Ailə təbabətində pediatriya, süni intellekt və rəqəmsal səhiyyənin rolu müzakirə edilib
BAYRAQDAR MEDİA – Mingəçevir şəhərində “Ailə təbabətində pediatriya: Süni intellekt və rəqəmsal səhiyyənin rolu” mövzusunda növbəti regional konfransı keçirilib. Konfrans Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və “Lasomedgroup”un dəstəyi ilə Azərbaycan Pediatrlar Assosiasiyasının “Milli Pediatriya Akademiyası-95 il” yubiley layihəsi çərçivəsində reallaşıb.
Bu barədə Azərbaycan Pediatrlar Assosiasiyasından məlumat verilib.
Məlumata görə, konfransın əsas məqsədi müasir ailə təbabətində uşaq sağlamlığının qorunması strategiyalarını təkmilləşdirmək, pediatriyada süni intellekt və rəqəmsal səhiyyənin təqdim etdiyi geniş imkanları, habelə bu sahədəki potensial riskləri və praktik tətbiq üsullarını sübutlu təbabətə əsaslanmaqla dərindən dəyərləndirmək olub: “Tədbirin açılışında Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq Xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə çıxış edib. O, layihənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Bakıda və regionlarda təşkil olunan bu konfranslar mütəxəssislərin pediatriya sahəsində aktual problemlər, innovativ həllər və yeni yanaşmalara dair dialoquna imkan yaradan mühit formalaşdırır. Eyni zamanda, region həkimlərinin peşəkar təcrübə və bilik mübadiləsi aparması milli səhiyyənin qlobal trendlərə inteqrasiyasına və ölkəmizdə tibbi xidmətin keyfiyyətinin davamlı yüksəlişinə əvəzsiz töhfə verir”.
Məlumata görə, çıxışını “Ailə təbabətində pediatriya: Süni intellekt və rəqəmsal səhiyyənin rolu” mövzusunda təqdimatla davam edən T.Tağızadə qeyd edib ki, uşağın inkişaf göstəricilərinin elektron qaydada izlənilməsi patologiyaların erkən diaqnostikasında mühüm addımdır.
Konfransda ATU-nun II uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva “Uşaqlarda parapnevmonik effuziya ilə fəsadlaşan pnevmoniyalara dair kliniki keyzlərin təhlili və müalicəsinə dair yeni baxışlar” mövzusunda, Kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Fəxriyyə Məmmədova “Displastik fenotipləri olan uşaqların aparılması: pediatr və ailə həkiminin protokollara əsaslanan multidissiplinar yanaşması”na dair təqdimatla, Kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Lalə Hidayətova “Uşaqlarda hemokolitin differensial diaqnostikası: “qırmızı bayraqlar” və gizli təhlükələr” mövzusunda, Kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Aytəkin Adilova isə “Yenidoğulmuşda Apert sindromu” mövzusunda çıxış edib.
Məlumatda deyilir ki, tədbirin II sessiyasında Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzindən professor Mireldar Babayev “İrsi hemolitik anemiyalar: Uşaqlarda klinik gedişi” mövzusunda genişməruzə ilə çıxış edərək müasir müalicə protokollarını diqqətə çatdırıb. Eyni zamanda məsələyə dair digər çıxışlar olub.
Səhiyyə Nazirliyi tərəfindən 12 DTT balı ilə qiymətləndirilən konfrans iştirakçıların peşəkar biliklərinin artırılması baxımından səmərəli olub.






İlk şərhi yaza bilərsiniz