BAYRAQDAR MEDİA – Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Daşkənddə fəaliyyət göstərən Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi ilə birgə 18 mart 1915-ci il Çanaqqala Zəfərinin 111-ci və 12 mart 1921-ci il İstiqlal Marşının qəbulunun 105-ci ildönümü münasibətilə tədbir keçirilib.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.
Xəbərdə deyilir ki, “Mərasimdə Mədəniyyət Mərkəzlərinin əməkdaşları, Özbəkistanın və Türkiyənin elm və mədəniyyət xadimləri, tələbələr iştirak ediblər. Tədbirin əvvəlində Azərbaycan, Türkiyə və Özbəkistanın dövlət himnləri səsləndirilib. Tədbir çərçivəsində tələbələr görkəmli türk şairi Mehmet Akif Ersoyun “Çanaqqala” şeirindən parçalar təqdim ediblər”.
Tədbirdə çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli 18 mart 1915-ci il Çanaqqala Zəfərinin türk dünyasının tarixində mühüm yer tutduğunu vurğulayaraq, bu zəfərin şanlı tarixini qeyd edərkən, yalnız bir hərbi qələbəni deyil, bütün türk dünyasının birlik və həmrəylik ruhunun xatırlandığını qeyd edib. Bu Zəfərin təkcə Osmanlı dövlətinin deyil, bütün türk xalqlarının qəhrəmanlıq salnaməsi kimi tarixə düşmüşdüyünü bildirib. Həmçinin, Çanaqqala döyüşlərində Anadolu türkləri ilə yanaşı Azərbaycan türklərinin də iştirak etmiş olması və qardaş Türkiyənin müdafiəsi uğrunda mübarizə aparmaqları da bu baxımdan mühim rol oynayır.
O, vurğulayıb ki, “hazırda Azərbaycan, Türkiyə və Özbəkistan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərə əsaslanır. Onun sözlərinə görə, Azərbaycanın Prezidenti İlham Əliyev, Türkiyənin Prezidenti Recep Tayyip Erdoğan və Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin həyata keçirdikləri siyasət nəticəsində qardaş və dost ölkələr arasında münasibətlər bütün sahələrdə uğurla inkişaf edir və mədəni-humanitar əməkdaşlıq daha da genişlənir. Çanaqqala Zəfəri türk xalqlarının birlik və həmrəyliyinin parlaq nümunəsi olaraq gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır”.
Daha sonra Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin koordinatoru, doktor Ahmet Özkan və İstanbul Mədəniyyət Universitetinin təmsilçisi, professor doktor Alim Yılmaz çıxış ediblər. Onlar Çanaqqala döyüşlərinin tarixi əhəmiyyəti barədə geniş məlumat veriblər.
Bildirilib ki, “1915–1916-cı illərdə Osmanlı dövləti ilə ANTANTA dövlətləri arasında baş vermiş Çanaqqala döyüşləri təkcə hərbi qələbə deyil, eyni zamanda türk xalqının mübarizə ruhunun və milli iradəsinin təntənəsi kimi tarixə düşmüşdür. Çanaqqala Zəfəri türk xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin ən parlaq səhifələrindən biridir. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi gün – 18 mart Çanaqqala Şəhidlərini Anma Günü kimi qeyd olunur. Natiqlər həmçinin İstiqlal Marşının qəbulunun türk xalqının milli kimliyinin formalaşmasında mühüm rol oynadığını vurğulayaraq, Mehmet Akif Ersoyun bu əsərinin bu gün də türk dünyasında vətənpərvərlik və azadlıq ideallarının simvolu kimi böyük ehtiramla qarşılandığını bildiriblər”.
Tədbirin sonunda isə iştirakçılarla fikir mübadiləsi aparılaraq sualları cavablandırılıb.






İlk şərhi yaza bilərsiniz