Son yeniləmə: 17 Fevral 2026
Müxalifət dağıdıcılıq yolunu seçib
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətində parlamentdə böhran yaranıb. Bunun səbəbi isə müxalifətin dağıdıcı metoda üstünlük verməsi olub.
KKTC parlament tarixinə qara ləkə
Cumhuriyet Meclisində Fiber Optik Protokolu ilə bağlı təsdiq qanun layihəsinin müzakirə olunduğu və təxminən 19 saat davam edən iclas daxili nizamnamənin pozulması əsas gətirilərək bağlanıb.
Bu barədə kibrispostasi.com saytı məlumat verib.
Məlumatda deyilir ki, müxalifət və həmkarlar ittifaqları Məclisin qarşısında etiraz aksiyası keçirərkən, Baş nazirlik müxalifətin mövqeyini “Məclis tarixinə qara ləkə” kimi qiymətləndirib. Layihənin səsvermə prosesi Məclis yenidən toplandıqdan sonra dəqiqləşəcək.
Fiber optik protokolu nədir?
Ziya Öztürklerin sədrliyi ilə fefralın 16-da saat 18:15-də başlayan iclasda “Türkiyə Cümhuriyyəti Hökuməti ilə Kuzey Kıbrıs Türk Cümhuriyyəti Hökuməti arasında KKTC-nin fiber optik infrastrukturunun inkişaf etdirilməsi və fiber optik kabellər üzərindən təqdim olunan xidmətlərin ev təsərrüfatlarına və müəssisələrə çatdırılmasına dair Əməkdaşlıq Protokolu”nun təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Millət vəkilləri layihəni ətraflı şəkildə dəyərləndirib, müzakirələr gecə saatlarınadək davam edib. 2025-ci il 11 iyul tarixində imzalanmış Fiber Transformasiya Protokolu çərçivəsində 150 min ev təsərrüfatına fiber internet infrastrukturunun çatdırılması hədəflənir. Dəyəri 100 milyon ABŞ dollarından artıq olan layihənin 12 ay ərzində tamamlanması planlaşdırılır. Protokola əsasən, sistem 25 il müddətində Türk Telekom tərəfindən istismar ediləcək, müddət başa çatdıqdan sonra isə Telekommunikasiya İdarəsinə təhvil veriləcək.
İcəridən və çöldən təzyiq hücumu
Layihənin müzakirəsi davam edərkən Kıbrıs Türk Dövlət Məmurları Həmkarlar İttifaqı (KTAMS) Fiber Optik Protokoluna qarşı Telekommunikasiya İdarəsinin bütün şöbələrində və Cumhuriyet Meclisində tam günlük tətil elan etdiyini açıqlayıb. KTAMS-ın sədri Güven Bengihan rabitə infrastrukturunun təhvil verilməsinə qarşı olduqlarını bildirib.
Bununla yanaşı, bir sıra həmkarlar ittifaqları Məclis binası qarşısında etiraz aksiyası keçirib. Məclis daxilində müzakirələr davam etdiyi vaxtda, çöldə də həmkarlar ittifaqları və müxtəlif vətəndaş cəmiyyəti təşkilatları protokola etirazlarını ifadə ediblər.
Bir sözlə, hökumətə qarşı daxildən və xaricədn eyni vaxtda təzyiq hücumu baş verib.
Müxalifətin “qara bayrağı”
Paramentdə yaşanan gərgin müzakirələr zamanı müxalifətçi CTP millət vəkili Erkut Şahali tribunaya qara bayraq asıb. Şahali daxili nizamnaməyə zidd hərəkət etdiyinin fərqində olduğunu bildirərək hökuməti Konstitusiyanı və dövlət institutlarını nəzərə almamaqda ittiham edib və “Tələb olunan nədirsə, edin” deyə bəyan edib.
Cümhurbaşqanı Tufan Erhürmanın Türkiyəyə səfəri səbəbilə Məclis sədri Ziya Öztürkler səlahiyyətlərini müvəqqəti olaraq təhvil verib. Təxminən 19 saat davam edən müzakirələrdən sonra Məclis sədrinin müavini Fazilet Özdenefe daxili nizamnamənin pozulması əsas gətirilərək saat 12:30 radələrində iclası bağlayıb. Məclisin daxili nizamnaməsinə əsasən, növbəti iclasın 23 fevral bazar ertəsi günü keçiriləcəyi bildirilib.
Müxalifətin gerçək niyyəti bəllidir
İclasın bağlanmasından sonra müxalifət millət vəkilləri Məclis binasının qarşısına çıxaraq aksiya keçirən həmkarlar ittifaqları ilə birlikdə açıqlama veriblər. Cumhuriyetçi Türk Partisinin (CTP) başqanı Sıla Usar İncirli, Toplumcu Demokrasi Partisinin (TDP) başqanı Zeki Çeler, TEL-SEN başqanı Hakan Üredi, Türk-Senin başqanı Arslan Bıçaklı, İnternet Xidmət Təchizatçıları Birliyi adından İzzet Çınar və KTAMS başqanı Güven Bengihan çıxış edərək vəziyyəti dəyərləndiriblər.
CTP başqanı İncirli hökumətin ictimai müxalifətin mövqeyini nəzərə almadığını bildirərək mübarizənin davam edəcəyini vurğulayıb. TDP başqanı Çeler isə layihə Məclisdən keçəcəyi təqdirdə dövlət başçısının məsələni Konstitusiya Məhkəməsinə çıxara biləcəyini qeyd edib.
TEL-SEN başqanı Üredi xalqın bu müqaviməti unutmayacağını bildirib. Türk-Sen başqanı Bıçaklı isə Ercan Havalimanında nəzarət qülləsində tətilə başlanıldığını və təyyarələrin eniş-qalxışlarının dayandırıldığını açıqlayıb. İnternet Xidmət Təchizatçıları Birliyi adından danışan Çınar fiber infrastruktura qarşı olmadıqlarını, lakin protokolun bəzi maddələrinə etiraz etdiklərini deyib. KTAMS başqanı Bengihan isə “dövlət əmlakının ucuz qiymətə verilməsinə və korrupsiyaya qarşı olduqlarını” bəyan edib.
Baş verən hadisələrdən sonra Baş nazirlik yazılı açıqlama yayıb. Açıqlamada Məclisin iki gün ərzində 18 saatdan artıq müddətdə yetərli kvorumla işlədiyi, hökumətin isə bütün tənqidləri səbir və təmkinlə dinlədiyi bildirilib.
Bəyanatda əsas müxalifətin Məclisin daxili nizamnaməsini qəsdən pozduğu iddia olunub. Qeyd edilib ki, Məclis sədrinin Prezidentə vəkalət etməsi fürsət bilinərək tribunaya qara bayraq asılıb və fasilə verilməli olan iclas planlı şəkildə bağlatdırılıb. Bu addımın “Məclis tarixinə qara ləkə” kimi düşəcəyi vurğulanıb.
Hökumət yetərli kvorum mövcud olduğu halda Baş Assambleyanın bazar ertəsinə qədər tətil edilməsini də tənqid edib və Məclisin fəaliyyətini dayandırmaq məqsədilə qəsdən edilən daxili nizamnamə pozuntularını qəbul etmələrinin mümkün olmadığını qeyd edib.






İlk şərhi yaza bilərsiniz