Press "Enter" to skip to content

Təhlükəli Tehran… Həssas Naxçıvan… 

Əkbər Qoşalı

BAYRAQDAR MEDİA – Geopolitik mürəkkəbliyi akademik səviyyə və səciyyədə etiraf olunmuş Güney Qafqazda təhlükəsizlik hərbi güc və ya sərhədlərin qorunması məsələsi olmaqdan daha dərin anlam daşıyır. Söhbət, dövlətlərin siyasi davranış mədəniyyəti, beynəlxalq hüquqa münasibəti və qonşuluq prinsiplərinə sadiqliyi ilə ölçülür.

Başını itirmiş fars-molla rejiminin pilotsuz uçuş aparatının Naxçıvan istiqamətində hərəkət edərək mülki infrastruktura zərbə endirməsi isə bu həssas bölgədə təhlükəli presedent yaradan hadisə olaraq yorumlanmaqdadır. Bu, sadəcə texniki və ya lokal insident olsaydı bir şəkildə üstdən keçmək də olardı; amma aydın görünür ki, bu, regionun təhlükəsizlik arxitekturasına yönəlmiş ciddi siyasi-hərbi olaydır.

Bizim Xarici İşlər və Müdafiə nazirliklərimizin verdiyi sərrast açıqlamalarda vurğulandığı kimi, Naxçıvan ərazisində mülki infrastruktura qarşı dron hücumu beynəlxalq hüququn norma və prinsiplərinə zidd addımdır.

Beynəlxalq hüquq baxımından məsələ olduqca aydındır. Dövlətlərin ərazisindən həyata keçirilən silahlı fəaliyyət həmin dövlətin məsuliyyətini doğuran faktorlardan sayılır. Bu səbəbdən İran ərazisindən buraxılmış dronun Naxçıvan istiqamətində hərəkəti və mülki obyektə zərbə endirməsi ilə bağlı məsuliyyətin İranın hərbi-siyasi strukturlarının üzərinə düşməsi barədə Azərbaycanın mövqeyi tam hüquqi məntiqə əsaslanır. Ona görə də, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının iclası ciddi dövlət reaksiyası olaraq qəbul edilməli və hər kəs bu reaksiyadan dərs çıxarmalı, özünə-sözünə çəki-düzən verməlidir.

Baş verən hadisə Azərbaycan dövlətinin reaksiyasında da özünü açıq şəkildə göstərdi. Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasının keçirilməsi insidentin dövlət təhlükəsizliyi səviyyəsində qiymətləndirildiyini göstərdi.

Dövlət başçısının çıxışında region siyasətinə dair ciddi siyasi ismarıclar səsləndirildi. Prezident İlham Əliyev haqlı olaraqvurğuladı ki, müstəqil Azərbaycan dövləti öz vətəndaşlarından başqa, eyni zamanda müxtəlif ölkələrdə yaşayan milyonlarla azərbaycanlının ümidi, dayağıdır. Bu fikir əslində daha geniş siyasi anlam daşıyır: bəli, Azərbaycan artıq regional dövlət olmaqdan daha üstün – milli məsuliyyət daşıyan güclü dövlət kimi çıxış edir.

vİran isə diplomatik ritorika ilə real siyasət arasındakı ziddiyyətlərdən belə qurtula bilmir ki bilmir.

Rəsmi bəyanatlarda qonşuluq və dostluq ritorikası səsləndirilir, amma praktiki addımlar bəzən tam fərqli istiqamətdə olur. – Tehranın son illərdəki siyasətində diqqətçəkən əsas paradokslardan biri bax budur.

Naxçıvana dron hücumu bu ziddiyyətin növbəti nümunəsidir. Belə davranış daha çox siyasi və psixoloji təzyiq vasitəsi kimi qəbul olunur. Beynəlxalq münasibətlərdə isə emosional və riskli addımlar rasional dövlət davranışı sayılmır.

Azərbaycan Respublikası – məsuliyyətli dövlət modelidir – sözümüz imzamız qədər keçərlidir. Azərbaycanın xarici siyasət doktrinası isə tam fərqli prinsiplərə əsaslanır. Rəsmi Bakı qonşuluq münasibətlərində qarşılıqlı sayğı, suverenliyə ehtiram və iç işlərinə qarışmamaq prinsipini ardıcıl şəkildə müdafiə edir.

İranın Ali dini liderinin vəfatı ilə bağlı Prezident İlham Əliyevin dərhal başsağlığı verməsi və səfirliyi ziyarət etməsi siyasi etikaya və diplomatik mədəniyyətə verilən önəmin bariz örnəyiydi.

Tehran ilə Bakı arasında münasibətləri həssas edən digər önəmli məsələ isə İranın içində – öz dədə-baba torpağında yaşayan milyonlarla azərbaycanlının hüquqi və mədəni vəziyyəti ilə bağlı müzakirələrdir.

Ana dilində təhsil imkanlarının məhdudluğu, mədəni hüquqların tam təmin olunmaması və müxtəlif hüquq yetərsizliyi ilə bağlı məsələlər uzun illərdir gərgin müzakirə mövzusu olaraq qalır.

Bax belə bir fon üzərində Naxçıvan istiqamətində baş vermiş hərbi insident təbii olaraq ictimai və siyasi reaksiyanın daha sərt olmasını şərtləndirir. Rasional siyasət alternativsizdir – Tehran bunu unutmamalıdır!

Azərbaycana qarşı yönəlmiş təzyiq siyasəti uğurlu nəticə verməyəcəkdir; əksinə, bu cür addımlar bölgədə güvən mühitini daha da zəiflədib, yeni geosiyasi risklər yaradacaqdır. Güney Qafqazın, eləcə də digər bölgələrin sabitliyi yalnız məsuliyyətli, rasional və praqmatik dövlət davranışı ilə qoruna bilər.

Naxçıvana dron zərbəsi ilə bağlı insident bir daha göstərdi ki, diplomatik açıqlamalarla real siyasi davranış arasında fərq yarandıqda bölgənin təhlükəsizlik mühiti ciddi sınaq qarşısında qalır. Bu səbəbdən Tehran tərəfindən hadisəyə tam aydınlıq gətirilməsi və belə halların təkrarlanmaması üçün konkret addımların atılması bölgənin təhlükəsizlik mühiti baxımından həyati önəm daşıyır.

Bizim sözümüz imzamız qədər keçərlidirsə, bəziləri də öz imzalarının və möhürlərinin həqiqətən keçərli olub-olmadığı barədə düşünməlidir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.