BAYRAQDAR MEDİA – Fevralın 11-də Azərbaycan Milli Xalça Muzeyində tanınmış macar qobelen ustası Juja Perelinin “Həqiqət çərçivəsindən kənar” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tədbirdə Muzeyinin direktoru Əminə Məlikova, Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma, Macarıstan hökumətinin komissarı Peter Hoppal çıxış ediblər. Natiqlər J.Perelinin zəngin yaradıcılıq yolunu, onun müasir qobelen sənətinə verdiyi töhfələri xüsusi vurğulayıblar. Sərginin Azərbaycanla Macarıstan arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildiriblər. Sonra J.Perelinin qonaqlara ünvanlanan videomüraciəti nümayiş olunub. Həmçinin tarzən İbrahim Babayevin ifası dinlənilib. Sərgidə tekstil sənətinin aparıcı nümayəndələrindən sayılan J.Perelinin dünyagörüşünü, yaradıcı potensialını və yüksək peşəkarlığını əks etdirən 29 əsəri nümayiş olunur”.
Sonra xəbərdə, “müəllifin ipək, yun və pambıq materialların sintezindən ərsəyə gətirdiyi qobelenlərdə insan və təbiət münasibətləri, kainat, zaman, yaddaş, əbədiyyət və s. mövzular mifoloji obrazlar və abstrakt motivlərlə üzvi şəkildə birləşdirilərək təqdim edilir. Onun dərin fəlsəfi məzmunu, mükəmməl kompozisiyası, zəngin kolorit həlli ilə seçilən əsərlərində həm klassik Avropa qobelen ənənələri qorunur, həm də yeni materiallar, texnikalar və fərqli yaradıcı yanaşmalarla bu sənətin sərhədləri genişləndirilir. J.Perelinin qobelenləri maddi və qeyri-maddi aləm arasında vasitəçi rolunu oynayaraq sözlə çətin ifadə olunan duyğuları və mənəvi reallıqları simvollar vasitəsilə tamaşaçıya çatdırır. Bu xüsusiyyətlər müasir qobelen sənətində özünəməxsus yeri olan rəssamın əsərlərinə individuallıq və ölməzlik qazandırır. 2001-ci ildə J.Pereli qobelen sənətinin mərkəzi sayılan Fransanın Obüsson şəhərində fərdi sərgi keçirən ilk xarici sənətkar olub. Onun əsərləri müxtəlif ölkələrin muzey və şəxsi kolleksiyalarında saxlanılır. Xalça Muzeyi, Macarıstan Mədəniyyət və İnnovasiya Nazirliyi və Kovaç Qabor İncəsənət Fondunun təşkilatçılığı ilə keçirilən sərgi mədəniyyətlərarası əməkdaşlığın inkişafına, tekstil sənətinin çağdaş tendensiyalarının tanıdılmasına mühüm töhfədir” deyə qeyd olunur.
Onu da qeyd edək ki, sərgi 28 fevraladək davam edəcək.






İlk şərhi yaza bilərsiniz