Press "Enter" to skip to content

Dədəli lövhələri – 5

Azər HƏSRƏT

Son yeniləmə: 4 Mart 2026

Müharibə yarımçıq dayansa, oğlumun qanını halal edən deyiləm!

BAYRAQDAR MEDİA – 27 sentyabr 2020-ci il çağdaş Azərbaycan tarixinin dönüş nöqtəsidir. Bütün dünya məhz həmin gün biz Azərbaycanlıların dəmir iradəsini gördü. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu ətrafında birləşən xalq dünyanın hər tərəfində heyrətlə izlənən və hərbi dərsliklərə düşən bir qəhrəmanlıq sərgilədi. Nəticə isə bu oldu ki, 30 ilə yaxın Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqları azad edildi…

Dədəli də bu müqəddəs savaşda ən ön sıralarda oldu. İlk gündən kəndimizin ən igid oğulları Ali Baş Komandanın çağırışı ilə döyüşə atıldı. Onlar ölümə meydan oxudular, öndə getdilər, canlarını Vətənə sipər etdilər…

O müqəddəs savaşda Dədəli bir şəhid verdi. O şəhidin adı da elə Müqəddəs idi…

Müqəddəs Nail oğlu Qədirov. Müddətdən artıq xidmət edirdi. Hazırlıqlı döyüşçü idi. Döyüşə deyə-gülə, arın-arxayın getmişdi…

…Oktyabrın 6-sı gecə saatlarında Bakıda idim. Evdə. Koronovirus üzündən küçəyə də çıxa bilmirdik, hamımız qapanmışdıq. Dədəlidəki üzbəüz qonşumuz Ayaz zəng etdi. Ki, Müqəddəs şəhid olub, gətirirlər…

Təbii ki, gecə ilə yola çıxa bilmədim. Səhər də Bakıdan qalxıb hələ Xaçmaza – Dədəliyə getmək asan olmayacaqdı. Amma getməyə də bilməzdim…

Necə etdim, necə getdim, bunu açıqlamıram. Əsas odur ki, yol tapdım, getdim, özümü kəndə yetirdim…

Kənd boya-boy maşınla dolu idi. Təkcə Dədəli camaatı deyil, bəlkə də bütün Xaçmaz bizim kəndə toplaşmışdı. Hətta yollarda polislər nəzarət edir, maşınları irəli buraxmırdılar. Sağ olsunlar, anladılar ki, öz evimizə gedirəm və maşını da küçədə deyil, həyətimizdə saxlayacağam, buraxdılar.

…Maşını qoyub qaçarağı Nailgilə yollandım. Üzbəüz gələn kənd xanımları bildirdi ki, şəhid artıq dəfnə aparılıb. Təəccübləndim. Saat 10 idi. Bizdə adətən dəfn saat 12-dən sonra olur…

Qaça-qaça özümü Çələbilər pirinə – qəbiristanlığa çatdıranda içəri girməyin mümkünsüz olduğunu görüb camaata qarışdım, bayırda gözlədim…

Bir müddət sonra şəhidin məğrur atası Nail əmoğlu və Xaçmazın icra başçısı Elnur Rzayev öndə olmaqla böyük bir qələbəlik bayıra çıxdı. Yaxınlaşdım, başsağlığı verdim, yanında olmağa çalışdım…

Artıq şəhid atası olan Nail əmoğlu qürurlu görünürdü. Sınmamışdı. Özünü dik tuturdu. Varı-yoxu tək oğlunu Vətənə qurban vermişdi, amma “Vətən sağ olsun” deyəcək qədər ürəkli idi…

Haşiyə: Sən demə həmin gün Xaçmaz rayonuna daha bir şəhid gəlibmiş. Ona görə də icra başçısı xahiş edib ki, şəhidlərdən birini saat 10-da, digərini də 12-də dəfn etsinlər ki, o, hər iki mərasimdə şəxsən iştirak edə bilsin…

Sonra şəhidin həyətinə gəldik. Qohum-qardaş, elə-oba şəhid ailəsinə ürək-dirək verir, onu sakitləşdirməyə çalışırdı. Dediyim kimi, özünü tox tuturdu Nail əmoğlu…

Bir az ara sakitləşəndən sonra əmoğlum mənə yaxınlaşdı. Sakit, amma sərt səslə dedi: “Oğlum şəhid oldu, əmoğlu. Vətən sağ olsun. Lazım gəlsə, mən də şəhid olmağa hazıram. Amma bu savaş son qələbəyə qədər davam etməlidir! Əgər müharibə yarımçıq dayandırılsa, mən oğlumun qanını halal edən deyiləm!”

Özümdən ixtiyarsız qayıtdım ki, “Əmoğlu, elə hesab elə ki, qarşında Ali Baş Komandan İlham Əliyevin özü dayanır. Mən onun yerinə əminliklə deyirəm: biz son qələbəyədək gedəcəyik!”

Üzümə baxdı, bir az daha toparlandı və dedi: “Ümid edirəm ki, elə də olacaq. Yoxsa, sözümüz sözdür!”

