BAYRAQDAR MEDİA – Çanakkale Onsekiz Mart Universiteti (ÇOMÜ) ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Meşə Təsərrüfatı Baş İdarəsi (OGM) arasında universitet kampusları daxilində və ətrafında yerləşən meşəlik ərazilərin reabilitasiyası və yanğına davamlı hala gətirilməsi məqsədilə əməkdaşlıq protokolu imzalanıb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumatda deyilir ki, protokola əsasən, ÇOMÜ-nün Hüseyn Akif Terzioğlu və Dardanos kampusları da daxil olmaqla, meşə daxilində və bitişik ərazilərdə yanğından zərər görmüş sahələrin yenidən meşələşdirilməsi və yanmamış meşəliklərin yanğına qarşı daha davamlı hala gətirilməsi nəzərdə tutulur: “Ümumilikdə 200,289 hektarlıq ərazini əhatə edən layihədə 165,355 hektar meşəlik, 34,934 hektar isə meşəlikdən kənar sahə kimi müəyyən edilib. İşlər Meşə Təsərrüfatı Baş İdarəsi ilə birgə, “Yanan Meşə Sahələrinin Reabilitasiyası və Yanğına Davamlı Meşələrin Təsisi Layihəsi” (YARDOP) çərçivəsində həyata keçiriləcək”.
Məlumatda deyilir ki, bu əməkdaşlıqla ÇOMÜ kampuslarında təbii ekosistemin qorunması, yanğın riskinin azaldılması və dayanıqlı ətraf mühit idarəçiliyinə töhfə verilməsi məqsəd qoyulub: “Protokol universitet–dövlət əməkdaşlığının ətraf mühitin qorunması baxımından mühüm nümunəsi kimi dəyərləndirilir”.






İlk şərhi yaza bilərsiniz