Press "Enter" to skip to content

“Suraxanı” Gəmi-Muzeyində maraqlı bir gün – FOTO/VIDEO

"Suraxanı" Gəmi-Muzeyi

Son yeniləmə: 17 Yanvar 2022 10:50

Bayraqdar.info – Dünyada ilk gəmi-muzey olan “Suraxanı” 2021-ci il martın 1-dən fəaliyyətə başlasa da, bu maraqlı məkanı ziyarət etmək bizə 2022-ci ilin yanvarında nəsib oldu. Bakının Səbail rayonu ərazisində buxtada lövbər salmış bu Gəmi-Muzeyin qarşısındakı parkda bizi böyük gəmi pəri, lövbər və mayak kompozisiyaları qarşılayır. Azərbaycan dənizçilərinin xatirəsinə ucaldılan bu heykəltəraşlıq kompozisiyasının müəllifləri Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayev, memarı isə Əməkdar memar Elxan Əsədovdur. Heykəltəraşlıq kompozisiyası dinamik fiqurlu, dalğanı yaran gəmi pəri ilə təqdim edilib. Bu pər Xəzərdə gəmiçiliyin inkişafını simvolizə etməklə bərabər dənizçilərin enerji mənbəyi və həyatlarının ayrılmaz atributu kimi yaradılıb.

Gəmi-Muzeyin pərləri və mayak

Bilet satılan kassadan biletimizi alıb (bir nəfər üçün 5 manat) gəmiyə daxil oluruq. Kassada turun 90 dəqiqəlik olduğunu və bələdçinin bizi müşayiət edəcəyini bildirirlər.

Onu da qeyd edək ki, bu Muzey həftədə 5 gün (Çərşənbə, Cümə axşamı, Cümə, Şənbə, Bazar günü) saat 10:00-19:00 aralığında fəaliyyət göstərir. İstirahət günləri isə Bazar ertəsi və Çərşənbə axşamıdır. Muzeyin tərkibində ekskursiya müddəti 90 dəqiqə təşkil edir. Eyni zamanda ekspozisiya zalına maksimum 10 nəfərin daxil olmasına icazə verilir. Bir seansa qəbul 15 dəqiqə ərzində aparılır. Muzeyə giriş biletlərinin qiyməti 2-5 manat arasında dəyişir. Biletləri elektron qaydada da almaq mümkündür. Həmçinin, Muzeyin önündə yerləşən satış məntəqəsindən də bilet əldə etmək mümkündür. Qeyd edək ki, Gəmi-Muzey şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının ailələri üçün ödənişsizdir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) geyimində olan əməkdaş bizi qarşılayıb ziyarətə başlayacağımız zala dəvət edir. Bizimlə birlikdə digər iştirakçıları qrup halında bələdçi Nurşərəf Qənbərova müşayiət edir. Bələdçinin izahatı ilə gəmini gəzməyə başlayırıq.

İki min nəfərin təmir etdiyi Gəmi-Muzey

Birinci zalda bizi virtual kapitan və baş köməkçi qarşılayaraq heyət üzvləri və vəzifələri barədə məlumatlandırır.

“Suraxanı” Gəmi-Muzeyi

Daha sonra bələdçi N.Qənbərova gəmi haqqında ətraflı məlumat verir: “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmisi ölkəmizin dənizlə neftdaşıma tarixində mühüm rol oynayıb. Uzunluğu 123.5 metr, çəkisi isə 4 min 696 ton olan “Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən “Mühəndis A.Pustoşkin” tipli gəmilərdən biridir. Gəmiçiliyin tərkibində neft təmizləyici stansiya qismində istismar edilən “Suraxanı” tankerinin muzeyə çevrilməsi ilə bağlı qərar 2017-ci ildə verilib”.

2021-ci il martin 1-də Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyevanın iştirakı ilə Gəmi-Muzeyin açılışı olub.

Bələdçi bildirir ki, tankerin muzey kimi fəaliyyət göstərməsi üçün gəmidə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Bu məqsədlə ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodu, eləcə də “Xəzər” MMC-nin insan və texniki resursları səfərbər edilib. Gəminin gövdə və digər hissələrində təmir və yenidənqurma işlərinə ümumilikdə 2 mindən artıq yerli gəmi təmirçisi cəlb olunub.

