Press "Enter" to skip to content

Naxçıvana “bir göz qırpımında” səyahət

Sərgidən xatirə fotosu

Son yeniləmə: 15 Aprel 2024 16:44

“Naxçıvan fotolarda” sərgisində nümayiş olunan fotolar insanda ilk baxışdan məhz bu təəssüratı yaradır

BAYRAQDAR MEDİA – Aprelin 15-də Bakıda, Beynəlxalq Muğam Mərkəzində “Naxçıvan fotolarda” adlı fotosərginin keçiriləcəyi haqqında məlumat vermişdik.

“Naxçıvan fotolarda” sərgisi

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və “Şərq qapısı” qəzetinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə  keçirilən mərasim haqqında bir qədər sonra ətraflı məlumat verəcəyik.

Bu gün Naxçıvan öz inkişafının yeni mərhələsinə qədəm qoyub

Hələlik isə onu qeyd edək ki, Azərbaycanın tarixi yurd yerlərindən, qədim mədəniyyət və yaşayış məskənlərindən olan Naxçıvan hazırda özünün yeni inkişaf dövrünü yaşayır. Bunu Naxçıvana səfər edən hər kəs deyir.

Sərgidən bir an
Sərgidən bir an

Hazırda bu qədim diyarda yeni canlanma, tikinti-quruculuq işləri gedir. Bütün bunlar isə məhz Prezident İlham Əliyevin diqqət və qayğısının bəhrəsidir. Dövlət başçısının 5 iyun 2023-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı da deyilənlərin əyani sübutudur.

Sara Əzimova sərgilənən fotolarla bağlı məlumat verərkən
Sara Əzimova sərgilənən fotolarla bağlı məlumat verərkən

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təsis edilməsi, bu nümayəndəliyin öz işini səmərəli qurması isə bu il yaranmasının 100-cü ildönümünü qeyd edən Naxçıvan Muxtar Respublikasında inkişafı daha da sürətləndirib.

Sərgilənən fotolar xüsusi dəqiqliklə və zövqlə seçilib

Beləliklə, bu təəssüratlar altında Bakıda “Naxçıvan fotolarda” adlı fotosərginin açılışı oldu. Bu məqamda da bir haşiyə çıxmaq istərdik.

Sərgidə ümumilkidə 62 foto nümayiş etdirildi
Sərgidə ümumilkidə 62 foto nümayiş etdirildi

Beynəlxalq Muğam Mərkəzində keçirilən fotosərgidə təqdim olunana fotolar o qədər dəqiqliklə və xüsusi zövqlə seçilmişdi ki, bu sərgiyə gələnlər sanki Naxçıvana “bir göz qırpımında” səyahət etmiş olurdular. Hər halda həmin fotolar insanda ilk baxışdan məhz bu təəssüratı yaradır.

Rəngarəng xatirələrə cığır salan fotolar

Elə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, mədəniyyət naziri Adil Kərimli, ölkənin ictimaiyyət və media nümayəndələrinin iştirak etdiyi sərginin açılış mərasimi də maraqlı məqamlarla yadda qaldı. Məsələn, Mətbuat Şurasının sədri Rəşad Məcid sərgilənən fotolardan bəzilərinin qarşısında dayanaraq, ətrafdakılara “bax bura Batabatdır, gözəl yerdir”, “Bu güllü-çiçəkli yaylaqlar da məni bir anlıq yenidən Naxçıvana apardı” və s. bu kimi xatirələrlə zəngin fikirləri dilə gətirirdi.

İsa Həbibbəyli: Baxın o dağın digər tərəfində bizim kəndimiz yerləşir
İsa Həbibbəyli: O dağın digər tərəfində bizim kəndimiz yerləşir

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli isə Rəşad Məcidə və digər iştirakçılara tanış olmayan fotoların çəkildiyi məkanlar barədə geniş bilgi verirdi. Onun mədəniyyət nazir Adil Kərimliyə bir fotonu göstərərək, “baxın, o dağın digər tərəfində bizim kəndimiz yerləşir” deməsi isə hamımızın diqqətini həmin fotoya yönəltdi.

Yubiley tədbirləri Naxçıvanla yanaşı, başqa şəhərlərdə və xarici ölkələrdə də geniş şəkildə qeyd olunur

Beləliklə, bu xoş təəssüratlarla keçid aldıq rəsmi açılış mrasiminə. Sərgi barədə qısa təqdimat edən mərasimin aparıcısı, tanınmış media təmsilçisi Lalə Azərtaş “Son dövrlər Naxçıvana tez-tez yolumuz düşür. Amma bu sərgidən sonra yenidən Naxçıvana getmək həvəsim yarandı” deyərək, sözü Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə verdi.

