BAYRAQDAR MEDİA – Tanınmış ürək-damar cərrahı, Əməkdar həkim, Milli Məclisin deputatı Rəşad Mahmudov “Məktəbdə…” layihəsinin qonağı olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki görüşü paytaxtdakı 23 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.
Bu barədə BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, şagirdlərlə səmimi ünsiyyət şəraitində keçən görüşdə Rəşad Mahmudov məktəb illəri ilə bağlı xatirələrini bölüşüb: “O, şagirdlərin şəxsiyyət kimi yetişməsində, onların həyat yolunun müəyyənləşməsində məktəbin, müəllimlərin mühüm rolundan danışıb, müəllim-şagird münasibətlərinin təhsil prosesinin keyfiyyətinə birbaşa təsirlərindən söz açıb. Bildirib ki, müəllimlə şagird arasında qurulan sağlam ünsiyyət yalnız akademik nailiyyətlərin deyil, həm də şagirdlərin mənəvi və psixoloji inkişafının əsas şərtlərindən biridir”.
Məlumatda deyilir ki, məktəblilərin gələcək ixtisas seçiminə təsir edən amillərdən bəhs edən millət vəkili düzgün peşə seçiminin şəxsi maraq, bacarıq və cəmiyyətə faydalılıq prinsipləri əsasında müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb: “O, gənclərə məqsədyönlü olmağı, daim öz üzərlərində çalışmağı tövsiyə edib, gələcəklə bağlı düzgün qurulan xəyalların insanın hədəflərinin müəyyənləşməsində mühüm rol oynadığını nəzərə çatdırıb. R.Mahmudov şagirdlərə öz peşə fəaliyyəti, tibb sahəsində qazandığı uğurlar barədə geniş məlumat verib, onları maraqlandıran sualları cavablandırıb”.
Görüşdə kardiocərrahın həyata keçirdiyi ağır əməliyyatlardan biri ilə bağlı videoçarx da nümayiş etdirilib. O, əməliyyat prosesini izah edərək bir insanın həyatını xilas etməyin məsuliyyətindən danışıb, bu təqdimatla şagirdlərdə gələcək peşə seçiminə maraq oyatmağa çalışıb.






İlk şərhi yaza bilərsiniz