Dr. Yücel Karauz: Hər kəs yaxşı bilsin ki, dünyaya nümunə olan Türkiyə-Azərbaycan qardaşlığı düşmənə, düşməncəsinə edilən hücumlara qarşı da birlik nümayiş etdirmək gücündə və qətiyyətindədir
BAYRAQDAR MEDİA – “44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra imzalanmış Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu sənədə əsasən, tərəflərdən birinə qarşı edilən hərbi hücum digər tərəfə qarşı edilmiş hücum kimi qiymətləndirilir. Bəyannamə eyni zamanda hücuma məruz qalan tərəfə hərbi və siyasi dəstək göstərilməsi üçün hüquqi əsas yaradır”.
Bunu martın 5-də Naxçıvana İran ərazisindən edilən dron hücumları ilə bağlı BAYRAQDAR MEDİA-ya özəl dəyərləndirməsində Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Onun sözlərinə görə, hazırda Yaxın Şərqdə və region ətrafında cərəyan edən mürəkkəb proseslər fonunda Şuşa Bəyannaməsinin məhz bu dövr üçün imzalanmış tarixi və strateji sənəd olduğu daha aydın görünür.
Türkiyəli general qeyd edib ki, İran tərəfindən Naxçıvana, o cümlədən hava limanına və digər yaşayış məntəqələrinə dron hücumları qətiyyən qəbuledilməzdir.
O vurğulayıb ki, rəsmi Tehran tərəfindən bununla bağlı izahat verilməlidir: “Eyni zamanda İran hakimiyyəti və bu ölkədə qərarverici qüvvələr anlamalıdırlar ki, əgər bu cür hücumlar davam edərsə, Şuşa Bəyannaməsində nəzərdə tutulan müvafiq maddə qüvvəyə minəcək və tərəflər həmin öhdəliklərə uyğun şəkildə hərəkət edəcəklər”.
Dr. Yücel Karauz xatırladıb ki, bundan əvvəl İran tərəfindən Türkiyə istiqamətinə raket atılıb: “Mövcud vəziyyət göstərir ki, son günlərdə İran faktiki olaraq Şuşa Bəyannaməsinin hər iki tərəfinə qarşı təhdid xarakterli addımlar atıb. Hərçənd ki, bu hadisələrlə bağlı İrandan rəsmi təsdiq və ya geniş açıqlama hələ verilməyib. Əgər istər Türkiyəyə, istərsə də Azərbaycana qarşı bu cür hücumlar təkrarlanarsa, həmin bəndin işə düşəcəyinə heç kəsin şübhəsi olmamalıdır. Yəni Azərbaycana, yaxud Türkiyəyə təkrar hücum olarsa o zaman tərəflər Şuşa Bəyannaməsindən irəli gələn hüquqi və strateji öhdəliklərə əsaslanaraq adekvat addımlar atacaq və hücuma məruz qalan tərəfdaşının müdafiəsində yaxından iştirak edəcək”.
Türkiyəli general sonda “kimsə bizim səbrimizlə oynamasın. Hər kəs yaxşı bilsin ki, dünyaya nümunə olan Türkiyə-Azərbaycan qardaşlığı düşmənə, düşməncəsinə edilən hücumlara qarşı da birlik nümayiş etdirmək gücündə və qətiyyətindədir” deyə, bildirib.






İlk şərhi yaza bilərsiniz