I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş yeni tədqiqat əsərinin təqdimatı keçirilib
BAYRAQDAR MEDİA – Martın 6-da Azərbaycan İstiqlal Muzeyində “Birinci Türkoloji Qurultayda ortaq əlifba, imla və ədəbi dil məsələləri” kitabının təqdimat mərasimi keçirilib. Görkəmli türkoloq alim, filologiya elmləri doktoru, Qarabağ Universiteti Elm şöbəsinin müdiri, dosent Elçin İbrahimovun müəllifi olduğu ktabın təqdimatında dövlət qurumlarının rəsmiləri, QHT rəhbərləri, elm və ictimaiyyət nümayəndələri, eləcə də media iştirakçıları yer alıblar.

Bu barədə BAYRAQDAR MEDİA-ya Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondundan (MİMTA) məlumat verilib.
Məlumata görə, Qarabağ Universitetinin Elmi Şurasının qərarı və Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun dəstəyi ilə “MİMTA Yayımları” tərəfindən nəşr olunan bu əsər 1926-cı ildə Bakıda keçirilmiş tarixi I Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunub.

Məlumatda deyilir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli bu cür təşəbbüslərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları çərçivəsində reallaşdırılan tədbirlər sırasına daxil olduğunu vurğulayıb. O, bu tədbirin məhz I Türkoloji Qurultayın sonuncu gününə təsadüf etməsinin xüsusi bir hadisə olduğunu bildirib.

MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov çıxışında kitabın zəngin məzmunundan bəhs edərək əsəri geniş oxucu kütləsinə tövsiyə edib.

Professor, Əməkdar elm xadimi Solmaz Tohidi müəllifə türkçülük ideyasının yaşadılmasına verdiyi töhfəyə görə təşəkkür edərək Qurultayın keçirildiyi dövrün mürəkkəbliyi və önəmi barədə ətraflı məlumat verib.

Azərbaycan Pedaqoji Universitetinin prorektoru Mahirə Hüseynova kitabda əhatə olunan mövzunun aktuallığından bəhs edib. O, əsərdə tarixi faktların dəqiqliklə qeyd olunmasının elmi ictimaiyyət üçün əhəmiyyətini xüsusi vurğulayıb.

Filologiya üzrə fəlsəfə doktoru, AMEA Nəsimi adına Dilçilik İnstitunun əməkdaşı İmanyar Quliyev öz çıxışında nəşrin Türkoloji qurultayın irsini öyrənmək baxımından dəyərli bir mənbə olduğunu vurğulayıb. O, qeyd edib ki, əsərdə müəllif təkcə ədəbi dil məsələləri ilə kifayətlənməyib, həm də hadisələri həmin dövrün mürəkkəb tarixi kontekstində, geniş şəkildə təhlil edib.

Filologiya elmləri doktoru Şəbnəm Həsənli “Bu gün, əslində, həm də Türkoloji qurultayın işığına yığışmışıq”, – deyə bildirib. O, bu kitabı müəllifin 15 illik gərgin elmi araşdırmalarının məhsulu kimi qiymətləndirib.

Azərbaycan mühacirət tarixinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhməd müəllifi təbrik edərək Türkoloji Qurultayın iştirakçıları ilə bağlı maraqlı faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

“MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu tədbirin keçirildiyi bu günün həm də Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin anım günü olduğunu diqqətə çatdırıb. O, məsələyə ideoloji kontekstdə yanaşaraq Qurultayın bizə miras qalan mədəni-mənəvi irs olduğunu, milli məfkurə toxumlarının məhz bu dövrdə əkildiyini vurğulayıb. Həmçinin Türkoloji Qurultayın 100 illiyi ərəfəsində Qarabağ Universiteti ilə əməkdaşlığın davamlı olacağına inamını ifadə edib.

Sonda kitabın müəllifi Elçin İbrahimov çıxış edərək əsərin ərsəyə gəlmə prosesindən danışıb. Kitabda Qurultayın bir neçə aspektdən tədqiqata cəlb olunduğunu deyib. Müəllif göstərdikləri dəstəyə görə Qarabağ Universitetinə və “MİMTA Yayımları”na minnətdarlığını bildirib.
Xatırladaq ki, tədqiqat əsəri Türk dünyasının mədəni-mənəvi bütövlüyü və ortaq yazı sistemlərinin formalaşması prosesini öyrənən hər bir şəxs üçün mühüm vəsait hesab olunur.






İlk şərhi yaza bilərsiniz