Press "Enter" to skip to content

Azərbaycan arxeoloqları Göbeklitepe abidələrində

Bayraqdar.info – 19-27 sentyabr tarixlərində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şanlıurfa şəhərində beynəlxalq təqdimat keçirilib. Tədbirin əsas məqsədi Anadolunun qədim arxeoloji mədəniyyətləri sistemində önəmli yer tutan Göbeklitepe arxeoloji abidələrinin əhəmiyyətini açıqlamaq olub. Həmçinin, məqsəd gələcək tədqiqatların beynəlxalq formatda aparılmasını nəzərdə tutan ümumi strategiyanın hazırlanması məqsədilə bir çox xarici ölkələrdən tanınmış arxeoloqları bir araya gətirmək idi.

Xəbər sentyabrın 30-da bayraqdar.info-ya AMEA Arxeologiya, Etnoqrafiya və Antropolgiya İnstitutunun İctimiayyətlə əlaqələr şöbəsindən verilib.

“Tədbir çərçivəsində UNESCO-nun mədəni irs siyahısında olan Göbeklitepe qədim inanc məbədinə və ətraf ərazilərdə yeni aşkar olunmuş eyni mədəniyyətə aid digər abidələrə qədim dövr arxeologiyası üzrə 20-dən çox ekspertin ziyarəti təşkil edilib.

“Ümumən hələlik Şanlıurfada Göbeklitepe mədəniyyətinə aid 12 arxeoloji abidə aşkar edilib. Qədim yaşayış yerlərində insanların mükəmməl formalaşmış inanc sistemini əks etdirən, daşdan olan hündür T şəkilli bütlər tapılıb. Həmin bütlər üzərində qədim insanların dünya görünüşünü əks etdirən mistik təsvirlər həkk olunub. Anadoluda son illər arxeoloji qazıntı işlərinin genişləndirilməsi nəticəsində Erkən Neolit dövrünə aid aşkar edilən qədim yaşayış yerlərinin əksəriyyətində göstərilən bütlərin tapılması 12 min il bundan əvvəl Anadolunun qədim tayfalarında dini inanc sisteminin formalaşmasını göstərir. Mərkəzçilik xüsusiyyətlərini özündə birləşdirən Göbeklitepe mədəniyyətinə aid arxeoloji abidələr əvvəlki illərdə elmi ədəbiyyatda populyar olan Mesopotamiya arxeoloji mədəniyyətlərini kölgədə qoyur. Tədqiqatçıların fikrincə, Göbeklitepe abidələrinin elmi mahiyyəti 12 min il bundan əvvəl Mesopotamiya ərazisində deyil, Şərqi Anadolunun qədim arxeoloji mədəniyyətlərinin arealında ilk Neolit cəmiyyətlərinin yaranmasını göstərir.

“23 Sentyabrda Şanlıurfanın Arxeologiya muzeyində təşkil olunmuş “Daş təpələr” mövzusunda simpoziumda Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arxeoloqlar qarşısında çıxış edərək, Göbeklitepe mədəniyyəti abidələrinin arxeoloji tədqiqatlarına ölkəsinin xüsusi önəm verməsini vurğulayıb. O, “əcdadlarımızın mirasının qorunması və təbliğ olunması işləri üçün xüsusi dövlət proqramının olduğunu” qeyd edib. Nazir həmçinin, Göbeklitepe arxeoloji abidələrinin elmi tədqiqatlarına digər ölkələrdən olan mütəxəssisləri dəvət etdiyini bildirib.

““Daş təpələr” dövlət tədbirində və simpoziumunda qədim dövrün arxeologiyası mövzusu üzrə çalışan müxtəlif ölkələrdən dəvət olunan tanınmış mütəxəssislər arasında AMEA-ının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev də yer alıb. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə azərbaycanlı alim Türkiyənin Şanlıurfa, Mardin, Diyarbakır, Gaziantep, Adana, Antep, Kahramanmaraş və Konya şəhərlərində aparılan arxeoloji qazıntı işləri ilə tanış olub. Türkiyə arxeoloqları ilə birlikdə 10 ildən çoxdur çalışan Fərhad Quliyev, gələn ildən etibarən Göbeklitepe arxeoloji abidələrinin tədqiqat işlərində iştirak üçün Azərbaycan arxeoloqlarından ibarət ekspedisiyanın fəaliyyəti ilə bağlı Göbekli mədəniyyəti arxeoloji abidələrinin tədqiqatlar üzrə ümumi rəhbəri professor Necmi Karul tərəfindən dəvət olunduğunu bildirib. Hazırda azərbaycanlı arxeoloqların Anadolunun möhtəşəm arxeoloji mədəniyyətinin öyrənilməsində iştirakının təmin olunması məqsədilə işgüzar danışıqlar aparılır”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.