Press "Enter" to skip to content

Arxeoloq alimin məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub

Son yeniləmə: 5 İyul 2021 12:58

Bayraqdar.info – AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, dosent Anar Ağalarzadənin “Azərbaycanın cənub-şərq bölgəsinin dağlıq hissəsinin İlk Tunc dövrü kurqanaltı dəfnləri” elmi məqaləsi “Qafqazın tarixi, arxeologiyası və etnoqrafiyası” beynəlxalq jurnalında nəşr edilib.

Xəbər bayraqdar.info-ya İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilib. Xəbərdə qeyd edilib ki, adıçəkilən jurnal SCOPUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemləri bazasına daxildir.

Məqalə Azərbaycanın cənub-şərq bölgəsində İlk Tunc dövrünə aid qazıntısı aparılmış kurqanların tədqiqini özündə əks etdirir. Məqalədə XX əsrin 60-cı illərində Telmankənd kurqanlarının qazıntısı zamanı dağətəyi bölgədə İlk Tunc dövrü dəfn yerlərinin tapılmasından söz açılır. Bildirilir ki, bu tapıntılar dağlıq ərazidə də bu tip dəfnlərin mövcudluğu ehtimalını artırıb.

Xəbərdə qeyd edilir ki, müəllifin rəhbərliyi altında 2018-2020-ci illər ərzində Yardımlı rayonunun yüksək dağlıq ərazisində, dəniz səviyyəsindən 2 min100 metr yüksəklikdə yerləşən Komanı yaylağında kurqanlar aşkarlanıb. Kurqanların tədqiqi zamanı İlk Tunc dövründən başlayaraq, yaylaq ərazilərin maldarlıqla məşğul olan əhali tərəfindən mənimsənilməsi faktı ortaya çıxıb. Komanı yaylağında dörd kurqanın qazıntısı zamanı maraqlı dəfn adətləri izlənilib və müxtəlif maddi mədəniyyət nümunələri aşkar edilib.

Mission News Theme by Compete Themes.