BAYRAQDAR MEDİA – Fevralın 17-də Azərbaycan Milli Xalça Muzeyində (AMXM) “Bağçada güllər” – Avropa milli geyimləri və ornamentləri sərgisinin açılış mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Muzeyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “sərgi altıncı “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin, AMXM, “Arts Council Azerbaijan” və Aİ-yə üzv dövlətlərin Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Muzeyinin direktoru Əminə Məlikova, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç, “Arts Council Azərbaycan” təşkilatının rəhbəri Dadaş Məmmədov çıxış ediblər. Natiqlər çıxışlarında sərginin mədəniyyətlərarası dialoqun inkişafına töhfə verdiyini, Avropa və Azərbaycanın zəngin sənət ənənələri arasında paralellər qurduğunu və ortaq estetik dəyərləri ön plana çıxardığını vurğulayıblar. Bədii hissədə “Sənət” Uşaq Musiqi və İncəsənət Mərkəzinin rəqs qrupu “Flamenko” və Azərbaycan milli rəqslərini ifa ediblər. Daha sonra qonaqlar sərgi ilə tanış olublar”.
Sonra xəbərdə, “ekspozisiyada Almaniya, Bolqarıstan, Çexiya, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiya səfirlikləri tərəfindən təqdim olunan 16 milli geyim dəsti yer alır. Bu nümunələr Avropa ölkələrinin zəngin mədəni müxtəlifliyini, fərqli tarixi dövrlərə aid adət-ənənələrini, özünəməxsus kimliyini və geyimlərin ornamental xüsusiyyətlərini əks etdirir. Eyni zamanda, sərgidə muzeyin kolleksiyasında qorunan, xalqın tarixini və mədəni irsini təcəssüm etdirən Azərbaycan milli geyimləri, eləcə də “Bağçada güllər” və “Alpan” xalçaları nümayiş olunur. Ekspozisiya Avropa və Azərbaycan mədəni irsi arasında paralellər quraraq ornament və naxışların ümumbəşəri estetik dəyərlərini ön plana çıxarır” deyə bildirilir.
Sərginin əsas məqsədi Azərbaycan tamaşaçısını Avropa xalqlarının əsrlər boyu formalaşmış sənətkarlıq ənənələrini əks etdirən ənənəvi milli geyimləri tanıtmaq, eyni zamanda, Avropa və Azərbaycan dekorativ-tətbiqi sənət nümunələri arasında bədii və mədəni oxşarlıqları göstərməkdir. Layihə mədəniyyətlərarası dialoqu təşviq etməyi, ortaq estetik dəyərləri vurğulamağı və milli irsin qorunması və təbliğinin əhəmiyyətini diqqətə çatdırmağı hədəfləyir.
Qeyd edək ki, sərgi fevralın 21-dək davam edəcək.






İlk şərhi yaza bilərsiniz