BAYRAQDAR MEDİA – Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzi və Evrika Liseyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və türk dünyası” adlı tədbir keçirilib. Evrika Liseyində təşkil olunan tədbirə tanınmış elm, təhsil və ədəbiyyat nümayəndələri qatılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Mərkəzdən məlumat verilib.
Məlumata görə, tədbiri giriş sözü ilə açan Layihənin rəhbəri, Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın salamlarını çatdırıb, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında və türk dünyası birliyinin möhkəmləndirilməsində oynadığı tarixi roldan ətraflı bəhs edib. O, bildirib ki, Ulu Öndər yalnız Azərbaycan dövlətçiliyini qorumaqla kifayətlənməmiş, həm də türk dünyasında Azərbaycanın rolunu gücləndirmiş, ortaq milli-mənəvi dəyərlərin qorunması və təşviqi istiqamətində mühüm addımlar atmışdır: “Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı kimi tarixdə özünəməxsus yer tutmuş, hazırda bu siyasi xətt və milli-mənəvi dəyərlərə bağlı irs Ulu Öndərin sadiq davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsinin və qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirən Cəlal İbrahimli çıxışının sonunda gənclərə müraciət edərək, savadlı, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı gəncliyin türk dünyasının gələcəyi üçün əsas təminat olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Evrika Liseyinin təsisçisi Xudu Rzayev gənc nəslin vətənpərvər ruhda böyüməsinin, milli dəyərlərə sadiq qalmasının əhəmiyyətini vurğulayıb.
Sonra Evrika Liseyinin direktoru Ofeliya Muradova çıxış edərək belə tədbirlərin təhsil müəssisələrində keçirilməsinin şagirdlərin milli kimlik şüurunun formalaşmasına müsbət təsir göstərdiyini qeyd edib.
ADU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru Adil Babayev çıxışında Heydər Əliyevin dil siyasətindən danışıb, Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi istiqamətində görülən işləri elmi aspektdən təhlil edib.
Tədbirdə çıxış edən şair Rüstəm Behrudi türk dünyasının ortaq ruhu, milli kimlik və istiqlal ideyasının bədii-fəlsəfi mahiyyətinə toxunub, Ulu öndər Heydər Əliyevin bu ideyanın siyasi ifadəçisi kimi tarixdə xüsusi yer tutduğunu, Ümummilli Liderin Azərbaycan dilinin qorunmasında önəmli xidmətləri olduğunu vurğulayıb.
Daha sonra Evrika Liseyinin direktor müavinləri Bahar İsgəndərova, Nazan Akkoyun və Aygün Kərimova çıxış edərək gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində belə maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib, Türk dünyası mövzusunun təhsil mühitində davamlı şəkildə diqqətdə saxlanılmasının vacibliyini bildiriblər.
Tədbir çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.






İlk şərhi yaza bilərsiniz