“Suraxanı” Gəmi-Muzeyi

“Suraxanı” tankerinin muzeyə çevrilməsi üçün Böyük Britaniya, Hollandiya, Türkiyə kimi gəmiçilik ənənələri olan ölkələrin bu sahədə böyük təcrübəsindən istifadə olunub. Gəmi-Muzeyin beynəlxalq standartlara cavab verməsi məqsədilə yüzdən çox nüfuzlu xarici və yerli şirkətlə əməkdaşlıq edilib.

Bir-birindən maraqlı mayaklar, bayraqlar və naviqasiya sistemi

Muzeydə dünyaca üç məşhur dəniz mayakının modelləri ilə tanış oluruq. Naviqasiya masasında isə Xəzərdə üzən gəmilərin marşrutu, xarici kommunikasiya və naviqasiyaları ilə tanış oluruq. Naviqasiya masasının üzərində ulduzlu səma görmək mümkündür. Bu ulduzlu səma 1918-ci il 28 may Azərbaycan Xalq Cümhuriyyətinin yaranması gününə həsr edilmiş ekspozisiyadır. Belə ki, səmada ulduzların düzülüşü 28 may 1918-ci ildə o cür olub. Yəni dənizçilər Xəzər üzərindəki səmanı elə görüblər. Bunun özündə də bir simvoliklik var.

“Suraxanı” Gəmi-Muzeyi

18-ci əsrə aid olan “Deyvis Kvadrant”ı (Davis quadrant), qırmızı ağacdan və fil sümüyündən hazırlanmış naviqasiya aləti, 1800-cü ilə aid dənizçi sandığı və başqa maraqlı eksponatlar diqqətimizi cəlb edir.

Bundan əlavə Muzey-tankerdə “Yükdaşıma”, “Dəyərlərdə həmrəylik, inkişafa sadiqlik” kimi zallar, “Qarabağ Azərbaycandır!” lövhəsi və “Dənizçilər qalereyası” nümayiş olunur.

“Yükdaşıma” zalına keçirik. Burada bələdçi yük gəmilərinin təyinatı, konteyner daşınmasının xüsusiyyətləri barədə məlumat verir. Qrupdakı məktəblilər bələdçinin köməyi ilə konteynerin yükləmə-boşaltma əməliyyatını həyata keçirirlər. “Oil Wall” (Neft stendi) tətbiqində Xəzər neftinin tarixi, interaktiv oyun vasitəsilə isə neftin yüklənməsi-boşaldılması əməliyyatı müxtəlif üsullarla təqdim olunur. Burada müasir Ələt limanı, Bakı Gəmiqayırma Zavodunun maketləri də nümayiş etdirilir.

Daha sonra bələdçi bizə dünyanın ən böyük konteynerdaşıyan gəmilərindən sayılan “OOCL Hong Kong” barədə məlumat verir.

Morze əlifbası ilə “SOS” verdik

“Gəmilər və Gəmiçilik” zalında uzunluğu 5 metrə çatan “Suraxanı” gəmisinin ən xırda detallarına qədər dəqiq əks olunan modeli sərgilənir. Xüsusi interaktivdən istifadə etməklə Morze əlifbası vasitəsilə məlumat ötürmək prosesini izləyirik. Qeyd edim ki, qohumlarım arasında gəmiçilər olduğu üçün Morze əlifbası ilə tanışlığım var. Biz bu əlifba vasitəsilə digər gəmilərə “SOS” siqnalı “ötürürük”.

“Suraxanı” Gəmi-Muzeyi

Zalda siqnal bayraqları və onların funksiyasının geniş auditoriya tərəfindən rahat mənimsənilməsi üçün xüsusi “bayraq interaktivi” yaradılıb. Bələdçi bayraq zalı haqda da ətraflı məlumat verir.

“Xəzərin ruhu”

İki hissədən ibarət “Xəzərin ruhu” zalına daxil oluruq. Zalda Xəzər və bütün Xəzər regionunun milyon illər əvvəldən müasir dövrə qədərki inkişaf tarixi əks olunub. Eyni zamanda burada dünya tarixinin incisi Qobustana aid və ölkədə qədim dənizçilik ənənələrinin mövcudluğunu sübuta yetirən bir çox maraqlı eksponatlarla da tanış oluruq.

