BAYRAQDAR MEDİA – “İdrak” liseyində bir şagirdin öz müəlliminə odlu silahla hücum etməsi, onu yaralaması şəxsən mənim üçün dəhşətin dəhşətidir. Axı necə ola bilər ki, şagird, özü də oğlan uşağı – gələcəyin kişisi bir gənc qadına – müəlliminə qarşı belə davransın?
Yəqin ki, bu məsələ tam araşdırıldıqdan sonra terror əsdirmiş şagirdin psixoloji kimliyi gün üzünə çıxacaq. Düzdür, ailəsi haqqında məlumatlar, geniş olmasa da yayımlanır. Bəlli olur ki, imkanlı – təminatlı ailədəndir (elə “İdrak” kimi məktəblərdə oxuyanlar onsuz da imkanlılar olur). Olsun, biz kiminsə ailəsinin imkanlı olmasını qısqanmırıq. Həmişə düşünmüşük ki, ölkəmizdə nə qədər çox imkanlı insanlar olsa, bir o qədər yaxşıdır.
Amma ki, maddi baxımdan imkanlı olmaq bərabərində mənəvi cəhətdən imkanlılıq da gətirmirsə, fəlakət – faciə də onda başlayır!
Bəli, ölkəmizdə varlanmağı bacarmış – bacaran istənilən qədər insan – ailə var! Bunların arasında maddi cəhətdən varlandıqca insanlığı da zirvələrə yüksələn az deyil. Lakin maddi imkanları artdıqca yerin dibinə enənləri də az görmədik!
Yəni pul-para var, amma adam ola bilmirlər!
Səbəb nədir?
Səbəb soy-sop, əsil-nəcabət məsələsidir!
Dəfələrlə bu mövzuda yazmışıq, danışmışıq – insanın soyunda problem olanda maddi cəhətdən nə qədər varlansa da mənəvi baxımdan yüksələ bilmir ki, bilmir!
Bu arada haşiyə çıxıb qeyd edim ki, yazdıqlarımız müəllimini odlu silahla yaralayan şagirdin ailəsi ilə bağlı deyil. Çünki o ailəni tanımırıq, iş də hələ tam araşdırılmayıb…
Yəni bir az özümüzdən danışaq dedik bu mövzunun işığında…
Şəxsən mən də hamı kimi orta məktəbdə oxumuşam. Xaçmaz rayonunun Dədəli kəndində – doğma elimdə düz 10 il eyni məktəbdə oxumuş birisiyəm. Bu 10 il içində məktəbə müxtəlif müəllimlər gəlib və gedib. Özəlliklə də kənardan təyinatla gələn gənc qızlar mənə də dərs deyib…
Yadımdadır ki, ağlım kəsəndən əsasən də qız müəllimlərimə qarşı çox diqqətli olmuşam. Nə gizlədim, kişi müəllimlərin dərsində şuluq saldığım da, dərsdən qaçdığım da az olmayıb. Amma xanım-xatun müəllimlərin dərsində həmişə quzu balası kimi sakit olmuşam, üstəlik də dərslərini daha yaxşı oxumuşam…
Niyə belə idim?
Səbəb ailəmdir. Əslim-nəcabətim, soyumdur.
Bizim ailəmizdə qadına münasibətdə alicənab olmağı öyrədirdilər. Oğlan uşaqları qadınlara münasibətdə mütləq davranışına, danışığına fikir verməli idi. Qadına kobud davranmaq, əl qaldırmaq, hədsizlik etmək kişilikdən sayılmırdı bizim ailəmizdə…
Mən o ailənin uşağı kimi bugünkü 58 yaşın içindəki birisi olaraq ömrümdə bir qadına əl qaldırmamışam! Nə ailəmin içində, nə də dışında!
Nə gizlədim, olur ki, bəzən hansısa xanımla sözümüz çəp gəlir. Özəlliklə də sosial media dövründə bundan yayınmaq alınmır. Amma hər şeyə rəğmən sözüm çəp gələn xanımlarla belə mümkün qədər nəzakətlə davranır, söhbətimiz alınmayanda da sakitcə ortalıqdan çəkilirəm.
Ailə içində isə nə xanımıma, nə də qızıma əl qaldırdığım olub (düzdür, onlar da buna şərait yaratmır). Lap belə ən sərt sözü də demək lazım olanda həddimi – ədəbimi gözləyirəm. Dedim axı, belə öyrədiblər bizi…
Məktəbdə oxuyanda da elə idim. Qızlarımıza da münasibətdə, xanım müəllimlərimizə də münasibətdə davranışıma, hətta səs tonuma belə diqqət yetirərdim…
Sonra texnikum oxudum, universitet illərim oldu. O illərdə də qızlar – qadınlarla münasibətdə həddimi – yerimi bildim, lazım gələndə xanımların müdafiəçisi oldum.
Bizə kişilik də öyrədilmişdi çünki ailəmizdə. Həm də öyrədilmişdi ki, kişi qadına qarşı sərt olmaz, əl qaldırmaz!
Amma biz sayılıb-seçilən bir məktəbdə oxuyan yeniyetmənin öz müəlliminə silah çəkdiyini görürük!
Bu silah çəkənin kimliyini bir kənara qoyub sorğulamaq istərdim: ailələrdə oğlan uşaqlarına xanımlarla nəzakətli davranmaq lazım olduğunu öyrətmirlər görəsən?
Yoxsa xanımlara nəzakətli olmaq köhnələrdə qaldı, yenilər kişi-qadın “ayrıseçkiliyinə” qarşıdır?
Bu arada qeyd edim ki, şəxsən mənim üçün kişi-qadın fərqi həmişə olub, olacaq da!
Kişi kişidir, güclüdür, sərtdir, ailənin, toplumun qoruyucusudur.
Qadın isə zərifdir, müdafiəyə ehtiyacı var, kişinin onu qoruması mütləqdir.
Belə bir durumda özünə kişi deyən kəs – lap elə yeniyetmə də olsa – necə bir qadına əl qaldıra, silah çəkə bilər?
Sözüm ata-analaradır: oğullarınızı kişi, qızlarınızı xanım kimi yetişdirin! Elə edin ki, onlar ailə içində də, toplumda da öz yerlərini – hədlərini – məsuliyyətlərini dərk edə bilsinlər!
Vay o günə ki, oğlunuz bir qadına şiddət tətbiq edəcək qədər alçalacaq!
Vay o günə ki, qızınız xanım olduğunu unudub özünü də, ailəsini də ucuzlaşdıracaq!
Alçaq deyil, yüksək övladlar yetişdirin, atalar və analar! Elə övladlar ki, onlar həm özlərini, həm də mənsub olduqları soyu uca tuta bilsin!
Yoxsa…
Yoxsa maddi baxımdan milyonlarınız da olsa, sizdən adam olan deyil!..






İlk şərhi yaza bilərsiniz