Press "Enter" to skip to content

Tarixi Yerlər və Abidələr III Beynəlxalq Ağsu Simpoziumu

Bayraqdar.info – Oktyabrın 15-də “Tarixi Yerlər və Abidələr III Beynəlxalq Ağsu Simpoziumu” öz işinə başlayıb. Simpozium Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Gürcüstan Qafqaz İrsi Tədqiqat İnstitutu, İtaliya YOCOCU Assosiasiyası və Ağsu Tədris Mərkəzinin birgə təşkilatçılığı baş tutub.

Xəbər bayraqdar.info-ya oktyabrın 16-da “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən daxil olub.

“Prof.Dr. Kamil İbrahimovun əziz xatirəsinə həsr olunan simpoziumun açılış mərasimində Xidmətin Qoruqlarla İş üzrə sektor müdiri Mahir Qəhrəmanov, Ağsu rayonu İcra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, Ağsu arxeoloji ekspedisiyasının rəisi Prof.Dr. Qafar Cəbiyev, AMEA, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu və d. əməkdaşlar iştirak ediblər.

“Tədbirdə Dövlət himni səsləndirilib, şəhidlərin və Prof.Dr. Kamil İbrahimovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“”Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Dr. Fariz Xəlilli simpozium haqqında qısa məlumat verib. O, qoruğun Ağsu elm və təhsil təşkilatlarına inteqrasiya etmək və təhsil fəaliyyətlərində yaxından iştirak etmək istədiklərini bildirib. Daha sonra simpozium iştirakçıları mərhum tarixçi alim Prof.Dr. Kamil İbrahimovun həyat və fəaliyyətindən bəhs edən filmi izləyiblər.

“Xidmətin nümayəndəsi M.Qəhrəmanov Ağsuda Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kərpic memarlığı” Respublika konfransı, “Avrasiya Arxeologiyası” beynəlxalq konfransı, Şeyx Dursun türbəsində İtaliya bərpaçıları ilə konservasiya təlimi kimi maraqlı tədbirlərin həyata keçirildiyini qeyd edib. Belə elmi tədbirlərin turist ziyarətlərinin yerli və beynəlxalq səviyyədə təmin olunmasında böyük rol oynadığını vurğulayıb”, – deyə xəbərdə bildirilir.

Həmçinin, xəbərdə o da qeyd edilir ki, Ağsu arxeoloji ekspedisiyasının rəisi Q.Cəbiyev əvvəlcə K.İbrahimov haqqinda xatirələrini bölüşüb. Sonra Ağsu arxeoloji ekspedisiyasının apardığı qazıntı işlərindən bəhs edib.

Simpozium işini 3 gün ərzində, 4 bölmə şəklində MİRAS İctimai Birliyinin Youtube, Ağsu Qoruğunun Facebook və Twitter hesablarında canlı yayım formasında davam etdirəcək. Simpoziumda Azərbaycan, Türkiyə, Rusiya, İran, Makedoniya, İtaliya və Albaniyadan olan alimlərin məruzə və posterləri təqdim olunur.

Mission News Theme by Compete Themes.