Lalə Azərtaş
Lalə Azərtaş

Səlahiyyətli nümayəndə öncə Prezident İlham Əliyevin 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncama əsasən əlamətdar tədbirlərin keçirildiyini diqqətə çatdırdı: “Yubiley tədbirləri Naxçıvan şəhəri ilə yanaşı, başqa şəhərlərdə, xarici ölkələrdə də geniş şəkildə qeyd olunur”.

F.Nəcəflinin sözlərinə görə, “Naxçıvan fotolarda” sərgisi mart ayında Türkiyə Cümhuriyyətinin İğdır şəhərində də keçirilib: “Aprel ayının əvvəllərində isə Türkiyənin Kayseri şəhərində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin kollektivinin iştirakı ilə muxtar respublikanın 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. İl ərzində də muxtar respublikanın yubileyi ilə bağlı bu kimi tədbirlərin keçirilməsi davam etdiriləcək”.

Fuad Nəcəfli: Dövlət Proqramı Naxçıvanın bütün istiqamətlərdə kompleks inkişafını nəzərdə tutur

Çıxışında bu gün Naxçıvanın artıq öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu qeyd edən Fuad Nəcəfli bildirdi ki, Prezident İlham Əliyevin 5 iyun 2023-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı bu mərhələnin əsas hərəkətverici qüvvəsidir: “Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Naxçıvanı yaxın gələcəkdə tamamilə yenilənmiş, iqtisadi cəhətdən kifayət qədər inkişaf edən, cəlbedici bir regiona çevirəcək. Dövlət Proqramı Naxçıvanın bütün istiqamətlərdə kompleks inkişafını nəzərdə tutur”.

Fuad Nəcəfli
Fuad Nəcəfli

“Bugünkü fotosərgi, həmçinin Naxçıvanın turizm potensialının üzə çıxarılması, daha geniş arenada tanıdılması baxımından da xüsusi əhəmiyyət kəsb edir” deyən səlahiyyətli nümayəndə bu qiyabi tanışlığın hər kəsdə xoş əhvali-ruhiyyə yaradacağına inamını ifadə etdi.

İsa Həbibbəyli: Bu Sərəncam Naxçıvan Muxtar Respublikasına dövlət səviyyəsində göstərilən diqqət və qayğının təzahürüdür

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli çıxış etdi. Akademik çıxışına “dövlət başçısının Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü ildönümü ilə bağlı tarixi Sərəncamı Naxçıvan Muxtar Respublikasına dövlət səviyyəsində göstərilən diqqət və qayğının təzahürüdür” sözləri ilə başladı.

İsa Həbibbəyli
İsa Həbibbəyli

Çıxışında Naxçıvanın taleyində Ulu Öndərin müstəsna roluna diqqət çəkən akademik qeyd etdi ki, bu gün Naxçıvan öz 100 illiyini yeni inkişaf mərhələsi ilə qarşılayır: “Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının inkişafına hər zaman böyük həssaslıqla yanaşıb, zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik bu qədim diyarın muxtariyyət tarixinin öyrənilməsinin və təbliğinin zəruriliyini mühüm vəzifə kimi qarşıya qoyub. Bu baxımdan sözügedən Sərəncam Naxçıvanın muxtariyyət tarixinin və inkişaf yolunun müstəqillik ideyaları əsasında Azərbaycançılıq mövqeyindən yenidən öyrənilməsinə mühüm stimul verir”.

Sara Əzimova: “Şərq qapısı” qəzetinin “Naxçıvan fotolarda” sərgisi muxtar respublikanın 100 illik yubileyinə töhfədir

Mərasimdə çıxış edən “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova bildirdi ki, “Şərq qapısı” qəzetinin “Naxçıvan fotolarda” sərgisi muxtar respublikanın 100 illik yubileyinə töhfədir: “Sərgidə təqdim olunan fotolar “Şərq qapısı” qəzetinin fotoqrafları tərəfindən çəkilib”.

Sara Əzimova
Sara Əzimova

Onu da qeyd edək ki, ümumilkdə 62 fotonun nümayiş olunduğu sərgi böyük maraqla qarşılandı.

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli media təmsilçiləri ilə söhbət edərkən
Səlahiyyətli nümayəndə Fuad Nəcəfli media təmsilçiləri ilə söhbət edərkən

Sərgiyə baxəşdan sonra iəs bədii hissə oldu. Tədbirin bədii hissəsinə başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların əziz xatirəsi anıldı, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbirin bədii hissəsi
Tədbirin bədii hissəsi

Sonra tədbir Beynəlxalq Muğam Mərkəzinin solistləri xanəndə Arzu Əliyeva və Sərxan Bünyadzadənin ifasında konsert proqramı ilə davam etdi.

Sərginin başqa xarici ölkələrdə də keçirilməsi nəzərdə tutulub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.