…Sonrası da bütün dünyaya bəllidir. Noyabrın 10-na keçən gecə Ermənistan dizlərini yerə atıb Azərbaycandan aman dilədi və savaş bitdi! Artıq Şuşada Azərbaycan bayrağı dalğalanırdı. Düzdür, şəhidimiz Müqəddəs Şuşanı və o günü görmədi, amma onun geridə buraxdıqları bunu gördü, toxtaqlıq tapdı. Müqəddəs və onun kimi 3 minədək şəhidin qanı hədər axmamışdı…

Qələbədən az sonra Müqəddəs üçün Nail əmoğlunun həyətində 40 mərasimi təşkil edildi. Aradan keçən 40 gün bu qədər ağır yaranı sağaltmağa yetməsə də Nail əmoğlu daha toxtaq, daha dik görünürdü. Elə biz də. Kəndimizin hər bir insanı da başını daha dik tuturdu…

Gələn gəldi, gedən getdi. Sona yenə də biz qaldıq. Qohum-qardaş, qonşular, ən yaxınlar. Bu dəfə sözə mən başladım: “Hə, əmoğlu, yadındadır da, dəfn günü demişdin ki, əgər qələbə olmasa Müqəddəsin qanını halal edən deyiləm. Qalibik, indi nə deyirsən?”

Cavab gözlənilən kimi oldu: “İndi rahatam, əmoğlu. İllərin ayıbı təmizləndi, torpaqlarımız azad edildi, qalib gəldik. Müqəddəs və onun kimi oğulların qanı bu dövlətə, bu xalqa halaldır”…

Artıq Müzəffər Ali Baş Komandan olan Prezident İlham Əliyevə sadə bir Azərbaycan ailəsinin etimadını bundan yaxşı ifadə etmək olmazdı. Ki, şəhid atası olan Nail əmoğlu qısa və aydın şəkildə örnək bir dik duruşla bunu etdi…

Dədəli Şəhidlər abidəsi
Dədəli Şəhidlər abidəsi

…Dədəli Birinci Qarabağ Savaşında da şəhidlər verib. Bizim o vaxt üçün çox kiçik olan kəndimiz həmin illərdə düz dörd şəhid vermişdi: Qürbət Zakir oğlu Mövlanov, Natiq Əzizulla oğlu Yusifov, Şeyda Ziyəddin oğlu ƏhmədovBahadur İkram oğlu Həsrətov.

Haşiyə: Bahadur məndən bir neçə yaş kiçik idi. Əsgərliyə – döyüşə çağırışla getmişdi. Hələ onda atası – İkram əmimiz sağ idi. Qarışıq dövr idi, ona görə də İkram əmi Bahadura demişdi ki, “bəlkə gedim komissarlığa, səni əsgər aparmasınlar? İt yiyəsini tanımır, normal ordu, dövlət olsaydı gedərdin. Amma belə istəməzdim gedəsən”. Bahadurun cavabı qəti olmuşdu: “Eşidəm, biləm hərbi komissarlığın ətrafında görünmüsən, bağışla məni, sən adda atamı yox sayaram!”

…Dədəlinin onlarla igid oğlu həm Birinci, həm də İkinci Qarabağ Savaşında kişi kimi vuruşdu. Kimisi şəhid oldu, kimisi qazi. Savaşlar olmasın, arzulamırıq. Amma Vətənin bizim igid oğullarımıza nə vaxtsa ehtiyacı olsa, yenə də hazırıq. Təkcə gənclərimiz deyil, elə bizim kimi nisbətən yaşlılar da.

Yeri gəlmişkən, Dədəli İkinci Dünya Savaşında da fəal iştirak edib. Kəndin ən say-seçmə oğulları o savaşa yollanıb. Mənim Əhməd əmim hətta şikəst olmasına baxmayaraq savaşa könüllü getmişdi! Böyüklərimiz danışırdı ki, hərbi komissarlığa bunun üçün düz üç dəfə müraciət edibmiş Əhməd əmim. İki dəfə geri qaytarıblar, üçüncü dəfə deyiblər, “indi ki, əl çəkmirsən, get, göndəririk səni də davaya”. Sonuncu xəbəri haradasa Mozdok tərəflərdən gəlib və ondan sonra heç bir xəbəri gəlməyib…

Hələ Məmmədəli əmimizin hekayəti bir başqadır. Onun İkinci Dünya Savaşında iştirakı və başına gələnlər haqqında “Bir əsgərin yaşantıları” adlı romanımda yazmışam, burada təkrarlamıram…

Yeri gəlmişkən, hər iki Qarabağ savaşında şəhid olmuş ümumilikdə beş Dədəli igidinin dördü bizim əmoğlulardır. Bu da təbiidir. Çünki böyük nəsilik, kəndin hər tərəfi elə bizim əmoğluların ailələridir həm də. Qürbətin anası bizim əmiqızı idi. Natiqin və Bahadurun, həmçinin Müqəddəsin atası əmoğlularımızdır. Yalnız Şeydanın bizə qohumluğu yoxdur. Onlar gəlmə ailə idilər, indi də kənddə heç kəsləri qalmayıb təəssüf ki…

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.