BAYRAQDAR MEDİA – Elm və təhsil naziri Emin Əmrullayev Bakı, Gəncə, Sumqayıt şəhərlərində və müxtəlif bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinə yeni təyin olunmuş direktorlarla görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “nazir əvvəlcə məktəb rəhbərlərini yeni vəzifəyə təyin olunmaları münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. E.Əmrullayev bildirib ki, ETN tərəfindən müəyyən edilmiş qaydalara əsasən direktorların müsabiqə yolu ilə seçilməsində məqsəd məktəblərdə peşəkar və effektiv idarəetmənin təmin edilməsidir. O, direktorların məktəbin inkişafına cavabdeh əsas idarəedici şəxslər olduğunu, strateji idarəetmə prinsipləri əsasında fəaliyyət göstərmələrinin vacibliyini vurğulayıb. Məktəb və müəllimin cəmiyyətdəki nüfuzunun artırılmasının əhəmiyyətinə toxunan nazir, eyni zamanda, ümumi təhsilin qarşısında duran müasir çağırışları nəzərə çatdırıb. Məktəblərdə pedaqoji prosesin düzgün təşkilinin, nizam-intizam qaydalarına əməl olunmasının mühümlüyünə diqqət çəkən E.Əmrullayev ümumi təhsil müəssisələri rəhbərlərinin üzərinə düşən vəzifələri, bu baxımdan diqqət yetirilməsi vacib olan məqamları, sağlam tədris mühitinin formalaşdırılması və idarəetmə işinin təkmilləşdirilməsinə yönələn tədbirləri qeyd edib”.
Sonra xəbərdə, “nazir bildirib ki, direktorun əsas fəaliyyətləri sırasında tədrisin keyfiyyətinin yüksəldilməsi yer almalıdır. Təlim-tədris prosesinə sistemli nəzarət mexanizmi qurulmalı, dərslərin keyfiyyəti izlənilməli, dərs dinləmələri keçirilməli, öyrənmə prosesi düzgün təşkil edilməli və metodik işin yaxşılaşdırılması diqqətdə saxlanılmalıdır. Daha sonra o, məktəb rəhbərlərinin müəllimlər, şagirdlər və valideynlərlə müntəzəm kommunikasiya qurmasının əhəmiyyətini və qarşılıqlı etimada əsaslanan mühitin formalaşdırılması istiqamətində işlərin aparılmasının vacibliyini qeyd edib. Görüş məktəb direktorları ilə qarşılıqlı fikir mübadiləsi və interaktiv müzakirə şəraitində davam etdirilib və səsləndirilən məsələlərin həlli yolları müzakirə edilib, həmçinin məktəb rəhbərlərinə gələcək fəaliyyət istiqamətləri ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz