BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyi (KTN) tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi (ATM) tərəfindən yeni yaradılan daha bir aqroparka qeydiyyat şəhadətnaməsi təqdim olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “İsmayıllı rayonunun İvanovka kəndində yerləşən “İvanovka Aqropark”a rezidentin qeydiyyat şəhadətnaməsinin təqdimetmə mərasimində çıxış edən ATM-in direktoru Rəşad Hüseynov son dövrlərdə aqroparklarla bağlı görülən işlər barədə məlumat verib. “İvanovka Aqropark” haqqında məlumat verən ATM rəhbəri bildirib ki, bu aqropark özəl aqroparkdır və innovativ texnologiyalar əsasında əkinçilik və bağçılıq üzrə ixtisaslaşması nəzərdə tutulur”.
Sonra xəbərdə, “tədbirdə çıxış edən “İvanovka Aqropark”ın direktoru Ramin Əlifov aqroparkın yaradılmasında göstərilən dövlət dəstəyinə və şəraitə görə ölkə başçısına, aidiyyəti qurumlara minnətdarlığını bildirib. O qeyd edib ki, əsasən əkinçilik və bağçılıq üzrə ixtisaslaşacaq təsərrüfat kompleksinin ümumi ərazisi 7 min 600 hektar, layihə dəyəri 25.1 milyon manat təşkil edir. Aqroparkda 4 tarla sxemi ilə il ərzində 500 ha ərzaqlıq buğda, 250 ha dən üçün qarğıdalı, 250 ha günəbaxan, 250 ha isə təkrar əkin olaraq silosluq qarğıdalının becərilməsi planlaşdırılır. Eyni zamanda, 1 min 750 ha dəmyə sahədə arpa, 1 min 500 ha sahədə buğda və 100 ha sahədə yonca bitkisinin becərilməsi, 100 ha sahədə damlama suvarma sistemi altında süfrə və texniki üzüm sortlarının becərilməsi nəzərdə tutulur. Tədbirin sonunda R.Hüseynov rezidentin qeydiyyat şəhadətnaməsini R.Əlifova təqdim edib” deyə qeyd olunur.
Qeyd edək ki, hazırda ölkədə aqropark statusu olan təsərrüfatlar fəaliyyət istiqamətlərinə görə bitkiçilik, heyvandarlıq, emal, çeşidləmə-qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Bu təsərrüfatlarda istehsal olunan əsas məhsullara isə taxıl məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları, bitki yağları və heyvan yemləri kimi geniş çeşiddə məhsullar daxildir. Aqroparklarda əldə olunan məhsullar həm yerli bazarlarda, həm də xarici bazarlarda realizə edilir.
Bu günədək ölkə üzrə aqroparklarda 10 minə yaxın daimi və mövsümi iş yerləri yaradılıb.






İlk şərhi yaza bilərsiniz