Press "Enter" to skip to content

Molla rejiminin mahiyyəti dəyişmir

Naxçıvan Hava Limanı hücumdan sonra

Nadir Azəri: Naxçıvanın hədəfə alınması fars-molla rejiminin Azərbaycana qarşı xain davranışlardan əl çəkmədiyini bir daha sübut edir

BAYRAQDAR MEDİA – “Artıq bir neçə gündür ki, Yaxın Şərqdə gərginlik ən pik həddə çatıb. İranda yüksək rütbəli generalların və ali rəhbərliyin nümayəndələrinin məhv edilməsindən sonra gözlənilirdi ki, rejim heç olmasa müəyyən yumşalmaya gedəcək, islahatlara başlayacaq. Lakin təəssüf ki, hakimiyyət daxilində baş verən dəyişikliklərin, yəni Müctəba Xameneinin Ali Rəhbər seçilməsi barədə qərarın mürəkkəbi qurulmamış İran qonşularına qarşı təxribatçı və təhlükəli addımlar atmağa başlayıb”.

Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.

Onun sözlərinə görə, öncə Türkiyə, bu gün isə Azərbaycan hədəfə gəlib: “İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan Beynəlxalq Hava Limanına raket zərbələrinin endirilməsi artıq görüntülər və videolarla təsdiqlənmiş faktdır. Yayılan məlumatlardan da bəlli olur ki, hadisə nəticəsində hava limanı terminalında dağıntılar meydana gəlib. Sosial şəbəkələrdə yayılan fotolarda və videolarda terminalın daxilində tavan konstruksiyalarının zədələndiyi, şüşələrin sındığı və obyektin müxtəlif hissələrində dağıntıların olduğu açıq şəkildə görünür. Məlumatlarda hava limanı ərazisinə ən azı üç raket zərbəsi endirildiyi qeyd edilir. Bu isə fars-molla rejiminin Azərbaycana qarşı xain davranışlardan əl çəkmədiyini bir daha sübut edir”.

Ekspert bildirib ki, Azərbaycan hər zaman İrana qarşı münasibətdə ehtiyatlı və konstruktiv siyasət yürüdüb: “Məlum olduğu kimi, Azərbaycan rəsmiləri dəfələrlə bəyan edib ki, ölkəmizin ərazisi heç bir halda üçüncü dövlətlərə qarşı istifadə oluna bilməz və rəsmi Bakı regionda gərginliyin artmasının tərəfdarı deyil. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev son hadisələr fonunda İran səfirliyinə baş çəkərək, İranın ali dini liderinin öldürülməsi ilə bağlı diplomatik jest olaraq başsağlığı verdi. Lakin təəssüflər olsun ki, İranın mövcud rejiminin bizə davranışı adekvat deyil, əksinə düşmənçilik xislətinə əsaslanır. Hər halda belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf götürməsi molla rejiminin nankorluğu ilə yanaşı, həm də dinc sakinlərə və mülki infrastruktura qarşı terrordur. Terrorçu isə tez ya gec öz layiqli cəzasını alır və alacaq”.

N.Azəri deyib ki, İran Azərbaycanın müstəqillik əldə etdiyi gündən etibarən rəsmi Bakıya qarşı daim qısqanc və qeyri-səmimi mövqe nümayiş etdirib: “30 illik işğal dövründə daim Ermənistanın yanında olan İran, postmüharibə dövründə də öz xain xislətindən əl çəkməyib. Və bu gün baş verənləri də əlavə etsək, deyə bilərik ki, İranda mövcud rejim dəyişməyincə, ölkə demokratikləşməyincə İran ümumilikdə region üçün ciddi təhlükə mənbəyi olaraq qalacaq. Yəqin ki, rəsmi Tehran ənənəvi şəkildə məsuliyyətdən qaçmağa, hücum faktını inkar etməyə çalışacaq. Lakin fakt ortadadır və mülki infrastruktura dron hücumu təşkil etməklə molla rejimi həm terrorçu mahiyyətini, həm də acizlik və qorxaqlığını sərgiləmiş oldu. Hesab edirəm ki, indi söz Güney Azərbaycanın olmalıdır. Güney Azərbaycan mövcud molla rejiminə lazımi cavabı verməlidir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.