Besim Dutlulu Manisa Azerbaycan Kültür ve Dayanışma Derneğinin heyətini qəbul edib
BAYRAQDAR MEDİA – Manisa Azerbaycan Kültür ve Dayanışma Derneğinin fəaliyyəti bütün sahələrdə öz bəhrəsini verir. Bu arada Manisa Böyükşəhər Bələdiyyəsinin başqanı Besim Dutlulu Dərnək rəhbəri Şentürk Hoşgül və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dərnəkdən məlumat verilib.

Məlumatda deyilir ki, Şentürk Hoşgül və onu müşayiət edən nümayəndə heyəti Besim Dutlulunu qəbul otağında ziyarət edərək dərnəyin fəaliyyəti barədə ətraflı məlumat veriblər: “Görüş çərçivəsində 2023-cü ildə Qardaş Şəhər Protokolu imzalanmış Azərbaycanın Şirvan şəhərinin İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və Şirvan Bələdiyyə sədrinin salamlarını Besim Dutluluya çatdıran Şentürk Hoşgül yaxın aylarda Şirvan şəhər rəhbərliyi tərəfindən Azərbaycana rəsmi dəvətin planlaşdırıldığını bildirib. Besim Dutlulu isə qardaş şəhər Şirvandan Mesir Macunu Festivali münasibətilə gələcək nümayəndə heyətini ən yüksək səviyyədə qarşılayacaqlarını qeyd edərək, nəzakətli dəvət təşəbbüsündən məmnunluğunu ifadə edib”.
Məlumata əsasən, ziyarətdə Türkiye-Azerbaycan İş Geliştirme Komitesindən iş adamları Sedat Ergin, Serdar Yılmaz və Servet Güngör, həmçinin, Dərnəyin Qadınlar Qolundan Firuzə Mədətli və Filiz Kayatepe, Dərnəyin Celal Bayar Üniversitesi Tələbə Birliyi nümayəndəliyindən Yasef Aliyev və sədr müavini Serhat Hoşgül də iştirak ediblər.
Məlumatda o da vurğulanıb ki, görüşdə rəhbərlik etdiyi Dərnək barədə məlumat verən Şentürk Hoşgül Azərbaycan diasporu olaraq Şahzadələr şəhəri Manisada son dörd il ərzində 50-dən artıq proqram həyata keçirdiklərini bildirib: “O, sosial, mədəni və akademik fəaliyyətlərlə yanaşı, gənclər düşərgələri, səfərlər və görüşlər təşkil etdiklərini deyib. O, həmçinin yerli idarəetmə orqanlarının dəstəyi ilə bir çox azərbaycanlı rəsmiləri şəhərdə qəbul etdiklərini vurğulayıb. Ş.Hoşgül yaxın zamanda reallaşdırılması planlaşdırılan akademik və mədəni layihələrlə fəaliyyətlərin davam etdiriləcəyini də bildirib. İki qardaş ölkə arasında ticarət və iqtisadi əlaqələrin gücləndirilməsi, şəhərə əlavə dəyər qazandırılması məqsədilə “Bir Millət, İki İqtisadiyyat” şüarı ilə hərəkət etdiklərini söyləyən Dərnək rəhbəri bu çərçivədə gənc sahibkarlar və iş adamları ilə birlikdə Azərbaycana ticari və mədəni səfərin planlaşdırıldığını qeyd edib. Ş.Hoşgül, Bakı ilə İzmirin qardaşlaşmaısnın 4-cı ildönümü ilə əlaqədar olaraq aprel ayında keçiriləcək yubiley tədbirinə İzmir Azerbaycan Derneğinin dəvətini də Bələdiyyə başqanına çatdırıb”.
Görüşün sonunda dərnək üzvü, filoqrafiya ustası Süleyman Terzi tərəfindən hazırlanmış Türkiyə–Azərbaycan mövzulu tablo və Bakı motivli boşqab günün xatirəsi olaraq Besim Dutluluya hədiyyə edilib.






İlk şərhi yaza bilərsiniz