Press "Enter" to skip to content

Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti addım

Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyalar indeksləşdirilərək 9,3 faiz artırılır

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların artırılması istiqamətində növbəti mühüm irəliləyişə imkan yaradır. Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 2026-ci il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırılır.

Bu barədə BAYRAQDAR MEDİA-ya ƏƏSMN-dən məlumat verilib.

Məlumata görə, bu artım pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan, elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir: “Pensiyalara yanvar ayı üzrə edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödəniləcək. Yəni, pensiyaçılar artıq fevral ayının pensiyasını yeni artımla, habelə yanvar ayının pensiyasına edilmiş artım məbləği ilə birgə alacaqlar. Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb”.

Məlumata deyilir ki, dövlət başçısının Sərəncamı ilə sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 5,6 faiz indeksləşdirilərək artırılır: “Hər ilin əvvəlində tətbiq edilən bu artım sosial sığorta sistemində iştirak edən şəxslərin pensiya kapitallarının yalnız onların əməkhaqlarından sosial sığorta ayırmaları hesabına deyil, dövlət tərəfindən də hər il indeksləşdirilərək artırıldığını göstərir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.