Press "Enter" to skip to content

KKTC yeni siyasi gərginlik astanasında

Ünal Üstel

Son yeniləmə: 11 Fevral 2026

Ünal Üstel: Vaxtından əvvəl keçiriləcək parlament seçkilərin tarixini bütün deputatlarla məsləhətləşdikdən sonra açıqlayacağıq

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) yeni siyasi gərginlik astanasındadır. Səbəb isə müxalifətçi Cümhuriyyət Türk Partisinin davranışlarıdır. Belə ki, parlamentin plenar iclasında CTP-nin 26 aprel tarixində növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təklifinin təcili qaydada müzakirəyə çıxarılması tələbi müzakirə olunarkən, məsələ siyasi polemikalara səbəb olub.

Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.

Məlumata görə, növbədənkənar seçki təklifinin müzakirə edildiyi iclasda Baş nazir Ünal Üstel ilə müxalifət deputatları arasında qarşılıqlı dəyərləndirmələr və tənqidlər səsləndirilib: “Söz alan Baş nazir Ünal Üstel ölkədə ümumi seçkilərin 2022-ci ildə keçirildiyini xatırladaraq, həmin gündən bu günə qədər siyasi sabitliyi qoruyaraq ölkəyə xidmət etdiklərini bildirib. Üstel müxalifətin hər dəfə növbədənkənar seçki mövzusunu gündəmə gətirdiyini, lakin özlərinin 29 deputatla buna qarşı çıxdıqlarını qeyd edib. Ü.Üstel, seçkilər üçün geri sayımın başladığını və seçkilərə 11 ay qaldığını bildirib. Baş nazir, vaxtından əvvəl keçiriləcək seçkilərin tarixinin 29 deputat və müxalifət ilə məsləhətləşdikdən sonra ictimaiyyətə açıqlanacağını xüsusi vurğulayıb”.

Ü.Üstel, UBP-nin heç vaxt seçkidən qaçmadığını da qeyd edib.

Məlumata əsasən, keçən həftə ali məhkəmənin tələb etdiyi Konstitusiya dəyişikliyi üzrə referendumun may ayında keçirilməsini təklif etdiklərini, yaxın günlərdə Türkiyə ilə imzalanacaq protokolun da gündəmdə olduğunu xatırladan Ü.Üstel, “Bütün bunları yekunlaşdıraq, sonra seçkilərə gedəcəyik”, – deyib: “Baş nazir Ünal Üstelin çıxışı dəfələrlə müxalifət deputatlarının etirazları ilə kəsilib. Yenidən söz alan CTP sədri Sıla Usar İncirli referendum üçün üçdə iki səs çoxluğunun lazım olduğunu bildirərək, Konstitusiya dəyişikliyi ilə bağlı məsələnin bütün deputatların razılığı ilə qəbul edilməsinin onların əsas arzusu olduğunu deyib. İncirli bu siyasi mühitdə Konstitusiya dəyişikliyinin xalqın təsdiqinə təqdim edilməsinin arzuolunmaz nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib. O, həmçinin qanunsuzluqların Baş nazirin ətrafında cəmləşdiyini iddia edib”.

Xəbərdə vurğulanır ki, Baş nazir Ünal Üstel yenidən söz alaraq, UBP-nin heç vaxt seçkilərdən çəkinmədiyini bir daha bəyan edib.

“Hesab verə bilməyəcəyimiz heç bir məsələ yoxdur – nə mənim, nə də 29 deputatımın”, – deyən Üstel, may ayı ərzində müxalifət və iqtidarın uyğun görəcəyi bir tarixdə referendumun keçirilməsini təklif etdiklərini qeyd edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.