Press "Enter" to skip to content

“Mən, Lalə, bir də Şerlok Holms 2” efirdə

“Mən, Lalə, bir də Şerlok Holms 2”

BAYRAQDAR MEDİA – İctimai Televiziya ilə Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü əsasında hazırlanan “Mən, Lalə, bir də Şerlok Holms” çoxseriyalı bədii televiziya filminin ikinci mövsümü ictimaiyyətə təqdim olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən şirkətin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “50 dəqiqəlik 12 seriyadan ibarət olan serial ailəvi, detektiv və komediya janrlarının sintezini əks etdirir. Nizami Kino Mərkəzinə gələn tamaşaçılar arasında ən çox sevinənlər, yəqin ki, azyaşlı izləyicilər olub. Serialın birinci mövsümünün kitabı çap edilərək təqdimata gələn izləyicilərə hədiyyə olunub. ikinci mövsümdə də hadisələr, birinci mövsümdə olduğu kimi, 11 yaşlı Muradın ətrafında cərəyan edəcək. Birinci sezon izləyicilər tərəfindən böyük maraqla qarşılandığından, təqdimat öncəsi serialın aktyorlarının ikinci mövsümlə bağlı gözləntiləri haqqında da maraqlanılıb”.

Bildirilib ki, “layihənin həm ideya, həm də ssenari müəllifi Tural Sevdimalı serialın uşaqlarda dürüstlük, məsuliyyət, böyüklərə hörmət, ətraf mühitə qayğı və ictimai davranış qaydalarının təbliğini hədəflədiyini vurğulayıb. Təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Alena Əliyeva, Prezidentin köməkçisi Anar Ələkbərov, elm və təhsil naziri Emin Əmrullayev və mədəniyyət naziri Adil Kərimli iştirak ediblər”.

Daha sonra, “serialın təqdimatı öncəsi açılış nitqi ilə çıxış edən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov bildirib ki, Azərbaycanın ilk uşaq serialı olan “Mən, Lalə, bir də Şerlok Holms”un çəkilişində əsas məqsəd uşaqların maariflənməsinə töhfə verməkdir. Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə hazırlanan serialın önəmini vurğulayan elm və təhsil naziri Emin Əmrullayev təhsilyönümlü layihələrə göstərilən diqqətin təqdirəlayiq olduğunu qeyd edib”.

Qeyd edilib ki, ““Mən, Lalə, bir də Şerlok Holms 2” serialı aprelin 19-dan etibarən İctimai Televiziya və Radio Yayımları Şirkətinin efirində tamaşaçılara təqdim olunacaq”.

Mission News Theme by Compete Themes.