BAYRAQDAR MEDİA – “İRƏLİ” İctimai Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Solo Gənclik” layihəsi çərçivəsində növbəti konsert proqramı keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, aprelin 4-də Qara Qarayevin evmuzeyində gənc piano ifaçısı Aydan Yeşildağın iştirakı ilə konsert proqramı keçirilib.
Tədbirin açılışında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin elmi-kütləvi şöbəsinin müdiri Əzirə Abdullayeva və “İRƏLİ” İctimai Birliyinin baş katibi Riad Cəbrayılov çıxış edərək “Solo gənclik” layihəsinin məqsəd və vəzifələri, gənc ifaçılara dəstək və layihə çərçivəsində keçirilən tədbirlər haqqında ümumi məlumat veriblər. Riad Cəbrayılov vurğulayıb ki, bu günədək proqram xarakterli olan layihə artıq 26-cı konsertini uğurla reallaşdırır.
Tədbirin əsas hissəsində Aydan Yeşildağ Qara Qarayevin “24 prelüd” silsiləsindən 5 prelüd, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən iki hissə və “Komdenin arzuları”, Fikrət Əmirovdan 2 ekspromt, Elmira Nəzirovanın pyeslərini və Fərhad Bədəlbəylinin “İthaf” əsərlərinipianoda ifa edib.Konsertdə pianoçu ilə birgə çıxış edən violençel ifaçısı Aydan Rüstəmzadə, kamança ifaçısı Aytən Rüstəmli, qarmon ifaçısı Şəmsi Şabanov və vokalçılar Riad Ağa, Ülkər Rüstəmovanın ifalarında Niyazinin “Arzu”, Nazim Əliverdibəyovun “Elegiya”, Arif Məlikovdan 2 fraqment, Emin Sabitoğlunun “Bu gecə” və Tofiq Quliyevin “Sevgi valsı” əsərləri də qonaqlar üçün səsləndirilib.
Qeyd edək ki, təhsil aldığı illərdə beynəlxalq müsabiqələrdə uğurlu nəticələr qazanan pianoçu daha sonra Bakı Musiqi Akademiyasının bakalavr və magistr pillələrini uğurla başa vurub. Bundan əvvəl bir çox konsert proqramlarında çıxış edən ifaçı, Əməkdar artist, baş dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti altında Filarmoniyada da parlaq çıxış nümayiş etdirib.









İlk şərhi yaza bilərsiniz