Press "Enter" to skip to content

SN-dən xəbərdarlıq

SN-dən xəbərdarlıq

BAYRAQDAR MEDİA – Son dövrlərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz istifadə olunması halları qeydə alınır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Mərkəzin adından çıxış edən bəzi şəxslər Bakı şəhərinin müxtəlif rayonlarında, eləcə də respublikanın digər bölgələrində fəaliyyət göstərən obyektlərə yaxınlaşaraq sanitar-epidemioloji vəziyyətin guya qənaətbəxş olmadığı barədə əsassız iddialar irəli sürür, dezinfeksiya, dezinseksiya, deratizasiya və digər xidmətlərin həyata keçirilməsinin zəruri olduğunu bildirir, əks təqdirdə inzibati məsuliyyət tədbirlərinin görüləcəyi ilə bağlı xəbərdarlıq edirlər”.

Sonra xəbərdə, “bununla əlaqədar olaraq Nazirlik bildirib ki, Azərbaycanın qüvvədə olan qanunvericiliyinə əsasən dövlət sanitariya-epidemioloji nəzarəti çərçivəsində yoxlamalar yalnız qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Bu zaman vəzifəli şəxslər mütləq qaydada öz xidməti vəsiqələrini təqdim etməli, həmçinin sahibkarlıq subyektlərinə münasibətdə yoxlamanın aparılması barədə qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması haqqında çıxarışı təqdim etməlidirlər” deyə qeyd edilir.

Xəbərdə eləcə də bildirilir ki, “rəsmi yoxlamalar yalnız sözügedən Mərkəzin səlahiyyətli əməkdaşları tərəfindən və müvafiq hüquqi əsaslar mövcud olduqda aparılır. Mərkəzin adından istifadə etməklə hər hansı kommersiya xidmətlərinin təklif edilməsi və ya hədə-qorxu yolu ilə ödəniş tələb olunması qanunsuzdur. Vətəndaşlardan və sahibkarlıq subyektlərindən belə hallarla qarşılaşdıqda dərhal aidiyyəti üzrə SN-in 9103 qaynar xətti, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (012) 421-13-93 nömrəsi və ya Daxili İşlər Nazirliyinin 102 xidməti vasitəsilə məlumat vermələri xahiş olunur”.

SN bir daha vətəndaşları diqqətli olmağa, bu kimi hallara qarşı həssas yanaşmağa və yalnız rəsmi dövlət qurumlarının təqdim etdiyi məlumatlara etibar etməyə çağırıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.