Bayraqdar.info – İyunun 21-də Futbol üzrə Avropa çempionatı qrup mərhələsinin üçüncü turunun daha dörd qarşılaşması oynanılacaq.
B və C qrupunda hərəyə iki oyun oynanılacaq. C qrupundakı oyunlar saat 20:00-da, B qrupunda isə saat 23:00-da təşkil olunacaq.
Bu barədə AFFA xəbər verir.
İki turdan sonra xalı olmayan Şimali Makedoniya yığması qrup lideri (6 xal) Niderland seçməsi ilə, Ukrayna isə Avstriya millisi ilə qarşılaşacaq. Niderlandlılar ötən turdan sonra növbəti mərhələyə vəsiqəni təmin edib. “Yohan Kroyff” stadionunda keçiriləcək görüşü Türkiyəli FIFA hakimi Cüneyt Çakır idarə edəcək.
C qrupunun əsas maraq doğuran görüşü Buxarestdə “Milli Arena”da oynanılacaq. Ukrayna millisi Avstriya seçməsi ilə qarşılaşacaq. Bu görüşdə növbəti mərhələyə adlayan komandanın adına aydınlıq gələcək. Avstriyalılar bu oyunda mütləq rəqibinə qalib gəlməlidir, heç-heçə Ukrayna seçməsini pley-off mərhələsinə çıxardacaq.
Günün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq son iki görüşü B qrupunda yer alan komandalar arasında oynanılacaq. “Sankt-Peterburq Arena”da Finlandiya seçməsi artıq pley-offa vəsiqəni təmin edən Belçika yığması ilə, Kopenhagendəkı “Parken” stadionunda isə Rusiya Danimarka millisi ilə üz-üzə gələcək.
AFFA-nın təqdim etdiyi cədvələ görə, bu qrupa iki turdan sonra aktivində 6 xalı olan Belçika millisi başçılıq edir. Hərəyə 3 xalı olan Rusiya və Finlandiya seçmələri 2-ci və 3-cü yerləri bölüşürlər. Danimarka isə 0 xalla dördüncü yerdə qərarlaşıb.