“Suraxanı” Gəmi-Muzeyi

“Dəyərlərdə həmrəylik, inkişafa sadiqlik” zalında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik şanlı və zəngin tarixinə səyahət etdik. Burada həmçinin 2-ci Dünya Müharibəsi illərində, eləcə də 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan dənizçilərinin yazdıqları qəhrəmanlıq salnaməsi yer alıb.
Tanker-muzeydə 20 Yanvar hadisələri zamanı güllə dəymiş “Nefteqaz-64” gəmisinin maketi saxlanılır.

“Suraxanı” Gəmi-Muzeyi

Muzeydə ümummilli lider Heydər Əliyevin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin inkişafına göstərdiyi misilsiz xidmətləri haqqında interaktiv kitab, Prezident İlham Əliyevin dənizçilik sahəsində həyata keçirdiyi irimiqyaslı layihələri əks etdirən infomonitor var.

“Suraxanı” Gəmi-Muzeyi

Tanker-muzeyin maraqlı ekspozisiyalarından biri də okean və dənizlərdən yığılan flora və fauna nümunələrinin sərgiləndiyi guşədir. Biz burada mərcanlar, balıqqulaqları, xərçəng və s. dəniz canlıları ilə tanış oluruq.

Virtual eynəklərlə orta əsrə səyahət

Daha sonra “Yanalma və lövbər əməliyyatları zalı”nı görmək üçün əsas göyərtədən aşağı qata düşürük. Bu zalda lövbərin və zəncir mexanizminin gəmidəki rolu, yanalmanın prinsipləri barədə məlumatlar təqdim edilir. Burada xüsusi oyun manipulyatorları vasitəsilə yanalma əməliyyatını müstəqil şəkildə yerinə yetirmək də mümkündür. Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, 5 min ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla da burada yaxından tanış oluruq. Bələdçi Nurşərəf Qənbərova gəmilərin limana yaxınlaşdığı zaman sahildə bərkidilməsi üçün xüsusi kəndirlərlə 8 formasında düyünü bağlayaraq nümayiş etdirir.

Gəmi-Muzeyin bələdçisi Nurşərəf Qənbərova və Bayraqdar.info-nun redaktoru Sevda Əskər

Zalları gəzə-gəzə maşın şöbəsinə gəlirik. Bura gəminin “ürəyi”dir desək, yanılmarıq. Gəmini hərəkətə gətirən əsas avadanlıqlar məhz maşın şöbəsində yerləşir. Burada xüsusi kresloda əyləşərək virtual eynəyi taxıb gəminin baş mühərrik, köməkçi mühərriklər, nasoslar, bir sözlə gəmini hərəkətə gətirən qurğuların və insanların illər öncəki gündəlik iş rejimini görürük.

“Suraxanı” Gəmi-Muzeyi

Kapitan körpüsü və kapitanın otağı

Muzeydə ən maraqlı sahələrdən biri kapitan körpüsüdür. Kapitan buradan dənizi və ətrafda baş verənləri, monitorlardan isə sualtı maneələri, qayalıq və digər gəmilərin hərəkət trayektoriyasını görür. Kapitanın yanında baş köməkçi dayanır. Gəmi-tankerdə onların maketlərini görürük. Daha sonra kapitanın, onun köməkçisinin və digər gəmi əməkdaşlarının otaqları ilə tanış oluruq. Kapitanın otağında qədim əşyalar, binokllar, xəritələr, dəri çanta, naviqator və digər əşyalar diqqətimizi çəkir.

“Suraxanı” Gəmi-Muzeyində kapitan körpüsü

Onu da qeyd edək ki, Muzeyin ərazisində restoran da fəaliyyət göstərir. Restoranda milli mətbəx və dəniz məhsullarından hazırlanmış təamlardan dadmaq mümkündür.

Nəhayət, foto və videolarımızı çəkib, 90 dəqiqəlik turdan doymadan Gəmi-Muzeydən ayrılırıq. Bələdçi xanıma bütün suallara ətraflı cavab verdiyinə və gözəl izahatlarına görə təşəkkür etməyi və onunla şəkil çəkdirməyi də unutmuruq.

Biz Muzeydən çıxanda artıq hava qaralmışdı və gəminin işıqları yandırılmışdı. İşıqların fonunda ayrı bir möhtəşəm gözəlliklə qarşı-qarşıya idik…

“Suraxanı” Gəmi-Muzeyi

Mission News Theme by Compete Themes.