Press "Enter" to skip to content

Yaponiyada seçkilər iqtidarı daha da gücləndirdi

Sanae Takaçii

Xalq Sanae Takaçiiyə Çinlə artan gərginlik fonunda daha qətiyyətli addım atmaq üçün mandat verdi

BAYRAQDAR MEDİA – Yaponiyada fevralın 8-də keçirilən parlament seçkiləri bir çox baxımdan əhəmiyyət kəsb edirdi. Məhz bu kontekstdə seçkilərin mövcud iqtidarı daha da gücləndirdiyini deyə bilərik. Belə ki, Yaponiya Baş naziri Sanae Takaçiinin rəhbərlik etdiyi Liberal Demokrat Partiyası ilə Yaponiya İnnovasiya Partiyasından ibarət iqtidar bloku bazar günü keçirilən seçkilərin nəticələrinə əsasən parlamentin aşağı palatasında yerlərin çoxunu qazanıb.

Məlumatlara əsasən, LDP seçkilərdə 465 yerdən 316-sını qazanaraq qalib gəlib, koalisiya tərəfdaşı olan İnnovasiya Partiyası isə 36 mandat qazana bilib. Bu, LDP-nin 1955-ci ildə təsis edildiyindən bəri ən yaxşı nəticəsidir. Əvvəlki rekord 1986-cı ildə Baş nazir Yasuhiro Nakasonenin dövründə əldə edilmişdi, o zaman partiya 300 yer qazanmışdı.

Məlumat üçün bildirək ki, fevralın 8-də Yaponiyada növbədənkənar parlament seçkiləri keçirilib. Parlamentin aşağı palatasına seçilmək üçün 1284 namizəd 465 yer uğrunda mübarizə aparıb. Nümayəndələr Palatasındakı 465 yerdən 289-u majoritar, 176-sı isə proporsional qaydada seçilməlidir. Onu da qeyd edək ki, məhz bu palata baş nazirin seçilməsi və dövlət büdcəsinin təsdiqlənməsinə cavabdehdir.

Seçki nəticələrinin, Baş nazir Sanae Takaçiinin Çinlə artan gərginlik fonunda Yaponiyanın iqtisadi və hərbi potensialını gücləndirməyi hədəfləyən sağ yönlü siyasətlərini sürətləndirməsinə imkan yarada biləcəyi dəyərləndirilir.

Bu barədə tr.euronews.com saytının məlumatında da ətraflı qeyd edilir.

Məlumatda deyilir ki, Yaponiya Baş naziri Sanae Takaçiinin liderlik etdiyi hakim partiyanın bazar günü keçirilən kritik parlament seçkilərində təkbaşına çoxluğu qazanmasının demək olar ki, dəqiqləşib: “Yaponiyanın NHK ictimai televiziya kanalı və digər aparıcı media qurumları “exit-poll” sorğusunun nəticələrinə əsaslanaraq iqtidar blokunun mühüm qələbə qazandığını açıqlayıb. NHK-nin məlumatına görə, Takaçiinin rəhbərlik etdiyi Liberal Demokrat Partiyasının (LDP) öncüllük etdiyi koalisiya parlamentin daha güclü qanadı sayılan 465 yerlik Nümayəndələr Palatasında üçdə iki çoxluğu da aşa bilər. Bu çoxluq hökumətə komissiya sədrliklərini nəzarətdə saxlamaqla qanunvericilik və büdcə proseslərini istiqamətləndirmək imkanı verəcək”.

Oktyabr ayında vəzifəyə başlayaraq Yaponiyanın ilk qadın baş naziri olan ifrat mühafizəkar Takaçii, vəzifəyə gəldiyi gündən bəri “çox çalışacağı” yönündə verdiyi mesajlar və sərt, lakin səmimi kimi xarakterizə edilən liderlik üslubu ilə xüsusilə gənc seçicilərin dəstəyini qazanıb. Bununla belə, təxminən yetmiş ildir Yapon siyasətində dominant mövqedə olan LDP son illərdə maliyyələşmə və dini bağlantılarla bağlı qalmaqallar səbəbilə tənqidlərin hədəfinə çevrilmişdi. Takaçii yüksək populyarlığından yararlanmaq məqsədilə vəzifəyə gəldikdən cəmi üç ay sonra erkən seçki qərarı verib.

Müxalifətin isə yeni yaradılmış mərkəzçi ittifaqa və ifrat sağın yüksəlişinə baxmayaraq, parçalanmış quruluşu səbəbindən güclü rəqib formalaşdıra bilmədiyi qeyd olunur: “Keçmiş koalisiya ortağı Komeito ilə Yaponiya Konstitusiyalı Demokrat Partiyasının yaratdığı ittifaqın mandat sayında ciddi azalma gözlənilir”.

Məlumatda xüsusi olaraq o məqama vurğu edilir ki, bu nəticələr sağçıları daha da gücləndirəcək: “Takaçii təhlükəsizlik, miqrasiya və xarici siyasət sahələrində Yaponiyanın sağa yönəlməsini hədəfləyən islahatları həyata keçirmək niyyətindədir. LDP-nin sağ yönlü ortağı olan Yaponiya İnnovasiya Partiyasının lideri Hirofumi Yoşimura partiyasının bu prosesin “sürətləndiricisi” olacağını bildirib. Ölkədə son dövrlərdə milliyyətçi və qloballaşma əleyhdarı Sanseito partiyasının da gücləndiyi, çıxış sorğularında partiyanın səsini əhəmiyyətli dərəcədə artırmasının gözlənildiyi qeyd edilir”.

Gələcək addımlara gəlincə, məlumata görə, Takaçii dekabr ayınadək müdafiə siyasətini yenidən nəzərdən keçirərək Yaponiyanın hücum imkanlarını artırmağı, silah ixracına qoyulan qadağaları yumşaltmağı və ölkəni müharibədən sonrakı pasifist təhlükəsizlik yanaşmasından daha da uzaqlaşdırmağı planlaşdırır: “O, həmçinin əcnəbilərlə bağlı daha sərt tənzimləmələrə və casusluğa qarşı tədbirlərə xüsusi diqqət yetirir. Mütəxəssislər isə bu addımların bəzi vətəndaş azadlıqlarını zəiflədə biləcəyi barədə xəbərdarlıq edirlər.Baş nazir, eyni zamanda, ABŞ Prezidenti Donald Trampın müdafiə xərclərinin artırılması istiqamətindəki təzyiqləri fonunda hərbi büdcəni böyütmək niyyətindədir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.