Press "Enter" to skip to content

21 Fevral ərəfəsində bu məktəb yenə fərqləndi – VİDEO

Tədbir sonrası xatirə şəkli

Son yeniləmə: 24 Fevral 2026

BAYRAQDAR MEDİA – Bakının Binəqədi rayonunda yerləşən Rüstəm Əliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində 21 Fevral – Beynəlxalq Ana Dili Günü təntənəli şəkildə qeyd edilib.

Məktəbdən BAYRAQDAR MEDİA-ya verilən xəbərə görə, tədbir qonaqların və iştirakçıların məktəbdə açılmış uşaqların əl işlərindən ibarət sərgiyə baxışı ilə başlayıb.

Daha sonra məktəbin geniş akt zalında şagirdlərin və müəllimlərin bir qisminin də iştirakı ilə geniş tədbir keçirilib.

Tədbir Azərbaycanın Dövlət Himninin ifası, ardından da şəhidlərin ruhuna sayğı duruşu ilə başlayıb.

Tədbirin fəxri qonaqları arasında ictimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlı, qardaş Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Kərkük Kültür Dərnəyinin rəhbəri, araşdırmaçı-yazar, şair Prof. Dr. Şəmsəddin Kuzəçi, “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin təmsilçiləri Laləİsgəndər Sərdarlılar, Əməkdar jurnalist Azər Həsrət, həmçinin “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin təmsilçisi Şamil Sabiroğlu olub.

Xalq şairi Sabir Rüstəmxanlı çıxışında ana dilinin əhəmiyyətindən danışıb, bu dilin qorunması və inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O, bir zamanlar Bakıda və ölkənin ayrı-ayrı bölgələrində rus dilinin süni şəkildə hakim mövqeyə gətirilməsini xatırladıb. Şair bildirib ki, özü şəxsən o mühitdə belə ana dilinə bağlılığından heç vaxt imtina etməyib, əksinə, bu dili daim uca tutmağı bacarıb.

Xalq şairi Sabir Rüstəmxanlının çıxışı böyük təqdir gördü
Xalq şairi Sabir Rüstəmxanlının çıxışı böyük təqdir gördü

Sabir Rüstəmxanlı eyni zamanda hələ 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusunun verilməsini də xatırladıb. O, eyni zamanda məktəbdə gördüyü yüksək vətənpərvərlik mühiti ilə bağlı xoş sözlər deyib.

Xalq şairi sonda öz yaradıcılığından da danışıb, ana dilinə həsr edilmiş şeirini iştirakçılara təqdim edib.

Prof. Dr. Şəmsəddin Kuzəçi Dr. Almaz Həsrəti təltif edərkən
Prof. Dr. Şəmsəddin Kuzəçi Dr. Almaz Həsrəti təltif edərkən

Prof. Dr. Şəmsəddin Kuzəçi isə çıxışında Azərbaycan həsrətli Kərkükdən danışıb.

O, tarixə baş vuraraq Kərkük və bütünlükdə Türkmənelində yüz illərdir türkcənin Azərbaycan dialekti ilə səsləşən yerli dilin qorunmasını vurğulayıb.

Şəmsəddin Kuzəçi bildirib ki, Kərkük Azərbaycandan, Azərbaycan da Kərkükdən ayrı deyil. O, Ulu Öndər Heydər Əliyevin bir zamanlar dediyi sözləri də xatırladıb: “Heydər Əliyev deyirdi ki, araşdıranda gördüm ki, Quzey Azərbaycan, Güney Azərbaycan və Kərkük bir bütövün parçalarıdır”.

Şəmsəddin Kuzəçi sözünün sonunda məktəbin direktoru Dr. Almaz Həsrətə başçılıq etdiyi dərnəyin “Təşəkkür” diplomunu və yeni çapdan çıxmış “Kərkükün günəşi” adlı şeirlər kitabını təqdim edib. O, eyni zamanda Sabir Rüstəmxanlını da təltif edib.

İsgəndər Sərdarlının çıxışı ciddi marağa səbəb oldu
İsgəndər Sərdarlının çıxışı ciddi marağa səbəb oldu

İsgəndər Sərdarlı isə çıxışında məktəbdə gördüyü vətənpərvərlik mühitindən danışıb, məhz belə bir məktəbdə ana dilinə qayğının yüksək olmasını ayrıca vurğulayıb. O, eyni zamanda özünün və təmsil etdiyi qurumun bu cür məsələlərə xüsusi həssaslıqla yanaşdığını qeyd edib.

İsgəndər Sərdarlı tədbirə ev sahibliyi edən məktəblə təmsil etdiyi qurum arasında iş birliyindən məmnunluğunu dilə gətirib.

Digər çıxışlarda da ana dilinin önəmi, bu dilə Azərbaycandan göstərilən qayğı haqqında danışılıb.

Rəsmi çıxışlardan sonra məktəbin şagirdlərinin ifasında şeirlər səsləndirilib, musiqi nömrələri təqdim edilib. Şagirdlər öz rəngarəng çıxışları və üstün istedadları ilə qonaqların bəyənisini qazanıblar.

Tədbirin sonunda çıxış edən məktəbin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Almaz Həsrət Ulu Öndər Heydər Əliyevin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ana dilinə olan qayğısından danışıb, qonaqlara tədbirə əlavə dəyər qatdıqlarına görə təşəkkür edib.

Sonda qonaqlarla iştirakçılar xatirə şəkli çəkdiriblər.

Əlavə edək ki, milli vətənpərvər ruhda tədbirlərin keçirilməsi ilə daim fərqlənən 3 nömrəli məktəb bu dəfə də fərqlənməyi bacarıb. Məhz buna görə də qonaqlar tədbirdən və ümumi mühitdən çox məmnun olduqlarını dilə gətiriblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.