Press "Enter" to skip to content

Şəhid qanıyla yoğurulan Türkiyə-Azərbaycan qardaşlığı

Senan KAZIMOĞLU

BAYRAQDAR MEDİA – Bu gün dünyanın o zamana qədər gördüyü ən böyük donanmasına qarşı qazandığımız Çanakkale Zəfərinin 111-ci ildönümünü qeyd edirik. İllərlə hər cür təhqirə və alçaldılmaya məruz qalan türkün milli ruhu Çanakkalede yenidən şahlandı. Burada həm dost, həm də düşmən türkün gücünü bir daha gördü. Bu zəfər sayəsində müharibə uzandı və Osmanlı Dövlətinə “xəstə adam” deyən Rusiya İmperiyası müharibənin sonunu görmədən tarix səhnəsindən silindi.

Bəli, bəlkə Birinci Dünya Müharibəsinin sonunda Osmanlı məğlub tərəfdə oldu; lakin sonrasında verilən istiqlal mübarizəsi və bu günə qədər davam edən prosesdə Çanakkale Zəfəri türk millətinin ən böyük mənəvi dayaq nöqtələrindən biri oldu.

Çanakkale döyüşü yalnız Türkiyə üçün deyil, Azərbaycan türklüyü üçün də böyük əhəmiyyətə malikdir. Türkiyə ilə ayrılmaz bir ruh və qardaşlığa sahib olan Azərbaycan türklüyü bir almanın iki yarısı kimidir. Bu bağlılıq tarix boyu hər dövrdə özünü göstərmişdir. Türkiyə-Azərbaycan qardaşlığının ən mühüm simvollarından biri də Qafqaz İslam Ordusudur. Bəs Çanakkale ilə Qafqaz İslam Ordusu arasında necə bir əlaqə vardır?

Düşmən baxımından Çanakkale döyüşünün məqsədlərindən biri boğazları ələ keçirərək Rusiyaya yardım çatdırmaq idi. Çünki müharibə zamanı qurudan Rusiyaya yardım etmək mümkün deyildi. Osmanlıya düşmən ittifaqda yer alan Rusiyanın hakimiyyəti altındakı Azərbaycan türklərinin qəlbi isə qardaşları Osmanlıdan yana idi. Bu səbəblə əllərindən gələn hər vasitə ilə Osmanlıya dəstək verməyə çalışırdılar.

Bu dəstək yalnız maddi yardımlarla məhdudlaşmamış, bir çox Azərbaycan türkü gizli yollarla Osmanlı torpaqlarına keçərək birbaşa cəbhədə türk ordusuyla çiyin-çiyinə vuruşmuşdur. Təkcə Çanakkale döyüşü zamanı 3 mindən çox Azərbaycan türkü şəhid olmuşdur. O şəhidlərdən biri də bakılı Həsən oğlu İbrahim idi. Cəmi 18 yaşında gənc bir igid… Qardaşının dərdinə şərik olmaq üçün Bakıdan gizlicə Osmanlı torpaqlarına gəlmiş və türk ordusunun bir əsgəri olaraq qəhrəmancasına döyüşərək şəhid olmuşdur.

Həsən oğlu İbrahimin şəhadətindən üç il sonra uğrunda canını fəda etdiyi qardaşları onun vətənini düşməndən xilas etmək üçün Bakıya doğru hərəkətə keçdilər. Tərkibində Çanakkale Zəfərinin qəhrəmanlarının da olduğu Qafqaz İslam Ordusu göstərdiyi mübarizə ilə 15 sentyabr 1918-ci ildə Bakını düşmən işğalından azad etdi. Bu döyüşdə türk ordusu bir min yüz otuzdan çox şəhid verdi. O şəhidlərdən biri də Konyalı Ömər oğlu Mustafa idi.

Üç il əvvəl bakılı Həsən oğlu İbrahimi Çanakaleyə gətirən səbəb, üç il sonra Konyalı Ömər oğlu Mustafanı Bakıya gətirmişdi. Həsən oğlu İbrahimin can verdiyi torpaqlara gələn Ömər oğlu Mustafa qardaşının yurdunda şəhid oldu. Elə buna görə deyirik ki, Azərbaycan ilə Türkiyənin qardaşlığı adi bir qardaşlıq deyil. Bu qardaşlıq şəhid qanları ilə yoğurulmuş, siyasət və şəxslərin üstündə olan, qan və könül bağına əsaslanan bir qardaşlıqdır. Allah bu qardaşlığı qiyamətə qədər ayırmasın!

Başda Çanakkale və Qafqaz İslam Ordusu şəhidləri olmaqla vətən, millət, dövlət və qardaşlıq uğrunda can verən bütün şəhidlərimizə rəhmət olsun!

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.