Press "Enter" to skip to content

“Müqəddəs həndəsə” – kainatın ilahi nizamı

Tədbirdən görüntü

İsgəndər Sərdarlı: “Əmir Üskülünün İstanbuldakı sərgisi Türk-İslam sənətinin beynəlxalq manifestidir”

BAYRAQDAR MEDİA – İstanbulun ən mötəbər tarixi məkanlarından olan Türk və İslam Əsərləri Muzeyində (İbrahim Paşa Sarayı) açılan “Sufizmdən formaya: Toxuculuq sənətində müqəddəs həndəsə” adlı sərgi dünya sənətşünaslıq elmi üçün müstəsna hadisədir”.

Bu sözləri BAYRAQDAR MEDİA-ya açıqlamasında tanınmış araşdırmaçı tətbiqi sənət ustası İsgəndər Sərdarlı deyib. O, bildirib ki, sərginin müəllifi, əslən Güney Azərbaycandan (Üskü/Təbriz) olan, hazırda ABŞ-də yaşayan tanınmış sənətşünas və kolleksioner Əmir Üskülünün (Amir Oskouei) fəaliyyəti türk dünyasının vizual yaddaşının qlobal səviyyədə tədqiqinə xidmət edir.

İ.Sərdarlı vurğulayıb ki, Əmir Üskülünün bu uğuru Azərbaycan sənətsevərləri üçün gözlənilən idi: “Dəyərli həmkarım Əmir bəy ötən il Bakıda keçirilən və böyük əks-səda doğuran sərgisi ilə ölkəmizin mədəniyyət elitasının dərin rəğbətini qazanmışdı. Bakıda qurulan o mənəvi və elmi körpü bu gün İstanbulda daha geniş miqyasda — qardaş Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, millət vəkili Şamil Ayrım və digər yüksək rütbəli rəsmilərin iştirakı ilə zirvəyə ucaldı. Bu sərgi Əmir bəyin Təbriz ruhunu, Bakı təcrübəsini və ABŞ-dəki akademik fəaliyyətini bir nöqtədə birləşdirən sənət zəfəridir”.

“Sufizm və müqəddəs həndəsənin elmi vəhdəti”

Araşdırmaçı usta sərginin fəlsəfi dərinliyinə də diqqət çəkib: “Əmir Üskülü sadəcə nadir eksponatlar nümayiş etdirmir, o, toxuculuq sənətindəki “Müqəddəs həndəsə” (Sacred Geometry) vasitəsilə kainatın ilahi nizamını oxuyur, sufi fəlsəfəsindəki “vəhdəti-vücud” anlayışının ilmələrdəki riyazi əksini elmi şəkildə əsaslandırır. Bu, sənətin maddədən (formadan) mənaya (ruha) doğru apardığı bir səyahətdir. Onun bir Azərbaycanlı sənətşünas kimi bu mürəkkəb kodları dünya sənət mərkəzlərində belə ustalıqla təqdim etməsi bizim ortaq mədəniyyətimizin təntənəsidir”.

Sonda İsgəndər Sərdarlı qeyd edib ki, bu sərgi həm də türk-islam sənətinin gələcək nəsillərə ötürülməsi yolunda mühüm manifestdir: “İstanbuldakı bu sərgi sübut etdi ki, bizim naxışlarımız sadəcə bəzək deyil, onlar minillik fəlsəfənin və elmin daşıyıcısıdır. Əmir Üskülünün ABŞ-dən Türkiyəyə, Azərbaycana uzanan bu missiyası hər birimiz üçün qürur mənbəyidir. İnanıram ki, bu sərgi beynəlxalq sənətşünaslıq aləmində uzun müddət ən ciddi tədqiqat obyekti olaraq qalacaqdır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.