BAYRAQDAR MEDİA – Əhalinin təcili tibbi yardım xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, çağırışlara daha operativ reaksiya verilməsi və xidmətin əhatə dairəsinin artırılması və əlçatanlığı istiqamətində TƏBİB tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. Son illər ərzində təcili tibbi yardım xidmətinin daha səmərəli təşkili məqsədilə ölkənin müxtəlif bölgələrində yeni stansiya və filialların yaradılması, mövcud briqadaların sayının artırılması, eləcə də texniki təminatın gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır.
Bu barədə qurumdan məlumat verilib.
Məlumata görə, bu tədbirlərin davamı olaraq, əhali sıxlığının artdığı və təcili tibbi yardım xidmətlərinə ehtiyacın yüksəldiyi ərazilərdə yeni stansiya, filial və bölmələrin yaradılması nəzərdən keçirilir: “Belə ki, cari ilin ötən dövrü ərzində artıq 2 filial istifadəyə verilib. Artıq mart ayının əvvəlindən Qaradağ Təcili Tibbi Yardım Stansiyasının 1 saylı bölməsinin Qobu filialı fəaliyyətə başlayıb. Qeyd olunan ərazidə əvvəllər təcili tibbi yardım stansiyasının olmaması səbəbindən sakinlər çağırış verərkən operativ tibbi xidmətin göstərilməsi baxımından müəyyən çətinliklərləüzləşirdilər. Filialın istifadəyə verilməsi ilə Qobu qəsəbəsi ilə yanaşı, ətraf ərazilərdə yaşayan vətəndaşlara da təcili tibbi yardım xidmətinin əlçatanlığı təmin olunub. Üç otaqdan ibarət olan filialda 1 tibbi briqada fəaliyyət göstərir. Bölməyə 1 ədəd yeni təcili tibbi yardım avtomobili təhkim olunub”.
Məlumatda deyilir ki, eyni zamanda Sumqayıt şəhərinin Saray qəsəbəsi ərazisində də yeni təcili tibbi yardım filialı fəaliyyətə başlayıb: “Filialda 7/24 saat olmaqla növbəli rejimdə fəaliyyət göstərən 1 briqada xidmət aparır. İki otaqdan ibarət olan filial 1 ədəd təcili tibbi yardım avtomobili ilə təmin olunub. Yeni filial Saray qəsəbəsi ilə yanaşı, Ceyranbatan qəsəbəsi sakinlərinə də xidmət göstərəcək. Sözügedən filial Saray Ailə Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, bununla da Qaradağ rayonu və Sumqayıt şəhəri üzrə fəaliyyət göstərən təcili tibbi yardım stansiyalarının sayı 6-ya çatıb. Yeni stansiya və filialların fəaliyyətə başlaması həmin ərazilərdə yaşayan vətəndaşların təcili tibbi yardım xidmətlərinə çıxış imkanlarını genişləndirəcək, çağırışlara daha qısa müddətdə çatmağa şərait yaradacaq və tibbi yardımın vaxtında, keyfiyyətli şəkildə göstərilməsinə töhfə verəcək”.
Qeyd edək ki, ölkə üzrə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin stansiya və filiallarının yeni allokasiya xəritəsi də hazırlanıb.






İlk şərhi yaza bilərsiniz