BAYRAQDAR MEDİA – Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində “Pediatriyada yeni yanaşmalar və praktiki həllər” mövzusunda növbəti regional konfransı keçirilib. Konfrans Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və “Lasomedgroup”un dəstəyi ilə Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) “Milli Pediatriya Akademiyası-95 il” yubiley layihəsi çərçivəsində reallaşıb.
Bu barədə Azərbaycan Pediatrlar Assosiasiyasından məlumat verilib.
Məlumata görə, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq dərin ehtiramlarını bildiriblər: “Tədbiri giriş nitqi ilə açan Azərbaycan Pediatrlar Assosiasiyasının sədri Təranə Tağı-zadə APA-nın “Milli Pediatriya Akademiyası -95 il” yubiley layihəsi çərçivəsində regionlarda həkimlərin peşəkar inkişafını hədəfləyən silsilə görüşlərin davamı kimi konfransın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, belə tədbirlər paytaxtla bölgələr arasında elmi təcrübə mübadiləsini gücləndirmək və ən son tibbi innovasiyaları yerli pediatrların təcrübələrində tətbiqinə imkanlar yaratmaq məqsədi daşıyır”.
Məlumatda deyilir ki, sonra Təranə Tağı-zadə “Ailə təbabətində pediatriya: süni intellekt və rəqəmsal səhiyyənin rolu” mövzusunda təqdimatla çıxış edib: “Alim vurğulayıb ki, müasir dövrdə rəqəmsal həllər və süni intellekt uşaq xəstəliklərinin erkən diaqnostikasında və fərdi müalicə metodlarının seçilməsində inqilabi rol oynayır. Rəqəmsal səhiyyənin ailə təbabətinə inteqrasiyası pediatrların işini asanlaşdırmaqla yanaşı, tibbi xidmətin keyfiyyətini və əlçatanlığını da artırır. Pediatr bildirib ki, texnologiya nə qədər sürətlə inkişaf etsə də, insan həyatı ilə bağlı son qərar heç vaxt süni intellektə deyil, məhz həkimin özünə məxsus olmalıdır. Çünki heç bir texnologiya həkim şəfqətini və mərhəmətini əvəz edə bilməz. Həkim yalnız diaqnoz qoyan mütəxəssis deyil, eyni zamanda xəstəyə ürəkdən yanaşan, onun hüquqlarını və insani dəyərləri hər şeydən üstün tutan yüksək məsuliyyət daşıyıcısıdır”.
Məlumatda vurğulanır ki, konfransda çıxış edən millət vəkili, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov müasir təbabətdə klinik protokolların tətbiqi əhəmiyyətindən danışıb.
Sonra Lənkəran ŞİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva, ATU-nun II uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva, Kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Fəxriyyə Məmmədova, Kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Lalə Hidayətova, TƏBİB-in nümayəndəsi, Sumqayıt Tibb Mərkəzinin dorektoru, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov və başqaları çıxış ediblər.
Çıxışlarda Azərbaycanda son illər səhiyyə sisteminin müasirləşdirilməsi istiqamətində atılan strateji addımlar, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, milli genofondun qorunmasına xidmət edən sosial-tibbi layihələrin əhəmiyyəti və tibb müəssisələrinin maddi-texniki bazasının beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi xüsusi vurğulanıb.
Səhiyyə Nazirliyi tərəfindən 12 DTT balı ilə qiymətləndirilən konfransda 150-dən çox səhiyyə mütəxəssisi əyani və onlayn iştirak edib.
Tədbir elmi məruzələrlə davam edib.






İlk şərhi yaza bilərsiniz