Bayraqdar.info – 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olması ilə əlaqədar Prezidentin Sərəncamına əsasən cari il “Nizami Gəncəvi İli” elan edilib.
N.Gəncəvinin zəngin poetik, fəlsəfi-ictimai irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən bu ilin oktyabr ayında “İşıq festivalı. Nizami Gəncəvi” adlı audiovizual layihənin təşkili nəzərdə tutulur.
Bu barədə bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən bildirilib.
“Dahi şairin “Xəmsə”sindən müxtəlif süjetlərin xüsusi formatda canlandırılması ilə Bakı şəhərində möhtəşəm bir mənzərəyə şahidlik edəcəyik.
“Festivalın əsas məqsədi xarici ölkələrin məşhur kitabxana, muzey və arxivlərində, o cümlədən, Rusiya Milli Kitabxanası, Topqapı Saray Muzeyi Kitabxanası, Kembric Universiteti Fitzuilyam Muzeyi, Harvard İncəsənət Muzeyində qorunub saxlanılan “Xəmsə” motivli miniatürlər vasitəsilə Nizami yaradıcılığını vizual təsvirlərdə əks etdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
“3D audiovizual proyeksiya formatında baş tutacaq festival 4 gün boyunca – 14, 15, 16, 17 oktyabr tarixlərində davam edəcək. Festival müddətində N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında və Qız Qalasının üzərində “Xəmsə”nin motivləri üzrə çəkilmiş miniatürlər canlandırılacaq.
“Festival Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir.” Xəbərdə belə deyilir.