Bakıda bu mövzuda dəyirmi masa keçirilib
BAYRAQDAR MEDİA – Azərbaycanda uşaq və qadın hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Tədbir BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində reallaşıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.
Məlumata əsasən, dəyirmi masa “Şəhərsalma və uşaq hüquqları: Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) kontekstində kompleks yanaşma” mövzusuna həsr olunub: “Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli WUF13-ün Azərbaycanda keçirilməsinin əhəmiyyətini və vətəndaş cəmiyyətinin bu beynəlxalq platformada fəal iştirakının vacibliyin vurğulayıb. Bildirib ki, tədbirin əsas məqsədi şəhər inkişafı prosesində uşaqların hüquqlarının qorunması ilə bağlı dövlət qurumları və vətəndaş cəmiyyəti arasında dialoqu gücləndirmək və mövzunu prioritet istiqamət kimi diqqətdə saxlamaqdır”.
Məlumatda deyilir ki, sonra “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi sədri Kəmalə Aşumova çıxış edib: “O, bildirib ki, şəhərsalma yalnız infrastruktur məsələsi deyil, eyni zamanda sosial ədalət mövzusudur. Şəhər inkişafı proseslərində bütün uşaqların hüquqları balanslı şəkildə nəzərə alınmalıdır. Region, şəhər və kənd mühitində uşaqların üzləşdiyi problemlər koordinasiyalı və kompleks yanaşma tələb edir. K.Aşumova, həmçinin “Uşaq hüquqları haqqında” qanunun yenilənməsi mərhələsində bu müzakirələrin xüsusi aktuallıq daşıdığı diqqətə çatdırıb”.
Tədbirdə çıxış edən BMT-nin Məskunlaşma Proqramının Ölkə Ofisinin rəhbəri Anna Soave uşaqların şəhərsalma proseslərinə cəlb olunmasının sosial həmrəyliyi və uzunmüddətli dayanıqlılığı gücləndirdiyini deyib: “O vurğulayıb ki, müasir yanaşma artıq “uşaqlar üçün planlaşdırma” modelindən “uşaqlarla birlikdə planlaşdırma” modelinə keçidi tələb edir”.
Milli Məclisin Ailə,Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək urbanizasiya proseslərində insan amilinin əsas prioritet olduğunu vurğulayıb. O, müharibədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə yeni şəhərlərin salınması zamanı insanların, xüsusilə uşaqların rifahı, təhlükəsizliyi və sosial təminatının nəzərə alınmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib.
Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü,Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov çıxış edərək bildirib ki, bu kimi mövzular yalnız dövlət qurumları müstəvisində deyil, eyni zamanda bələdiyyələr və yerli icra qurumları ilə əməkdaşlıq çərçivəsində də müzakirə olunmalı, bu əsasda geniş maarifləndirmə və təbliğat işləri aparılmalıdır.
Tədbirdə həmçinin, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, ADA Universitetinin Tədris işləri üzrə prorektor müşaviri, dosent Anar Vəliyev və Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzinin rəhbəri Aydın Xəlilov da çıxış ediblər.
Tədbir interaktiv və geniş müzakirələr şəraitində başa çatıb.






İlk şərhi yaza bilərsiniz