BAYRAQDAR MEDİA – Hacettepe Universiteti ilə ASELSAN arasında elmi-tədqiqat və texnologiyanın inkişafına töhfə verəcək əməkdaşlıqlar davam edir. Bu çərçivədə, ASELABS Süni İntellekt Texnologiyaları Laboratoriyası nəzdində icra olunacaq üç layihə üzrə müqavilələr bu gün imzalanıb.
Bu barədə universitetdən məlumat verilib.
Məlumatda deyilir ki, universitetin Beytepe Kampusunda yerləşən Əhali Tədqiqatları İnstitutunun Konfrans Zalında təşkil olunan imzalanma mərasimi Hacettepe Universitetinin rektoru Prof. Dr. Mehmet Cahit Güran, rektor müavini Prof. Dr. Şahap Armağan Tarım, universitet rəhbərliyi, ASELSAN-ın baş direktor müavinləri, layihə tərəfdaşları və çoxsaylı akademik heyətin iştirakı ilə reallaşıb: “Tədbir çərçivəsində açılış nitqi ilə çıxış edən ASELSAN-ın baş direktor müavini və UGES sektorunun rəhbəri Alaattin Dökmen bildirib: “Akademiyanın gücündən istifadə edərək sistemlərimizi daha da ağıllı hala gətirmək və süni intellekt sahəsində daha effektiv sistemlər formalaşdırmaq məqsədilə bu layihələri hazırladıq”. Dökmen qeyd edib ki, 2025-ci ildə imzalanan razılaşmaya əsasən yalnız bir laboratoriyanın yaradılması nəzərdə tutulsa da, Hacettepe Universiteti ilə aparılan əməkdaşlıq nəticəsində iki ayrı laboratoriya fəaliyyətə başlayıb. O, “Ümid edirəm ki, bu layihələrlə birlikdə konkret nəticələri hamılıqla görəcəyik”, – deyə vurğulayıb”.
Məlumata görə, mərasimdə Hacettepe Universitetinin rektoru Prof. Dr. Mehmet Cahit Güran da çıxış edərək ASELSAN ilə qurulan institusional əməkdaşlığın getdikcə gücləndiyini diqqətə çatdırıb:“Universitetimizlə ASELSAN arasındakı əməkdaşlığın böyüdüyünü, möhkəmləndiyini və sürətləndiyini göstərən belə bir tədbirdə bir araya gəlmək mənim üçün böyük məmnunluqdur”.
Açılış çıxışlarından sonra müqavilələr ASELSAN-ın baş direktor müavini və UGES sektor rəhbəri Alaattin Dökmen ilə Hacettepe Texnokentinin baş direktoru İsmail Karahan tərəfindən imzalanıb. Proqram toplu foto çəkilişi və laboratoriyalara baxışla başa çatıb.






İlk şərhi yaza bilərsiniz