Press "Enter" to skip to content

Qazaxda xristian alban nekropolu aşkar edildi

Tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımov

Son yeniləmə: 20 Dekabr 2021 21:24

Bayraqdar.info – Məlum olduğu kimi, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Göyəzən filialı ərazisində 2021-ci ilin noyabr-dekabr aylarında “Elmi-arxeoloji qazıntılar və payız məktəbi” adlı layihə başa çatıb. Layihə barədə bayraqdar.info-ya açıqlama verən AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitututnun elmi işçisi, fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımov bildirib ki, hazırda Balakən rayonunun Tülü kəndində albanşünas arxeoloq Natiq Alışov tərəfindən aşkar edilmiş alban xristianlarının çoxtəbəqəli nekropolunda da eyni dəfn adətləri izlənilməkdədir. Lakin Tülü kilsəsi ətrafında nekropoldan fərqli olaraq Göyəzən dağının şimal-qərb ətəyində aşkar edilmiş nekropolda dəfn edilmiş xristian albanlar zəngin elitar təbəqəyə aid deyildilər. Bu ərazidə uzun müddətli alban xristian nekropolunun olması bu yerlərin xristianlıqdan öncə də sakral bir məkan kimi qiymətləndirilməsini göstərir.

“Qazıntı zamanı tapılmış yanmış ağac qalıqları qalanın inşa dövrünün nisbətən daha dəqiq müəyyən edəcək radio karbon analizləri üçün götürüldü. Qalanın ot və torpaq örtüyündən təmizlənməsinə, ərazisində daha geniş arxeoloji təqiqatların aparılmasına ciddi ehtiyac vardır.

Alban xristian nekropolu

“Qeyd edək ki, qaladan daha 200 metr yüksəklikdə tam fərqli memarlıq üsulu ilə tikililər görünməkdədir. İlkin rəyə görə, kub formalı cilalı daşlardan hörülmüş bu divarlar çox ehtimal ki, antik və ya erkən xristian dövrü sakral xarakterli ibadətgahlar və sığınacaqlar olub. Nəzərə alınmalıdır ki, bu tikililərə gedən cığırların təbii aşınması onlarda tədqiqatların aparılmasını çətinləşdirir”, – deyə alim bildirir.

P.Qasımovun sözlərinə görə, Göyəzən dağının şimal-qərb ətəyində arxeoloji tədqiqatlar şərqdən qərbə tərəf sahələri 25 (5×5) kv.metr olan üç kvadratdan ibarət qazıntı sahəsi yaradıldı. Bir saylı kvadratda nəzərə çarpacaq hər hansı bir tapıntı qeydə alınmadı. İki saylı kvadratın şərq divarının ortasında başı qərb istiqamətində olmaqla şərqə tərəf beli üzərində uzadılmış skelet aşkarlandı. Sinəsində əlləri çarpaz qoyulmuş skeletin dəfn istiqamətinə əsasən tabutsuz xristian adəti üzrə dəfnin icra edildiyini bildirmək olar:

“Üç saylı kvadratda aparılmış tədqiqatlar daha çox nəticələr verdi. Kvadrat ərazisində 12 torpaq qəbirdə insan dəfni aşkar edildi. Doqquz skeletdə əllərin sinə üzərində çiyinlərə doğru, çarpaz qoyulması, tabutun əlamətlərinin olmaması, şimal-qərbdən cənub-qərbə beli üzərində istiqamətlənmə birbaşa Qafqaz Albaniyasının orta əsrlər dəfn ənənəsini təkrar etməkdədir. Daha bir skelet biri sol çiyini üzərində lakin xristian adəti üzrə dəfn edilib. Digər skeletin sağ əli çiyinə doğru, sol əl isə, ona paralel lakin sağ çanağa doğru istiqamətlənib. Oxşar analogiyalar Azərbaycan ərazisindəki xristian alban abidələrində (Qəbələ, Ağdamdakı Gavurqala, Mingəçevir və s.) aşkar edilib. Stratiqrafik baxımdan dəfnlər alban xristianlığının müxtəlif mərhələlərini əks etdirən orta əsrlərdə icra olunub. Xüsusilə, üç saylı kvadratın cənub-qərb hissəsində digər qəbirlərdən 30-40 sm dərinlikdə daş qutu qəbirin aşkar edilməsi ərazidə ardıcıl olaraq yüzilliklər boyu Qafqaz albanlarının böyük bir xristian nekropolunun olmasını göstərir. Yaxşı cilalanmış daş qutu qəbirdə ilk orta əsrlərdə erkən alban xristianlığı üçün xas olan tərzdə dəfn (bel üzərində şimaldan qərbə istiqamətdə, lakin əllərin çarpaz qoyulmadan, böyürlər üzrə uzadılması) qeydə alındı. Dəfnlərdən tunc, mis və dəmirdən az sayda sırğalar, üzüklər, düymələr aşkar edilib”.

Göyəzən dağının ətrafında arxeoloji qazıntıya başlanılır

Arxeoloq Pərviz Qasımovun ilkin ehtimalına görə, bu ərazidə möhtəşəm alban xristian dini məbədi olub. “Daş qutuda dəfn isə daha erkən alban xristian dövrünə aid dini liderə məxsus idi. Belə ki, torpaq dəfnlərdə yaşlı, gənc və üzəri daş və ağac parçası ilə örtülmüş yeniyetmə (uşaq) qalıqları izlənilir. Mümkündür ki, biz qədim Qazax ərazisində suriyalı xristian missioneri Davidin təbliğatı ilə xristianlığı qəbul etmiş türkdilli sabir/savir ellərində xristianlığın formalaşmasının mərhələlərini göstərən mühüm abidə ilə üzləşmişik. Albanşünas arxeoloq Natiq Alışova görə, islamın gəlişi ilə Qafqaz Albaniyasının xristian mərkəzi (yepiskopluğu) məhz öz yay iqamətgahı kimi müasir Qazax ərazisini seçir. Bu isə erkən islam dövründə Qazax ərazisinin Qafqaz Albaniyasının dini-siyasi tarixində mühüm yerini göstərməkdədir.

Arxeoloq-alimin bildirdiyinə görə, aparılmış qazıntılar Qafqaz Albaniyasına aid daha bir mühüm abidənin aşkar edilməsi ilə nəticələnib. 75 kv.metr olan qazıntı sahəsinin GPS koordinatları götürülüb, geodezik cihazlarla ölçmələr aparılıb. Soyuqların düşməsi və yağıntıların çoxalması ilə əlaqədar gələcəkdə arxeoloji qazıntıların genişləndirilməsi üçün abidənin konservasiyası aparılıb. Radiokarbon tarixlənmə, izotop və arxeogenetik analizlər üçün nümunələr götürülüb.

Mission News Theme by Compete Themes.