Press "Enter" to skip to content

Ulduzlararası 3I/ATLAS kometi Yupiterə ən yaxın məsafədən keçəcək

Ulduzlararası 3I/ATLAS kometi Yupiterə ən yaxın məsafədən keçəcək

BAYRAQDAR MEDİA – 16 mart tarixində 3I/ATLAS adlı ulduzlararası komet Yupiterə ən yaxın nöqtədən keçəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından daxil olub.

Xəbərdə deyilir ki, “hesablamalara əsasən, obyektin Yupiterə minimal yaxınlaşma məsafəsi təxminən 0.36 astronomik vahid, yəni, təxminən 53 milyon kilometr olacaq. Bu, kosmik miqyasda yaxın keçid sayılsa da, obyekt üçün heç bir toqquşma riski yaratmır. 3I/ATLAS Günəş sistemindən kənardan gələn və hiperbolik trayektoriya ilə hərəkət edən ulduzlararası kometdir. O, 1 iyul 2025-ci ildə ATLAS müşahidə sistemi tərəfindən aşkarlanıb və Günəş sistemindən keçərək yenidən ulduzlararası fəzaya qayıdacaq. Bu obyekt Günəş sistemindən keçdiyi təsdiqlənmiş üçüncü ulduzlararası obyektdir”.

Daha sonra xəbərdə, “alimlər üçün bu yaxınlaşmanın əsas əhəmiyyəti Yupiterin güclü cazibə sahəsinin obyektin trayektoriyasına necə təsir etdiyini izləməkdir. Mövcud hesablamalara görə, Yupiter bu kometi öz orbitində “tuta” bilməyəcək, lakin onun hərəkətində kiçik qravitasiya dəyişiklikləri yarada bilər. Obyektin Günəşə ən yaxın keçidi isə 2025-ci il oktyabrın 29-da baş verib. Həmin vaxt o, Günəşdən təxminən 1.36 AU məsafədən keçib. Alimlər qeyd edirlər ki, 3I/ATLAS kimi ulduzlararası obyektlərin müşahidəsi çox nadir hadisədir. Bu cür cisimlər başqa ulduz sistemlərində formalaşmış maddənin bir növ “elçisi” kimi qiymətləndirilir və onların öyrənilməsi kosmosun müxtəlif yerlərində planet sistemlərinin necə yarandığını daha yaxşı anlamağa imkan verir” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.