana qulluq edən ünsürlər heyvanlara, hələ-hələ pişiklərə qənim kəsilib” məqamına daha da aydınlıq gətiriləcək. Çünki bu şeytani xislətlilər (öz ağıllarınca) insanlığa son qoymaq üçün hərəkətə keçib.
Bəlkə də dəyərli oxucular bu fikrimi qəbul etməyəcək; lakin uzun illərdir, insanlıq bir savaş verir – Allahla şeytan arasında!.. Daha da dəqiq desək, dünyanın idarəsini tam şəkildə əlinə almaq istəyən bəlli şeytani şəbəkə Adəm övladını Allahdan uzaq salıb, şeytanın quluna çevirmək üçün bütün gücünü işə salıb. Hesab edirəm, COVİD-19 da məhz həmin şəbəkənin daha bir “məşqi”ydi. COVID-19 vaxtı Adəm övladı dini mərkəzlərdən-məscid, kilsə və sinoqoqlardan uzaq salındı. Belə deyək ki, insanla Allah arasında təmas kəsildi, ən azı bir müddət ərzində dini mərkəzlərdə dualar edilmədi…

İndi isə şeytani şəbəkə insanlıq üçün növbəti, bəlkə də sonuncu zərbəni vurmağa, Adəm övladını Allahdan qoparıb, şeytana, şər qüvvələrə qul etməyə çalışır. Və o şəbəkə bir həqiqəti də yaxşı bilir ki, pişik olan evə şər yaxın düşməz. Elə ona görə də dünyanın müxtəlif yerlərində pişiklərin kütləvi öldürlüməsi kimi vəhşi çağırışların sayı artıb. Kim bilir, həmin şeytani şəbəkə bir azdan “pişik virusu” yayıb, sonra da pişiklərin öldürülməsi üçün “əsas” da yaradacaq. Lakin insanlıq ayıq-sayıq olmalıdır. Adəm övladı pişikləri qorumalıdır ki, özünü qoruya bilsin. Yaxud da, belə deyək, Adəm övladı özünü qoruya bilmək üçün həm də pişikləri qorumalıdır!…
Adəm övladı özünü qoruya bilmək üçün həm də pişikləri qorumalıdır – 1













İlk şərhi yaza bilərsiniz